Qızarır, qaşınır, su axır...

Göz allergiyasına daha çox oğlan uşaqlarında rast gəlinir
“Vaxtında müalicə ilə qarşısı alınmasa, Keratakonus xəstəliyinə keçmə ehtimalı artır”



Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Xüsusilə yazın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq şəkildə büruzə verir. O, gözün ağ hissəsinin və göz qapağının qızarması ilə ortaya çıxır. Gözlərin qaşınması, sulanması görüntünün bulanıq olması, gözlərdə yanma hissi, göz qapaqlarının şişməsi və işığa həssaslıq da əsas əlamətlər sırasına daxildir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva gözlərin zədələnməsi ilə gedən allergik xəstəliklərin sayının artmasında nəzərəçarpacaq dərəcədə artım olduğunu qeyd edib.

Onun sözlərinə görə, allergik xəstəliklərin sırasına allergik konyunktivitlər, allergik keratokonyunktivitlər və pollinozu olan pasiyentlərdə gözlərin mövsümi zədələnməsi daxildir.
Allergik konyunktivitin gözün konyunktiva qişasının allergik iltihabi xəstəliyi olduğunu deyən Y.Abdiyeva allergik xəstəliklər arasında allergik konyunktivit rastgəlmə tezliyinə görə siyahıda birinci yerdə dayandığını qeyd edib.

Y.Abdiyeva allergik konyunktivitin daha çox gənc yaşlı insanlarda rast gəlindiyini də əlavə edib. Həkimin sözlərinə görə, çoxsaylı tədqiqatlara əsasən, pasiyentlərin 20-40 faizində allergik konyunktivitin simptomları digər allergik patologiyalarla rast gəlinir. Allergik konyunktivit zamanı gözlər toz dənəciklərinə, gül pulcuqlarına va başqa allergenlərə qarşı həssas olaraq qızarır, qaşınır və su axır:

"Allergik konyunktivit gözün allergenə qarşı iltihabi reaksiyasıdır. Konyunktiva qişası göz almasının və göz qapaqlarının daxili qatını örtür. Əsasən mövsümi (toz, gül tozları) allergenlərə qarşı qıcıqlanma baş verə bilər. Bu həmçinin orqanizmin allergenə reaksiyasıdır”.

İnsanların bu xəstəliklə bağlı bəzi məlumatları bilməsini vacib sayan Y.Abdiyeva bildirib ki, allergik konyunktivitin formalarından biri olan kəskin allergik konyunktivit əsasən, allergik mövsumlərdə müşahidə edilir. Bu xəstəlik zamanı göz qapağı kəskin şişir, qaşınır və yandırır: "Bu zaman burundan su da gələ bilər. Xroniki allergik konyunktivit dərman, qida, heyvan tüklərinə qarşı reaksiya zamanı müşahidə olunur. Xroniki allergik konyunktivit il ərzində baş verir. Bu zaman simptomplar kəskin allergik konyunktivitdən daha yüngül olur. Simptomlara gözdə qaşınma və işığa həssaslıq aiddir”.
Y.Abdiyeva qeyd edib ki, allergik konyunktivit kəskin hiperhəssaslıq mexanizmi ilə, yəni allergen ilə kontaktdan dərhal sonra yaranır:

"Göz almasının anatomik quruluşu onun müxtəlif allergenlərlə təmasını asanlaşdırır. Allergenlər məişət (gənə, ev tozu, kitabxana tozu, balış və döşəklərdə olan tüklər), epidermal (heyvani yun və qabıq, tük, lələk, balıq qidaları), toz (müxtəlif bitkilərin tozu) mənşəli ola bilər. Kosmetika, həmçinin məişət kimyasına qarşı allergiya yarana bilir. Çox nadir hallarda qidaya qarşı allergik konyunktivit müşahidə oluna bilər. Allergik konyunktivit zamanı simptomlar allergenlə kontaktdan dərhal və ya 12-24 saat ərzində baş verə bilər. Simptomlar bir qayda olaraq hər 2 gözdə olur. Bir gözdə allergiyanın olması tipik bir hal deyil, lakin bəzən ola bilər. Əsas simptomlara intensiv qaşınma, qızartı, yaşaxma və qapaq şişkinliyi aiddir. Fəsadlı formada işıqdan qorxma da müşahidə oluna bilər”.

