
Qərbin görmədiyi həqiqətlər...
Avropada və ABŞ-da yaşananlar sıradan bir olaylar deyilNə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmürlər?

Məlim olduğu kimi, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə böyük bir məsuliyyəti üzərinə götürərək dünyaya yalnız iqtisadi qüdrətini deyil, eyni zamanda mədəni-humanitar inkişafını da göstərmək imkanı əldə etdi. Lakin ölkəmizin inkişafını gözü götürməyən bəzi xarici dairələr, ermənipərəst qüvvələr və onların daxildəki sözçüləri bu mötəbər idman yarışı ərəfəsində dövlətimizə qarşı qara piar kampaniyası təşkil etməklə məşğuldurlar. Bu piar kampaniyasının önündə gələnlər sırasında isə "Freedom House”, "Amnesty İnternational” və "Human Rights Watch” təşkilatları dayanır.
Qərəzi hər kəsə bəlli olan bu qurumlar 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi indi də I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışır. Adları çəkilən təşkilatların ermənipərəst mövqeyi və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə məlumdur. Bu təşkilatlar haqqında artıq belə bir qəti rəy formalaşıb. Onlar insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək inkişaf etməkdə olan müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur.
Bəs görəsən, Azərbaycana qarşı əsassız iddialar irəli sürən bu təşkilatlar nə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmürlər, yaxud görmək istəmirlər?! Avropa ölkələrində və ABŞ-da yaşananlar elə-belə, sıradan bir olaylar deyil. Həmin hadisələr, yüzlərlə insanın döyülməsinə və qətlinə yol açan kütləvi etirazlar, cinayətlər və iğtişaşlardır. Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələrdə demokratiyadan əsər-əlamət olmadığı halda, Qərb təşkilatları onları tənqid etmirlər. Buna səbəb isə onların ABŞ-la yaxın müttəfiq olmasıdır.
Avropada köçəri xalqlar problemi
Məlumdur ki, dünyada ilk dəfə olaraq, rasizm və nasizm Avropada baş qaldırıb. İki əsrə yaxın vaxtın keçməsinə baxmayaraq, biz bu gün də eyni tendensiyanın şahidi oluruq. Xüsusilə də, köçəri xalqlara qarşı vəziyyətin ağır olduğunu müşahidə edirik. Hazırda Avropa ölkələrində, xüsusilə də, Yunanıstanda, Çexiyada və Fransada elə bir vəziyyət yaranıb ki, burada köçəri xalqlara qarşı millətçilər tərəfindən hücumlar olduqda belə, polis müdaxilə etmir, onlarla bağlı məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq keçirilir. Bu baxımdan Almaniyada vəziyyət daha da ağırdır. Hətta diskriminasiya ilə mübarizə təşkilatının keçirdiyi rəy sorğusunun nəticəsində bəlli olub ki, almanların böyük hissəsi köçəri xalqların xüsusi yerlərə köçürülməsinin, həmçinin, deportasiyasının tərəfdarıdır.
İslamafobiya Qərbdə həyat tərzinə çevrilməkdədir
Avropa ölkələrində islam dininin daşıyıcıları da təqiblərə məruz qalırlar. Ekspertlərin fikrincə, xüsusilə, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, Avropa ölkələrinin bir çoxunda məscidlərin tikintisi dayandırılıb, hətta layihə olaraq ortadan qaldırılıb.
Bu xüsusda daha çox diqqətçəkən məqam Avropada islama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, bir müddət öncə islamafob qüvvələr tərəfindən 6 dildə fəaliyyət göstərən "qadınlar islama qarşı” saytının istifadəyə verilməsi bir daha "qoca qitə”dəki anti-islam əhval-ruhiyyəsinin göstəricisidir. Həmçinin, tez-tez Böyük Britaniyada müsəlman qadınlarına hücumların olması, Fransada və Belçikada məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması, eyni zamanda, bu ilin fevral ayında ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin yandırılması onu göstərir ki, islamafobiya qərblilərin həyat tərzinə çevrilməkdədir.
Rasizm müasir Qərbin "nailiyyətidir”
Xarici ekspertlərin fikrincə, Avropada rasizm əvvəlki illərə nəzərən daha da genişlənib. Bu faktı elə Avropa Birliyinin 27 ölkəsində məskunlaşmış azlıqlar arasında aparılmış rəy sorğusu da sübut edir. 23 min 500 nəfər insan arasında keçirilmiş sorğunun nəticəsinə görə, onların böyük əksəriyyəti son günlər ərzində rasizmin qurbanı olublar. Lakin hakimiyyət qurumlarına inamları olmadığından polis orqanlarına müraciət belə etməyiblər. Afrikadan gəlmiş miqrantlar bildirirlər ki, Avropa ölkələrində onlara qarşı zorakılıq geniş yayılıb. Son günlərdə Avropa ölkələrində diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə məruz qalırlar.
