“Qırğızıstan və Qazaxıstan çətinliyi kompensasiya yolu ilə aradan qaldırdı”

Oqtay Haqverdiyev: “Məsələn, itki 100 manatdırsa, onun 33 manatını müştəri, 33 manatını bank və 34 isə dövlət büdcədən ödəməlidir”



Qırğızıstan hökuməti dollarla kredit alanlara böyük güzəşt edib. 40 min dollaradək kredit götürənlərə kompensasiya verilməsi barədə mühüm qərar qəbul edilib. Bununla da, ipoteka sahibləri indiki kursla deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödəniş edəcəklər.

İllik büdcəsi 1.3 milyard dollar olan Qırğızıstanda belə bir qərarın qəbul edilməsi, ölkəmizdə həm maraqla qarşılanıb, həm də geniş müzakirələrə səbəb olub. Qırğızıstandan dəfələrlə büdcəsi yüksək olan Azərbaycanda buna oxşar qərarın qəbul edilməsi ilə bağlı sosial şəbəkələr və mətbuatda təkliflər səsləndirilir. İqtisadçı ekspertlər hesab edirlər ki, dollarla kredit götürən vətəndaşlarımız üçün güzəştlərin edilməsi çox vacibdir. O da qeyd olunur ki, belə bir qərar qəbul edilsə, dövlət büdcəsinə ciddi təsiri olmaz. Tanınmış iqtisadçı Oqtay Haqverdiyev də "Şərq”ə açıqlamasında qeyd etdi ki, bizim hökumət digər ölkələrdən fərqli olaraq dollarla kredit məsələsini həll etmək fikrində deyil: "Müxtəlif çıxış yolları var. Qazaxıstan və Qırğızıstan çətinliyi kompensasiya yolu ilə aradan qaldırdı. Bizdə isə maliyyə çətinlikləri olduğu üçün başqa variantı seçə bilərdik. Yəni borcun qaytarılmasının müddətini 5-10 il uzada bilərdik. Eyni zamanda faizləri götürüb əsas borcun qaytarılmasını gündəmə gətirə bilərdik. Hansısa bir güzəşt olmalı idi. Ziyanı təkcə xalqın üzərinə atmaq ədalətli addım deyil. Axı bu adam krediti dolların ucuz vaxtı götürüb. Dövlət bunu düşünməlidir”. Ekspert qeyd edib ki, dollar kreditlərinə dair yazılı təklif də verib: "Bu məsələdə, nəinki dollar, elə manatla kredit götürənləri də nəzərə almaq lazımdır. Çünki bahalaşma hökm sürür. Manatın dəyəri düşüb. İlk növbəti bu itki 3 yerə bölünməlidir. Məsələn, itki 100 manatdırsa, onun 33 manatını müştəri, 33 manatını bank və 34 isə dövlət büdcədən ödəməlidir. Məsələnin həlli yolları çoxdur. Dövlət qiymətli kağızlar buraxır. Ondan gələn gəlirlərlə və manatın ikinci devalvasiyasından qazanılan 4 milyard manatla bu işləri bağlamaq olardı. Maraq və icra olmalıdır”.

Ayyət Əhməd