Qeydiyyatdan keçən istənilən KİV orqanı yarışı izləyəcək

Birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər üçün “Media Kəndi” hazırlanıb




"Bakı 2015” Avropa Oyunlarını işıqlandırmaq istəyən "Yeni Müsavat” qəzetinin müraciətinə müsbət cavab verilməyib. Qəzetin yazdığına görə, "Yeni Müsavat” iki ay bundan öncə "Media Kəndi”ndən reportaj hazırlamaq üçün Avropa Oyunlarının təşkilat komitəsinə müraciət edib.

Lakin kəndin yerləşdiyi məkandan reportaj hazırlamağa icazə verilməyib. Onlara bunun üçün komitədən rəsmi icazə almaq, saytda qeydiyyata düşmək tövsiyə olunub. Qeydiyyatdan keçib rəsmi müraciət edən, "Yeni Müsavat”a bu şərait yaradılmayıb. Hətta qəzetin rəhbərliyi səviyyəsində əməkdaşlarımızın qarşıdan gələn oyunları izləmək üçün akkreditasiyadan keçməsi üçün təşəbbüs edilsə də, buna rədd cavabı verilib.

Birinci Avropa Olimpiya Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Azərbaycanda heç bir mətbuat orqanına "Bakı-2015”in idman qurğularında foto və videoçəkiliş etməyə məhdudiyyət yoxdur: "Bütün kütləvi informasiya vasitələrinə eyni şərtlərlə yanaşılır”.

Həmçinin BAOO ƏK-dan "Şərq”ə o da bildirilib ki, qeydiyyatından keçmiş istənilən KİV orqanı Avropa Olimpiya Oyunlarını işıqlandıra bilər: "Sadəcə prosedur qaydalarına uyğun olaraq vaxt tələb olunur.

Birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər üçün "Media Kəndi” hazırlanıb. Milli Olimpiya Komitələrinin kommunikasiya əməkdaşları ilə yanaşı, avropalı jurnalistlərin "Bakı-2015” Avropa Oyunlarına qatılması nəzərdə tutulub.

Birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər”.

Vüqar Şahinoğlu