“Qəzetlərin nəşrində ciddi problemlər var”

Bəhruz Quliyev: “Vəziyyət indiki kimi davam edərsə, medianın inkişafında ləngimələr yaranacaq”



Milli Məclisin tolantısında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov manatın devalvasiyasından sonra mətbuatın üzləşdiyi problemlərdən də söz açıb. Deputat qeyd edib ki, ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür:

"Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar”.

MŞ sədrinin açıqlamasına münasibət bildirən "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev "Şərq”ə söyləyib ki, faktiki olaraq mətbuat növbəti dəfə ciddi problmlərlə üzləşib: "Ulu öndərimiz Heydər Əliyevin dönəmində də mətbuat ağır duruma düşmüşdü. Lakin ümummmili lider medianın inkişafına dair tapşırıq, sərəncam və qərarlar verdi. Bu göstərişlər əsasında medianın fəaliyyəti normallaşdı və yaxşılaşdı. İndiki dövrdə də cənab İlham Əliyev mətbuatın inkişafı istiqamətində addımlar atır. Hətta bu istiqamətdə konsepsiya təsdiq olunub. Görülən işlər dövlət tərəfindən atılan addımlardır. İndiyə qədər mətbuat ƏDV-dən azad olunmuşdu. 2016-cı ilin yanvar ayından ƏDV yenidən tətbiq olunur. Bu da böyük problemlər yaradır. Ə.Amaşovun qaldırdığı məsələ ciddi problemdir”.

Baş yazar hesab edir ki, vəziyyət indiki kimi davam edərsə, medianın inkişafında ləngimələr yaranacaq: "Manatın devalvasiyasından sonra kağızın qiymətinin bahalaşması, eyni zamanda çap xərclərinin artması qəzetlərin nəşrində ciddi problemlərə yol açıb. Əlbəttə, bu ümumən qəzetlərin problemidir. Əminəm ki, mətbuatın qaldırdığı məsələyə cənab Prezident baxacaq və mətbuat əvvəlki kimi sadələşdirilmiş vergi sisteminə keçəcək. ƏDV ləğv olunacaq, sadələşmiş vergi ödəniləcək”.

B.Quliyevin qənaətincə, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fonduna (KİVDF) ayrılan maliyyə artırılmalıdır: "Əks halda, mətbuatın durumu heç də ürəkaçan olmayacaq. Qəzetlər köhnə qiymətlərlə satılır. Qiymətlərinin qaldırılması belə mətbuatın nəşrində dönüş yarada bilməz. Bunun özü də çətin prosesdir. Düşünürəm ki, cənab Prezidentə müraciət etmək lazımdır ki, mətbuat ƏDV-dən azad olunsun”.

Ayyət Əhməd