QHT-lərin mətbuatla əməkdaşlığı vacibdir

Elşad Məmmədli: “Bəzi işləri təbii ki, medianın dəstəyi olmadan uğurla həyata keçirmək mümkün deyil”
Səbinə Əvəzqızı: “Mən QHT-lərdə çalışan yaxın dostlara da həmişə bunu deyirəm ki, sizin işlərinizin xəbər əhəmiyyəti olmalıdır”

Elçin Bayramlı:"Media nümayəndələri QHT-lərin təkcə tədbirlərində deyil, real işlərində də iştirak etməlidir”

Murad Əliyev:"Mediasız vətəndaş cəmiyyətini nə təsəvvür etmək, nə də vətəndaş cəmiyyətinin
qurulmasında ciddi uğur qazanmaq olar”

Ölkəmizdə demokratik, azad mətbuatın, söz və fikir, məlumat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülür. Müstəqil mətbuat orqanları cəmiyyətdə azərbaycançılığın, milli-mənəvi dəyərlərin, dövlətçilik ideyalarının təbliğində, Azərbaycan vətəndaşlarında vətənpərvərlik, tolerantlıq hisslərinin formalaşmasında həlledici rol oynayır, demokratik-milli dəyərlərin və plüralizmin təşəkkülünə təsir göstərir. İqtidar Azərbaycanda hüquqi dövlətin, vətəndaş cəmiyyətinin formalaşmasını, milli birliyin, dövlətçilik şüurunun və psixologiyasının möhkəmlənməsini siyasi mətbuat vasitəsilə təmin edir.

Azad mətbuat orqanları vasitəsilə obyektivliyə və reallığa əsaslanan həqiqətlər, dövlətin sosial-siyasi, iqtisadi, mənəvi-mədəni siyasəti, plüralist siyasi informasiya cəmiyyətə və xalqa çatdırılır. Azərbaycan KİV-də dövlətçilik və milli tariximizin, din, dil, mədəniyyət məsələləri, bu gün xaricdə və ölkəmizdə baş verən proseslər, xarici və daxili siyasətimizin əsas istiqamətləri, Qarabağ münaqişəsilə bağlı informasiyalar obyektiv təhlil edilir və xalqın mənəvi sərvətinə çevrilir.

Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Bu gün də vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır. Sözsüz ki, dünyada mövcud olan hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir.

Bunlarsız hansısa ciddi uğura imza atmaq, dayanıqlı inkişafa nail olmaq və bundan çıxış edərək cəmiyyətə fayda vermək mümkünsüzdür. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq, demək olar ki, qeyri-mümkündür. Mədəni, milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması, onun inkişaf etdirilməsi və bütün bunların gələcək nəsillərə çatdırılması vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Xüsusən azərbaycançılıq ideologiyasının zamanın tələblərinə cavab verəcək səviyyədə QHT-lərin timsalında təbliğ olunması vacib məsələlərdən biridir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda ölkədə demokratiyanın əsas göstəricilərindən biri hesab olunur. Bu sahənin formalaşması və inkişafında qanunvericiliklə yanaşı, mühüm və təsirli amillərdən biri də mediadır. Dördüncü hakimiyyət qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı, ölkənin demokratikləşməsində də mühüm rolu var. Bu baxımdan hüquqi dövlətdə bir sıra ortaq tərəflərilə çıxış edən vətəndaş cəmiyyəti qurumları və medianın sıx əməkdaşlığı var. Əhəmiyyətini nəzərə alaraq vətəndaş cəmiyyətinin inkişafında medianın roluyla bağlı araşdırma aparmağı qərara aldıq.
Görəsən, əslində QHT-lərin ictimai əlaqələrinin genişləndirilməsində medianın rolu hansı səviyyədədir?

Ümumiyyətlə, QHT-KİV arasında əlaqələr necə qurulmalıdır?

