Qərb Əsədi tezliklə devirəcək
Bundan sonra İran və Rusiya Suriyanı tərk etmək məcburiyyətində qalacaq
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın əmri əsasında Amerika, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə raket zərbələri endirib. Hücum zamanı Dəməşq, Xama, Xüms, Dera və Seveyda şəhərlərində yerləşən hədəflər bombalanıb. Paytaxt Dəməşq şəhərində də bir çox mövqe zərbəyə tuş gəlib. Mezze hava limanı, 41-ci briqadanın araşdırma mərkəzi vurulan obyektlər arasındadır. Hücum zamanı ABŞ-ın "Tomahavk” tipli raketlərindən istifadə etdiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi müttəfiqlərin Suriyaya 103 raket atdıqlarını, raketlərdən 71-nin vurulduğunu açıqlayıb. Pentaqon isə atılan 105 raketin hamısının hədəfə çatdığını bildirib.
Rus raketləri niyə işə düşmədi? - ABŞ-dan açıqlama
Suriya ərazisinə zərbə zamanı Rusiyanın hava hücumundan müdafiə sistemlərinin heç bir aktivliyi müşahidə edilməyib. ABŞ Silahlı Qüvvələrinin sözçüsü Kennet Makkenzi deyib ki, hücum zamanı Moskva ilə Vaşinqton arasında heç bir razılaşma olmayıb. Amma tərəflər konfliktdən yayınmaq üçün xüsusi xətt vasitəsilə əlaqədə olublar. General Suriyanın hava hücumundan müdafiə sistemlərinin heç bir ABŞ təyyarəsi və raketini vura bilmədiyini deyib: "Suriyalılar Amerika ordusuna qarşı 40 ədəd yer-hava tipli raket buraxıb. Bu raketlər ABŞ əməliyyatlarını bitirdikdən sonra havaya buraxılıb. 105 raketdən heç biri Suriyanın havadan müdafiə sistemləri tərəfindən vurulmayıb. Hücum üçün seçilən 3 hədəfə qarşı əməliyyatlarda Qırmızı dəniz, Bəsrə körfəzi və Aralıq dənizində yerləşən ABŞ-a aid esmineslər, sualtı gəmilər və "B-1B” bombardmançı təyyarələri iştirak edib”. Makkenzi Fransaya və İngiltərəyə məxsus döyüş gəmilərinin də əməliyyatda yer aldığını əlavə edib.
Tramp Rusiya obyektlərinin hamısını məhv etmək istəyib..
ABŞ, Fransa və Britaniyanın ortaq Suriya əməliyyatının maraqlı detalı ortaya çıxıb. Əməliyyat başlamazdan əvvəl Donald Tramp generalları ilə fikir ayrılığı yaşayıb. Prezident Suriyadakı bütün Rusiya və İran obyektlərinin bombardman edilməsini istəyib. Trampın bu qərarına qarşı ABŞ-ın müdafiə naziri Ceyms Mettis etiraz edib. Mettis Ağ Evə üç əməliyyat variantı təklif edib: - Birinci varianta əsasən, Suriyadakı kimyəvi silahlara aid olan obyektlər bombardman edilməli idi. İkinci variantında daha geniş hədəflərə yer verilib. Belə ki, Mettis kimyəvi silahlara aid olan obyektlərlə bərabər, tədqiqat və hərbi komandanlıq mərkəzlərinin vurulmasını istəyib. Mettisin təqdim etdiyi üçüncü variantda isə Rusiyanın Suriyadakı hava hücumundan müdafiə sistemlərini yox etmək təklif edilib. Son variant Suriya prezidenti Bəşər Əsədin siyasi mexanizmlərinə toxunmadan onun hərbi potensialına zərbə vurmaq üçün hazırlanıb. Tramp Rusiya və İran obyektlərinə zərbə etmək üzərində israr edib. Lakin Mettis buna qarşı çıxıb. Nəticədə Tramp hibrid planı təsdiq edib.
Əsəd: "Onları 70-ci illərin raketləri ilə vurduq”
Suriya prezidenti Bəşər Əsəd ABŞ raketlərini sovet silahları ilə vurduqlarını iddia edib. Əsədlə görüşən rusiyalı deputat Sergey Jeleznyak deyib ki, Suriya lideri rus silahlarının daha üstün olduğunu söyləyib: "Əsəd bildirdi ki, Suriya ABŞ təcavüzünün qarşısını 70-ci illərə aid sovet silahları ilə alıb. 1990-cı illərdə Amerika filmlərində sovet silahlarını geridəqalmış kimi göstərirdilər, ancaq indi kimin geridə qaldığı bəlli oldu. Əsəd müdafiə gücünün olduğunu bildirir”.
"Suriyaya ediləcək hücumlara cavab veriləcək” - Rusiya XİN
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, bundan sonra Suriyaya ediləcək istənilən hücumlara cavab veriləcək. Nazir müavini qeyd edib ki, Rusiya ABŞ-ın Suriyaya qarşı yeni hücum planı olmadığını düşünür: "Düşünürük ki, ABŞ-ın yeni hücum planı yoxdur. Ancaq, belə bir hal baş verərsə, buna daha sərt cavab veriləcək”.
Rusiya desant gəmisini Suriyaya göndərdi
Rusiya Hərbi Dəniz Qüvvələrinin Orsk desant gəmisi Aralıq dənizinə göndərilib. "İnterfaks” agentliyinin məlumatına görə, gəmi Suriyanın Tartus limanına göndərilib. Gəmidə BTR-80 zirehli transportyorlarının, KAMAZ markalı yük maşınlarının, Tiqr zirehli avtomobillərinin olduğu vurğulanıb. Xatırladaq ki, bu, Orskun Suriyaya cari ildə dördüncü səfəridir.
