Qocalar işləyəcək

Yaşlı insanların bir çoxu ölkə üçün çox əhəmiyyətli işlər görə bilərlər
“Hətta onlara yeni peşə öyrətmək, nəvələrini həyata hazırlamaq və başqa sahələrdə biliklər vermək çox yaxşı olardı"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi "Yaşlı könüllülər" layihəsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təqaüd yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində "ASAN xidmət" mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar. Belə ki, onlar 1 ay ərzində "Könüllülüyün yaşı yoxdur" şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində uşaqların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.

Layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsi ilə yaşlıları fəal yaşlılığa, təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Sosioloq, professor Əhməd Qəşəmoğlu layihəni müsbət qiymətləndirsə də, yarımçıq hesab edir. Dəfələrlə bu məsələni qabartdığını vurğulayan sosioloq hesab edir ki, yaşlı insanların bir çoxu ölkə üçün çox əhəmiyyətli işlər görə bilərlər: 

"Yaşlı olmaq o demək deyil ki, o, bu cəmiyyətdə artıq adamdır. Belə insanların da öz potensialı var. Bu potensial da bizim ölkənin resursudur. Ondan da hökmən faydalanma mexanizmi olmalıdır. Təqaüdə çıxan riyaziyyat müəlliminin təcrübəsindən, şagirdlərlə işləmək potensialından faydalanmaq lazımdır. O cümlədən də digər sahələrlə bağlı. Hətta onlara yeni peşə öyrətmək, nəvələrini həyata hazırlamaq və başqa sahələrdə biliklər vermək çox yaxşı olardı. Başqa ölkələrin təcrübəsindən bəhrələnməyə, hətta özümüzün bu sahədə nümunəvi işlər görməyimizə böyük ehtiyac var. Günü-gündən bu məsələ ilə bağlı ciddi fəaliyyətə ehtiyac artır. 

Düşünürəm ki, az bir zamanda bu sahədə mütəxəssislərin ciddi fəaliyyəti ilə, müasir tələblərə cavab verən mühüm bir fəaliyyət proqramları hazırlanmalı və həyata keçirilməlidir. İlk növbədə, yüksək səviyyəli pensionerlərin potensialından daha səmərəli istifadə etmək barədə düşünmək, lazımi mexanizmlər qurmaq lazımdır. Digər tərəfdən, Amerikada, digər ölkələrdə olduğu kimi, elə bir mühit yaratmaq lazımdır ki, pensiyaçılar gedib orada öz potensiallarına uyğun olaraq ölkəmiz üçün faydalı fəaliyyət göstərə bilsinlər. Bizim onların potensialından istifadə etməyimiz onlar üçün mənəvi dəstəkdir. Biz onlara deyəndə ki, artıq yaşlısan, get evində istirahət elə, onda qocalar özlərini cəmiyyət üçün lazımsız hesab edir".

Sosioloq yaşlı insanların asudə vaxtının təşkili ilə bağlı hələ 1990-cı illərdə layihə hazırlandığını deyib: 

"Yaşlı könüllülər" layihəsi də yaxşı addımdır. Amma bu, dəryada damladır. Bu layihə o zaman sevindirici olardı ki, genişmiqyaslı olsun. Elə etmək lazımdır ki, yaşlı insanlara mənəvi dəstəklə yanaşı maddi dəstək də vermək olar. Könüllü işləmək o demək deyil ki, maddi yardım olmamalıdır".

Şəymən