"Şərq”ə açıqlamasında QHT-lərin mətbuatla əməkdaşlığının olduqca vacib məsələ olduğunu deyən "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının missiyası vətəndaş cəmiyyətinin problemlərinin həllinə çalışmaq, maarifləndirmə işləri aparmaqdır: 

"Bu işləri də təbii ki, medianın dəstəyi olmadan uğurla həyata keçirmək mümkün deyil. Son illərdə bir sıra aktiv QHT-lər media ilə sıx təmaslara maraq göstərirlər, əlaqələr qururlar. Amma vəziyyət hələlik arzuolunan səviyyədə deyil. Çünki bir çox QHT-lər sanki donorlara, yaxud da başqa bir soruşan olanda "mən getdim filan rayonda tədbir keçirdim, bu da şəkilləri” tipində şablon hesabatlar verirlər. Halbuki bu işləri daha geniş auditoriyanın duyması, xəbər tutması üçün media ilə əməkdaşlıq olduqca mühümdür. Ona görə də QHT-lər bunda maraqlı olmalıdır. Eyni zamanda media da sağlam, gerçəkdən cəmiyyət üçün faydalı işlər görən, aktivlik göstərən QHT-lərin təbliğat materiallarını qısa xəbər şəklində olsa da, dərc etməyə çalışmalıdırlar”.

Azərbaycanda Vətəndaş Cəmiyyəti anlayışının müstəqillik illərindən bəri formalaşmağa başladığını deyən "Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı hesab edir ki, bu institutla medianı müqayisə edəsi olsaq, ikincinin təcrübəsi daha çoxdur. 

Buna görə də media daha aparıcıdır və QHT-lər özləri maraqlı olmalıdır ki, KİV-lə münasibətlərini normal şəkildə və doğru şərtlərlə qursunlar: "Dövlətini və demokratik prinsipləri sevən bir vətəndaş kimi təbii ki, bizlər istəyirik ki, Azərbaycanda Vətəndaş Cəmiyyəti çox inkişaf etmiş olsun, insanlarımız məmurlarla çözə bilmədiyi problemlərini, heç olmasa, QHT-lər vasitəsilə həll edə bilsinlər, daha çox maariflənsinlər, hüquqlarını öyrənsinlər və s. Lakin media borclu deyil ki, istənilən QHT-nin hər hansı darıxdırıcı tədbirini işıqlandırsın. Mən QHT-lərdə çalışan yaxın dostlara da həmişə bunu deyirəm ki, sizin işlərinizin xəbər əhəmiyyəti olmalıdır, insanlar buna xüsusi diqqət yetirməlidir. Belə olduğu halda media sevərək bu xəbəri yaymağa maraqlı olur”.

Hansısa QHT-nin qrant almaq niyyətinə darıxdırıcı bir tədbir keçirdiyini və Dövlət Statistika Komitəsindən götürdüyü rəqəmlərlə press-relizlər yaydığını vurğulayan Səbinə xanım bir media nümayəndəsi olaraq sual verir - mən bu məlumatı niyə yaymalıyam ki? Qoy zəhmət çəkib özəl işlərini ortaya qoysunlar, həqiqətən də cəmiyyətin xeyrinə çalışsınlar və ortaya elə bir nəticə çıxarsınlar ki, biz də bu məlumatları yaymaqda maraqlı olaq: "Deyim ki, belə qurumlar da var bizdə. Bir neçə QHT var ki, onlardan e-mail alanda, ya hansısa tədbirə dəvət olanda bilirik ki, oradan əliboş qayıtmayacağıq. Bir neçə xəbərimiz olacaq. Lakin elə təşkilatlar var ki, onlardan gələn xəbəri açıb oxumağa belə dəymir. Bunları ona görə izah etdim ki, əgər münasibətlər arasında çatışmazlıq varsa, bu daha çox QHT-lərin günahıdır. Bir daha deyirəm, xəbər əhəmiyyəti olan və oxucunun diqqətini çəkə biləcək hər hansı bir məsələni KİV sevə-sevə yayar və həmin təşkilatı cəmiyyətə doğrudan təqdim edər”.