Mütəxəssis əlavə edib ki, müalicə düzgün aparılmadıqda və infeksiya prosesə qoşulduqda irinli ifrazat da müşahidə oluna bilər:

"Allergik konyunktivitin müayinəsi ilə 2 mütəxəssis - allerqo-immunoloq və oftalmoloq məşğul olur. İlk olaraq, oftalmoloqa müraciət etmək lazımdır. Xəstəliyin müalicəsi üçün antihistamin göz damcıları, həbləri qəbul edilməlidir. Xəstəyə kəskin formada steroidlər də təyin oluna bilər. Xəstəliyin ev şəraitində müalicəsi üçün pəncərə bağlı qalmalı, ev tozlardan təmiz saxlanılmalı, hava təmizləyicilərdən istifadə edilməli, kimyəvi iylərdən, rənglərdən və parfümdən uzaq dayanılmalı, gözlər qaşınmamalı və sürtülməməlidir. Gözdə qaşınma olduqda soyuq kompresdən istifadə etmək olar, çünki soyuq kompres nəticəsində iltihab və qaşınma azalır”.

Oftalmoloq-cərrah Əsmər Cümşüdova isə "Şərq” qəzetinə açıqlamasında göz allergiyasının ən çox yayılan növünün bahar keratokonyunktiviti (bahar katarı) olduğunu deyib. Onun dediyinə görə, dünyada bunu vernalkeratokonyunktivit adlandırırlar. İrsiyyətə bağlı olan bu allergiyaya oğlan uşaqlarında daha çox rast gəlinir. Onları gözlərdə göynəmə, işıqdan qorxu, göz yaşarması, seliyin ayrılması incidir. Göz allergiyasının bu növü isti bölgələrimizdə geniş yayılıb. Vaxtında müalicə ilə qarşısı alınmasa, Keratakonus xəstəliyinə keçmə ehtimalı artır. Bu isə görməni zəiflədən və müalicəsi çətin olan bir xəstəlikdir. Bu xəstəlik allergiyanın uzaq fəsadı hesab olunur. Yaxın fəsadları isə onun buynuz qişanı zədələməsi və infeksiya yaratmasıdır.

Həkimin sözlərinə görə, bəzi allergik insanlarda ağacların çiçəklənmə dövründə, bəzilərində isə ilin bütün fəsillərində allergik reaksiyalar olur: "Pollinoz konyunktivitləri müxtəlif bitkilərin tozcuqları yaradır, ona görə də kəskinləşməsi daha çox mövsümi xarakter daşıyır, yəni otların, çiçəklərin, ağac və s. çiçəklənməsi dövrünə təsadüf edir. Digər qrup isə toza və ya elementar qidalara qarşı həssas olan insanlardır. Gün işığına xüsusi həssaslığı ilə seçilən insanlar da var”.

Əsmər xanım göz allergiyalarının birdəfəlik müalicəsinin mümkün olmadığını deyib. Kurs müalicələri təyin edilir və xüsusi tövsiyələr verilir ki, gözdə qaşınmalar başlayan kimi həkimə müraciət olunmalıdır: "Əgər allergik reaksiya yaradan maddə məlumdursa, ən yaxşı müalicə üsulu allergenin aradan qaldırılması və onunla təmasın profilaktikasıdır. Allergiyanın simptomlarının aradan qaldırılması üçün yerli və sistem terapiya təyin olunur. Yaz kontukonyunktivləri ilə bağlı mart-aprel ayında bir kurs müalicə götürdükdən sonra göz rahatlaşır. Allergik fonda gözdə quruluq yaranması isə insanı narahat edən, iş prosesinə mane olan bir haldır. Belə insanlar ilboyu nəmləndiricilərdən istifadə etməli olur”.

Göz allergiyalarının görmə üçün birbaşa təhlükə yaratmadığını vurğulayan oftalmoloq deyib ki, sadəcə, allergiya başladığı zaman gözün rahat açılmasında müəyyən məhdudiyyətlər yaranır: "Göz yaşarıb, sulanır. Bu fonda gözdə discomfort yaranır və görmə itiliyi azalır. Amma allergiya irəliləyib, keratakonusa keçərsə, bu artıq görməyə birbaşa təsir edən xəstəlikdir”.
Həkimin sözlərinə görə, göz allergiyası olan uşaqların valideynləri günün qızmar vaxtında övladlarının çöldə qalmasına nəzarət etməlidir. Həkimə müraciət edənə qədər konservantsız göz nəmləndirici damcılardan istifadə etsinlər. Hansısa həkimin başqa xəstəyə yazdığı reseptdən qəti şəkildə istifadə etməyin. Özbaşına istifadə olunan dərmanlar gözə daha da ziyan verə bilər.

Şəymən