Qəzet köşklərini işlədənlərin özləri kitab satmağın marağında olacaqlar

"Ərzaq mağazaları və digər alış-veriş yerlərində bir stend qoymağı və orada kitab satmağı təklif edirəm"



Millət vəkili Aqil Abbas Azərbaycanda qəzet köşklərində kitab satışını genişləndirməyi təklif edib. Deputat bölgələrdə kitabxanaların fəaliyyətindən narazılığını bildirib.

Onun sözlərinə görə, bəzi rayonlarda kitabxanaların sayı qənaətbəxş səviyyədə deyil: "Elə rayon mərkəzi var ki, orada 2-3 kitabxana var, eləsi də var ki, kitabxana yoxdur. Rayonlarda kitab mağazaları da azdır. Heç olmasa, qəzet köşklərində kitab satışını genişləndirmək olar. Hər rayonda ən azı 1-2 qəzet köşkü var”.

Kitaba və mütaliəyə olan marağın azaldığı təəssüf doğursa da, bununla bağlı bəzi təkliflərin verilməsi müsbət haldır. Xüsusilə, bölgələrdə kitab satışını genişləndirmək mütaliənin çoxalmasına şərait yarada bilər. Ekspertlər də yeni təklifin olduqca səmərəli olduğunu düşünürlər.

Təkliflə bağlı "Şərq”ə danışan əməkdar jurnalist Azər Həsrət qəzet köşklərində kitab satışının həyata keçirilməsini qənaətbəxş hesab edir. Ekspert bildirib ki, kitab oxuma vərdişlərinin genişlənməsi hər bir cəmiyyət üçün faydalıdır: 

"Xüsusilə də yetişməkdə olan nəslin tərbiyə olunmasında kitabın əhəmiyyəti olduqca böyükdür. Kitabların qəzet köşklərində satılmasına gəlincə isə, ümumiyyətlə, ticarətdə belə bir qayda var ki, nə qədər çox məhsul satılarsa, bu, bir o qədər faydalıdır. Ona görə də düşünürəm ki, qəzet köşkləri kitab satmağın marağında olacaqlar. Sadəcə olaraq bu işə bir yerdən başlamaq lazımdır.

Deputatın təklifinin üzərinə bir təklif də əlavə etmək istərdim. Bəzən ərzaq mağazaları və digər alış-veriş yerlərində satıcılara mağazanın qırağına bir stend qoymağı və orada kitab satmağı təklif edirəm. Hər gün mağazalara minlərlə insan gəlir. Bu zaman insanlar kitabları görürlər və onlarda maraq yarana bilər. Düzdür, bəziləri deyir ki, "kitab alan yoxdur”. 

Lakin kitab alanların sayı az deyil. Sadəcə olaraq kitabları oxucuların ayağına qədər gətirmək lazımdır. Düşünürəm ki, köşklərlə bərabər ərzaq dükanları və yaxud başqa satış mərkəzlərində mütləq kitab küncü olmalıdır. Məncə, bu yolla insanların daha çoxkitab almasına vasitəçi olarıq. Fikrimcə, digər deputatlar da bu məsələdə fəal olmalıdırlar”.

Yeganə Bayramova