QMİ zəvvarlara kreditlə ziyarətə getmək imkanı yaradır

“Bu üsul müəyyən qədər saya təsir edə bilər. Amma bütövlükdə müsbət nəticə verməyəcək”


Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərdən 250-si boş qalıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, boş qalan yerlərin 100-ü VİP, qalan 150 yer isə nisbətən zəif şəraitli ziyarət üçündür. İdarə sənəd qəbulunun bu ayın sonuna kimi başa çatacağını bildirib və ziyarətə getmək istəyən zəvvarlara tələsməyi tövsiyə edib. QMİ-dən ilk dəfə olaraq zəvvarlara ziyarət xərcini hissə-hissə ödəmək imkanı yaradıldığı da bildirilib.

Məlumat üçün bildirək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə, builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Xatırladaq ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır. Məsələ ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı alim Elşad Miri 250 yerin boş qaldığına inanmır. Ekspertin fikrincə, boş qalan yerlər daha çoxdur: "QMİ-nin indiyə qədər apardığı yanlış qiymət strategiyası və zəvvarların təşkilatçılardan narazı olması ziyarətə getmək istəyən insanların sayını azaldır. İnsanlar Həccdən soyuyur. Oradan qayıdan zəvvarların demək olar ki, hamısı təşkilatçılıqdan şikayət edirlər. İndiki məqamda insanlar ilk növbədə öz dolanışıqlarını, mədələrini düşünürlər. QMİ tərəfindən müəyyən olunan Həcc qiyməti dünyanın ən bahalı ziyarətidir. Qurumun təşkilatçılığı da digər ölkələrlə müqayisədə həddindən artıq aşağı səviyyədədir”. E.Mirinin sözlərinə görə, QMİ bir marketinqdir: "Onlar fikirləşirlər ki, Həcc qiymətlərini hissə-hissə qəbul etməklə ziyarətə gedən insanların sayını çoxaldacaqlar. Bu üsul müəyyən qədər saya təsir edə bilər. Amma bütövlükdə müsbət nəticə verməyəcək. Çünki qiymətlər çox bahadır. Hətta QMİ zəvvar kvotasını azaltsa da, yenə yerlər boş qaldı. Səudiyyə Ərəbistanı hər ölkəyə kvota ayırır və həmin kvotanı doldura bilməyən dövlətlər suud hökuməti tərəfindən cəzalandırılır. Bu səbəbdən QMİ müxtəlif variantlara əl ataraq vəziyyətdən çıxmağa çalışır. Hazırda Azərbaycana Həcc ziyarəti üçün ayrılan kvota 1040 nəfərdir. Halbuki ölkədə 10 minlərlə adam ziyarətə getmək arzusundadır”.

İsmayıl