Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib

Argentinalı mütəxəssis Xavyer Maskerano ABŞ-nin futbol klubu "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən ayrıldığını elan edib.

"Report" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Maskerano istefasına səbəb kimi şəxsi xarakterli halları göstərib.

"Hər şeydən əvvəl, mənə göstərilən etimada görə kluba, birgə işə görə təşkilatın bütün əməkdaşlarına, xüsusən birlikdə həqiqətən unudulmaz anlar yaşadığımız futbolçulara təşəkkürümü bildirmək istəyirəm", - Maskerano vurğulayıb və azarkeşlərə xüsusi təşəkkür edib:

"Onların dəstəyi olmadan əldə edilənlərin heç biri reallığa çevrilməzdi. İlk ulduzumuzun xatirəsi əbədi olaraq mənimlə qalacaq və dünyanın hansı nöqtəsində olmağımdan asılı olmayaraq, kluba səmimi qəlbdən ən yaxşı şeyləri arzulayacağam. "İnter Mayami"nin yeni qələbələrə doğru öz yolunu davam etdirəcəyinə heç bir şübhəm yoxdur. Hər kəsə böyük salamlarımı göndərir və hər şeyə görə təşəkkür edirəm".

Maskeranonun 41 yaşı tamam olub, o, 2024-cü ilin noyabrından "İnter Mayami"yə rəhbərlik edirdi. Buna qədər argentinalı öz ölkəsinin olimpiya və gənclər yığmalarını çalışdırıb. Onun rəhbərliyi altında Amerika klubu tarixində ilk dəfə olaraq Baş Futbol Liqasının (MLS) çempionu titulunu qazanıb.