Bir çox QHT-lərin media nümayəndələri üçün müsabiqə elan etməsini təqdirəlayiq hal kimi dəyərləndirən Lent.az-ın redaktoru hesab edir ki, bunun özü də münasibətlərin yaxşılaşdırılmasında çox yaxşı addımdır: 

"Təbii ki, proseslər daha ədalətli şərtlərlə həyata keçərsə. Hesab edirəm ki, gələcəkdə bu cür problemlər olmayacaq. Çünki qondarma QHT-lər də, media qurumları da sıradan çıxacaq. Yerdə qalan sağlam qurumlar və KİV arasında da sağlam münasibətlər qurulacaq”.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə media ilə QHT-lərin yeganə əlaqəsi press-relizlərin verilməsidir. E.Bayramlının sözlərinə görə, QHT-lər sosial və humanitar əhəmiyyətli layihələr edəndə mətbuat bundan gəlir güdməməli, onların həyata keçirdiyi layihəni təbliğ etməlidir. Həm də nəzarətdə saxlamalı və çatışmazlıq olanda tənqid etməlidir: 

"Təəssüf ki, bunu çox az hallarda görürük. Mənim fikrimcə, media nümayəndələri QHT-lərin təkcə tədbirlərində deyil, real işlərində də iştirak etməlidir. Misal üçün, ağac əkilirsə, mətbuat da orada olmalı, bunu işıqlandırmalıdır. Xərclənən vəsaiti tutuşdurmalı və bu istiqamətdə araşdırma aparmalıdır. Bu həm də dövlət və qeyri-dövlət donor fondlarının nəzarət imkanlarını genişləndirər, QHT-ləri məsuliyyətli olmağa və düzgün işləməyə sövq edər”.

Vətəndaş cəmiyyəti ilə medianın 2 əsas ictimai institut olduğunu vurğulayan E.Bayramlı deyib ki, bunların hər ikisi milli maraq və mənafelərimizi əsas tutmalıdırlar: 

"Azərbaycançılıq ideologiyasını dəstəkləməli, sosial və humanitar layihələrlə xalqa xidmət etməlidirlər. Tədbir keçirməklə heç bir problem həll olmur”.

"Report”.az informasiya agentliyinin baş redaktoru Murad Əliyev isə qeyd edib ki, mediasız vətəndaş cəmiyyətini nə təsəvvür etmək, nə də vətəndaş cəmiyyətinin qurulmasında ciddi uğur qazanmaq olar. Onun sözlərinə görə, media həm də vətəndaş cəmiyyətinin əsas atributlarından biridir: 

"Ona görə də vətəndaş cəmiyyətinin qurucuları olan qeyri-hökumət təşkilatlarının əsas tərəfdaşı kimi mətbuat çıxış edir. Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, KİV ilə QHT əlaqələrinin yüksək səviyyədə olduğu dövlətlərdə demokratik dəyərlərə də ciddi riayət olunur. QHT-lər müxtəlif sahələrdə araşdırmalar aparır, layihələr həyata keçirir. Təbii ki, görülən işlərdən cəmiyyətin digər üzvlərinin də xəbərdar olması üçün QHT və KİV əməkdaşlığı olmalıdır. Bəzən görürsən ki, QHT-lər mətbuatdan gileylənir, onların tədbirlərini, həyata keçirdiyi layihələrin işıqlandırılmadığını deyirlər. Hesab edirəm ki, QHT-lər ilk növbədə həyata keçirdiyi layihənin piarını qurmağı öyrənməlidir. Onlar yaydığı məlumatlarda informasiya yükü olmalıdır, medianı maraqlandıracaq mövzu olmalıdır”.

Davamı olacaq...
Şəymən