İran və Rusiya prezidentləri Suriya problemini müzakirə ediblər
İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. Ruhani Putinlə söhbətində deyib ki, ABŞ, Fransa və Böyük Britaniyanın müxtəlif bəhanələrlə Suriyanı bombardman etməsi onu deməyə əsas verir ki, bu dövlətlər bölgədə sabitliyin bərpa olmasını istəmirlər. Putin isə bildirib ki, suveren dövlətin bombalanması beynəlxalq hüquqda özbaşınalığın yaranmasına səbəb olacaq. Onun sözlərinə görə, belə düşünülməmiş addımların atılması davam etsə, beynəlxalq hüquq normaları qəbul edilməyəcək və dünyada xaos başlanacaq. Liderlər bundan sonra da Suriyanı dəstəkləyəcəklərini bildiriblər.
"Türkiyəsiz Suriyada sülh mümkün deyil”
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib ki, müsəlman ölkələr öz aralarındakı münaqişələri özləri həll etmirlər. Bunun nəticəsində isə ziyan görən yalnızca islam ölkələri və mülki insanlar olur: "İslamdan kənar qüvvələr guya bizim problemləri həll edirlər. Məsələ onlara qaldıqda isə başımıza bomba yağdırmağa başlayırlar. ABŞ, Böyük Britaniya və Fransanın Suriyadakı hücumları bir daha göstərdi ki, bu işləri təcili və düşünülməmiş tədbirlərlə həll etmək mümkün deyil”.
Makron: "Suriyaya hücumla türkləri ruslardan ayırdıq”
Fransa prezidenti Emmanuel Makron deyib ki, Suriyaya birlikdə təşkil edilən hücum Türkiyə və Rusiya arasında fikir ayrılığına səbəb olub. Makron hücumun mükəmməl şəkildə həyata keçirildiyini və öz məqsədinə çatdığını bildirib. Fransa rəhbəri həmçinin, Donald Trampı ABŞ-ın Suriyada hərbi varlığını davam etdirməsinin zəruri olduğuna razı saldığını deyib: "10 gün əvvəl Tramp "ABŞ Suriyadan geri çəkilməlidir” deyirdi. Biz onu bu qərarından çəkindirə bildik”.
Çavuşoğludan sərt sözlər: "Prezident belə yalan danışmamalıdır”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun ABŞ və tərəfdaşlarının Suriyaya zərbələrinin Moskva və Ankaranı ayırması barədə bəyanatını populist çıxış adlandırıb. Çavuşoğlu bildirib ki, Fransa prezidentinin açıqlaması ABŞ tərəfindən də yalanlanıb: "Makron Rusiya, İran və Türkiyə prezidentlərinin Ankarada keçirilən görüşünə gəlmək istədi. Lakin üçtərəfli görüşə daxil edilməyincə, gəlməkdən imtina etdi. Bütün bunlar Dumada kimyəvi silah tətbiqindən əvvəl yaşanıb. Bir ölkənin prezidenti belə yalan danışmamalıdır”.
Kremldən Makrona cavab: Türkiyə ilə ayrılmadıq
Kreml sözçüsü Dmitri Peskov da deyib ki, Suriyaya edilən hücum Türkiyə ilə Rusiyanı ayırmayıb: "Moskva ilə Ankaranın bir sıra məsələlərdə fikir ayrılıqları yaşadıqları heç kimə sirr deyil. Ancaq bu vəziyyət fikir mübadiləsi aparmaq və mövqelərimizdəki fərqlilikləri müzakirə etməyə əngəl törətmir”.
Roma Papası Suriyada baş verənlərdən narahatdır
Roma Papası Fransisk Suriyada baş verən hadisələrlə bağlı narahatçılığını ifadə edib. "Vatican News” nəşrinin məlumatına görə, Papa mövcud vəziyyətdən çıxış yollarını axtarır: "Beynəlxalq ictimaiyyətin əlində alətlərin olmasına baxmayaraq, Suriya və dünyanın digər bölgələrində sülh naminə ümumi fəaliyyəti razılaşdırmaqda çətinliklər var. Mən dünya liderlərini yer kürəsində və regionda sülhün üstünlüyünü təmin etməyə çağırıram”.
ABŞ-ın raket zərbələri Rusiya və İranın nəbzini yoxladı
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-ın raket zərbələri Rusiya və İranın nəbzini yoxladı. Onun sözlərinə görə, bundan sonra raket zərbələri intensiv olacaq: "Bu ölkənin dağıdılması və parçalanması qaçılmazdı. Növbəti dəfə bir müsəlman dövləti xristian ölkələrinin səlib hücumuna məruz qalmaqdadır. Artıq Rusiyanın formalaşdırdığı Astana formatı demək olar ki, süqut edib. Bundan sonra Suriya üzrə həll müzakirələri ABŞ-ın istədiyi kimi BMT-nin nəzarətində Cenevrə formatında aparılacaq. Cenevrə danışıqlarına Amerika birmənalı şəkildə İranı buraxmayacaq. Tehran Suriya müzakirələrindən kənar saxlanılacaq. Uzun illərdir İran və Rusiyanın apardığı siyasi mücadilə məğlubiyyətə uğrayır. Rusiyanın Suriyada hərbi varlığı Əsədi qorumaq iqtidarında deyil. Putin Əsədə görə ABŞ-la hərbi toqquşmaya getməyəcək. Qərb Əsədi devirəcək, İran və Rusiya Suriyanı tərk edəcək”.
İsmayıl