Avropada antisemitizm də baş qaldırmaqdadır
Avropa Yəhudi Konqresinin və israilli sosioloqların araşdırmalarına görə, son vaxtlar Avropada antisemitizm əhval-ruhiyyəsi yüksəlib. Belə ki, Almaniyada, İspaniyada, B.Britaniyada, Polşada, Macarıstanda, Avstriyada və Fransada aparılmış rəy sorğularının nəticələrinə əsasən demək olar ki, yəhudi əsilli iş adamlarının dünya iqtisadiyyatında yüksək rol oynaması onlara qarşı Avropada nifrətin oyanmasına gətirib çıxarır. Bu xüsusda, Fransadakı "Soxnut” İsrail Milli Agentliyinin rəhbəri David Roşun narahatlığı diqqət çəkir. O, Fransada baş verən insidentlərə diqqət çəkərək bu ölkədə antisemitizm stereotiplərinin yenidən baş qaldırmasını göstərir. Tuluzada, Elzasda və digər şəhərlərdə son müddət ərzində 55 antisemitizm faktı qeydə alınıb. Lakin Roşun sözlərinə görə, bu olaylara qədər son 20 ay ərzində hələ bir dənə də olsun belə bir fakta rast gəlinməyib. Bundan başqa, İtaliyada, İspaniyada, B.Britaniyada da antisemitizm halları müşahidə olunur.
Beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin fikrincə, açıq-aşkar görünür ki, beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət bildirirlər: "Hamı çox gözəl bilir ki, Qərbin bir sıra ölkələrində multikulturalizmdən imtina olunub. Qəbr dövlətlərində ayrı-seçkilik hiss ediləcək dərəcədə çoxdur. Amma nədənsə, beynəlxalq hüquq müdafiə təşkilatları bu məsələyə göz yumurlar”. Ə.Nuriyev əlavə edib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanda baş verən hadisələrə də Qərb dövlətləri nədənsə o dərəcədə reaksiya vermir: "Ermənistanda prezident seçkilərində namizədlərin güllələnməsi, parlamentin gülləbaran edilməsi və kütləvi aksiyalara münasibətdə sərt hərəkətlərin edilməsi, hətta insan tələfatı və s. Ancaq Qərb dövlətləri və beynəlxalq təşkilatlar bunların üstündən keçdilər, bu məsələni epizodik olaraq qeyd etdilər. Neçə illərdir Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb. Bu insanların hüquq və azadlıqlarının müdafiəsi, fundamental hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatların genişmiqyaslı rəyi varmı? Son illərdə ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında bununla bağlı hər hansı bir qeydə rast gəlinmir”. Ekspertin sözlərinə görə, sadalanan faktlar onu göstərir ki, dünyada ikili standartlar baş alıb gedir, insan hüquqları və demokratiya yalnız Qərb dövlətləri kiməsə təsir etmək istəyəndə yada düşür: "Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz. Qərbin və beynəlxalq təşkilatların ikili standartlar tətbiq etməsi, əlbəttə, məyusluq yaradır. Çox təəssüf ki, dünya budur”.
"Demokratiya fədailəri” susqunluq nümayiş etdirir
Millət vəkili Elman Məmmədov da söyləyib ki, dünya birliyi Azərbaycanın haqlı mövqeyinə, torpaqlarımızın işğal olunması faktına, Xocalıda insanlıq əleyhinə cinayətə göz yumursa, onların ölkəmizin daxili işlərinə qarışmağa nə mənəvi, nə də hüquqi baxımdan haqqı var: "Ukrayna hadisələrinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb erməni vəhşiliyinə göz yumur. Bütün bunlar bir daha göstərir ki, Qərb heç də dünyada azadlıqların yayılmasında, insan haqlarının qorunmasında deyil, sadəcə öz şəxsi maraqlarını həyata keçirməkdə israrlıdır. Bu gün Avropa ölkələrində yaşanan qeyri-insani hadisələrə susqunluq nümayiş etdirilməsi də bunu bir daha sübut edir. Harada Qərbin maraqları qorunursa, orada Qərb insan haqlarının pozulmasına da, işğalçılıq faktlarına da göz yumur. Biz orada "demokratiya fədailəri”nin susqun mövqeyinə şahidlik edirik. Azərbaycanın müstəqil siyasət yürütməsi, regionun lider dövlətinə çevrilməsi dünya güclərinin maraqlarına cavab vermir və onlar hər vəchlə ölkəmizi gözdən salmağa çalışırlar”.
İsmayıl