Qərbin şər maşını yenə işə düşüb

Azərbaycan mühüm siyasi proseslər ərəfəsində olanda təzyiq elementləri yenidən gündəmə gəlir
“Venesiya Komissiyasının referendumla bağlı rəyi tamamilə qərəzlidir”

Azərbaycan yenə də Qərbin, Avropanın sözdə demokrat, əməldə isə demokratik dəyərlərdən tamamilə uzaq olan, fəaliyyətləri yalnız şər-böhtan üzərində qurulan məlum şəbəkələrin hədəfinə çevrilib. Ənənəvi qaydada, Azərbaycan mühüm siyasi proseslər ərəfəsində olanda müşahidə edilən təzyiq elementləri yenidən gündəmə gəlib. Radikalların okeanın o tayına, Avropanın siyasi təsisatlarına, beynəlxalq təşkilat və qurumlarına göndərdiyi yalan "materiallar” əsasında Azərbaycana qarşı qərəzli rəylər hazırlanır, qətnamələr qəbul olunur.

Bu günlərdə Venesiya Komissiyasının Referendum Aktı ilə bağlı birtərəfli qaydada ilkin rəy hazırlayaraq Azərbaycan barədə həqiqəti əks etdirməyən məqamları önə çıxarması deyilənləri
təsdiqləyir. Həmin rəydə Komissiya əsassız olaraq referenduma çıxarılacaq bir sıra dəyişiklikləri antidemokratik hesab edib. Venesiya Komissiyasının sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq Referendum Aktı ilə əlaqədar olaraq qərəzli yanaşma ortaya qoyması Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Ölkə rəsmiləri, millət vəkilləri, ictimai-siyasi təşkilat rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri Komissiyanın Azərbaycana qarşı olan münasibətini qərəzli hesab ediblər. Millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycan dövləti qarşısında duran problemləri tezliklə həll edə bilir. Deputatın sözlərinə görə, iki həftə ərzində tələsik bir rəy hazırlanması siyasi sifarişdir: "Avropa Şurasına və digər beynəlxalq təşkilatlara üzv olsa da, Azərbaycan müstəqil bir dövlətdir. Daxili və xarici siyasətimizi, o cümlədən hüquqi mövqeyimizi beynəlxalq konvensiyaların ruhuna uyğun olaraq özümüz müəyyən edirik”. Millət vəkili bildirib ki, Venesiya Komissiyasının referendumla bağlı rəyi tamamilə qərəzlidir: "Konstitusiyamızda 158 maddə olduğu halda, Venesiya Komissiyasının Konstitusiyanın 159-cu maddəsinə istinad etməsi onların bu məsələyə barmaqarası baxdıqları və nə olursa-olsun, referendumla bağlı mənfi bir mövqe bildirmək cəhdi hiss edilir. Birincisi, vitse-prezidentlik institutu ilə bağlı rəydə bildirilir ki, o, seçkili deyil. Hansı ki, dünyanın heç bir yerində vitse-prezidentlik institutu seçkili olmur. Azərbaycanda vitse-prezidentlik institutu prezidentə əlavə səlahiyyətlər vermir, Nazirlər Kabinetinin səlahiyyətlərinin bir hissəsini vitse-prezidentlərə verməklə idarəçilik mexanizmini təkmilləşdirir və Azərbaycan dövləti qarşısında duran problemləri tezliklə həll edə bilir”. A.Mirzəzadə deyib ki, parlamentin buraxılması ilə bağlı Konstitusiyaya təklif edilən dəyişikliyə Venesiya Komissiyasının irad bildirməsi heç bir çərçivəyə sığmır: "Çünki burada prezidentə ancaq konkret hallarda parlamenti buraxmaq səlahiyyəti verilir. O hallarda ki, "pat vəziyyəti” yaranır və vəziyyətdən çıxış yolu kimi parlament seçkilərinin keçirilməsi göstərilir. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ABŞ və Avropa ölkələrinin konstitusiyasına edilən dəyişikliklərdən daha demokratik mexanizmə malikdir. Belə ki, onlarda konstitusiyaya dəyişikliklər parlament vasitəsi ilə edilir. Yəni hər hansı bir partiya səs çoxluğu qazanarsa, konstitusiyaya dəyişiklik edə bilir. Azərbaycanda isə konstitusiyaya dəyişiklik ancaq və ancaq referendum vasitəsilə mümkün olur və cəmiyyətin rəyinin öyrənilməsinin daha prioritet olduğu bildirilir. Digər tərəfdən, Venesiya Komissiyası, nədənsə, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı məsələlərin indiki referendumda geniş əks olunmasını nəzərdən qaçırır. Hansı ki, referendumun əsas məqsədi bir tərəfdən dövlətçiliyi möhkəmləndirməkdirsə, digər tərəfdən vətəndaşların hüquq və azadlıqlarını daha təminatlı, etibarlı etməkdir. Ancaq bu məsələlərə rəy bildirməməklə Venesiya Komissiyası Azərbaycan dövlətinin öz vətəndaşının hüququna hörmətlə yanaşdığı faktorunu kölgə altına salmış olur. Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanın milli maraqlarına, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların mahiyyətinə cavab verir”.

Milli Məclisin deputatı Fəzail Ağamalı da bildirib ki, Venesiya Komissiyası Azərbaycana qarşı ayrıseçkilik ənənəsi nümayiş etdirməkdədir: "Komissiya Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərin tamamilə yanlış izahını verməyə çalışır. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə bağlı iradların söylənilməsi olduqca yersizdir və heç bir hüquqi əsasa malik deyil. Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklik mərkəzi hakimiyyətin fəaliyyətinin çevikliyini təmin etmək məqsədi daşıyır. Lakin Venesiya Komissiyası bu yanaşmanı kənara qoyaraq bunun tamamilə yanlış formada izahını verməyə çalışır”. F.Ağamalı vurğulayıb ki, Venesiya Komissiyası tərəfindən bu rəyin verilməsi zaman etibarı ilə gecikdirilib: "Artıq referenduma sayılı günlər qalıb. Belə bir vəziyyətdə düşünərək gecikdirilən rəyin verilməsi Azərbaycana qarşı qərəzli mövqeyin forması kimi izah edilməlidir. Komissiyanın referendumun 2 ay müddətində keçirilməsi ilə bağlı iradı da yersizdir. Çünki referendum aktı dərhal Konstitusiya Məhkəməsinə təqdim edilib və Konstitusiya Məhkəməsindən rəy alındıqdan sonra ictimai rəyə təqdim olunub. Vətəndaş Cəmiyyəti təşəbbüs qrupunun bir vəkili kimi deyə bilərəm ki, indiyə qədər aparılan müzakirələr zamanı Azərbaycan xalqının referenduma ciddi marağının olmasının şahidi olmuşuq. Deputat əlavə edib ki, Venesiya Komissiyasının bu cür qərəzli mövqeyinin məqsədi odur ki, onlar güclü Azərbaycan görmək istəmirlər: "Ancaq onlar öz məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan bu cür mövqelərə baxmayaraq öz yolu ilə gedir”.

İsmayıl