"Qərb Rusiyanı regiondan çıxarmaq mövqeyində ciddidir" - Gürcüstandakı aksiyanın pərdəarxası





"Qərb Ermənistanı ələ keçirdiyi anda, Gürcüstanda Bidzina İvanaşvili siyasətə qayıdıb, Rusiya ilə münasibətlərin normallaşdırılmasını irəli sürdü”.

Bu barədə "Sherg.az”a Gürcüstanda baş qaldıran etirazların səbəbini izah edərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib. 

Onun fikrincə, Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşması barədə müzakirələr xalq hərəkatının başlamasına səbəb oldu:

"Etirazçıların əksəriyyəti sərbəst düşüncəli, yüngül həyat tərzinə meyl edən gənclərdir. Amma istər-istəməz Qərbin əlində vasitəyə çevriliblər.

Gürcüstan rəhbərliyi Qərbi diplomatik kanallarla Rusiya-Gürcüstan münasibətlərinin normallaşması barədə bəyanatların ritorika olduğuna inandıra bilsə, etirazlar səngiyəcək. Əks halda, Gürcüstanda etirazlar daha da inkişaf edəcək, Qərb Rusiyanı regiondan sıxışdırıb, çıxarmaq mövqeyində ciddidir. Bundan sonra, proseslərin necə inkişaf edəcəyi sual altındadır”.

Qeyd edək ki, Tbilisinin mərkəzində aksiyaların davam etdiyi parlament binasının qarşısında vəziyyət gərgin olaraq qalır. Etiraz aksiyasına cavab olaraq keçirilən aksiya iştirakçıları parlament qarşısına keçməyə çalışırlar. Rustaveli prospektinə su şırnağı texnikası daxil edilib.
Hadisə yerinə xüsusi təyinatlılar da cəlb olunub.

Aysel Aslan