Qorxaq baş nazir...

Savaş Ermənistanın sonu deməkdir
Paşinyanın əndişəsi anlaşılandı, Rusiyasız o ölkə duruş gətirə bilməz


Ermənistanın baş naziri Nikol Paşinyan "Exo Moskvı” radiosuna müsahibəsində rəhbərlik etdiyi ölkənin Rusiyanın müstəmləkəsi olduğunu etiraf edib. Azərbaycan Ordusunun gücünə yaxşı bələd olan Paşinyan müharibə ehtimalını istisna etməyib və çoxəsrlik qardaş və dost Rusiyanın qoltuğu altına sığınıb. Regionda vəziyyətin çox gərgin olduğunu xatırladan baş nazir əminliklə Rusiyanın bölgədə yeni müharibəyə imkan verməyəcəyini ifadə edib:

"Moskva Azərbaycanı Ermənistana və Qarabağa hücum etməyə qoymayacaq. Bunun üçün Rusiyanın bütün təsir vasitələri var. İnanıram ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız və dostumuz olan Rusiya müharibəyə imkan verməyəcək”. Göründüyü kimi, Ermənistanın baş naziri ölkəsinin döyüş meydanında Azərbaycanla baş-başa gələ bilməyəcəyini anlayır və "yeganə qoruyucu mələyi” olan Rusiyadan mədət umur. Rusiyanın 102-ci hərbi bazası ilə bağlı sualı cavablandıran Paşinyan Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını açıq-aşkar dilə gətirib: "Rusiya sərhədçiləri Türkiyə-Ermənistan sərhədini mühafizə edir. 

Bu, Ermənistana çox lazımdır. Belə uzun sərhədi qorumaq məsuliyyətini öz üzərimizə götürmək bizim üçün böyük yük olardı”. Paşinyan dünyada ilk baş nazirdir ki, ölkəsinin öz sərhədlərini qorumaq bacarığının olmadığını, bu məsuliyyətin altına girmək istəmədiyini elan edir. Baş nazir daha sonra Ermənistanın ciddi maliyyə problemi yaşadığını, bu baxımdan da Rusiyadan maddi yardım umduğunu dilə gətirir. Bu gün regionda məhz Azərbaycana qarşı təcavüz, işğalçılıq siyasəti yürütdüyünə görə, bütün irimiqyaslı layihələrdən kənarda qalan Ermənistan müstəqil olaraq heç bir layihə həyata keçirə bilmir. Yeganə ümidləri isə sovet vaxtından qalan atom elektrik stansiyasının modernləşdirilməsidir ki, buna da pulları çatmır. Bununla yanaşı, Paşinyan müsahibəsində həqiqəti əks etdirməyən uydurmalar da söyləyib. İddia edib ki, guya, Ermənistandan deportasiya olunan azərbaycanlılar gül-çiçəklə yola salınıblar. Amma Bakıda, Sumqayıtda, Gəncədə ermənilər "öldürülüb, əmlakları talanıb”.

Ermənistan baş nazirinin açıqlamaları ilə bağlı "Şərq”ə danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Paşinyanın yalanları ilə yanaşı, həqiqətə yaxın olan etiraflarına da diqqət çəkib. Siyasətçinin sözlərinə görə, Ermənistanda hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq, İrəvanın müstəqil siyasəti yoxdur və heç vaxt olmayıb:

 "Düşmən ölkənin bütün addımları Rusiya ilə razılaşdırılmış şəkildə atılır. Əslində Ermənistan tərəfindən verilən bəyanatların qeyri-müəyyən və ziddiyyətli olması Moskvanın münaqişə ilə bağlı sərgilədiyi mövqeni əks etdirir. Əgər Paşinyan öz ağlı ilə hərəkət etsəydi, yəqin ki, fikirləri də ardıcıl olardı. Baş nazirin fikirlərinin bir-birini təkzib etməsi Rusiyadan asılılığın təzahürüdür. O baxımdan Paşinyanın yeni olmayan bəyanatları bizim üçün ciddi siyasi əhəmiyyət daşımır. Əsas diqqətimiz Rusiyada olmalıdır”.

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova da bəyan edib ki, Paşinyanın son müsahibəsi zəifliyin və çarəsizliyin təzahüründən başqa bir şey deyil: "Paşinyanın əksər fikirləri təzadlı, əsassız və biri digərini təkzib edən cəfəngiyyatdan ibarətdir. Guya Ermənistandan deportasiya olunan azərbaycanlılar gül-çiçəklə yola salınıblar. 

Bunun yalan olduğuna hamımız şahidik. Sovet ordusu onun dediyi kimi azərbaycanlılara kömək etməyib, əksinə, 20 yanvarda və Xocalıda azərbaycanlılara qarşı qırğın törədib”. Rusiyaya münasibətdə də Paşinyanın riyakarlıq etdiyini deyən N.Məmmədova onun əsas məqsədinin Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaq olduğunu söyləyib. Paşinyan guya Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda qalacağını, habelə rus sərhəd qoşunlarının Ermənistanın Türkiyə və İranla hüdudlarını qorumağa davam edəcəyini deyir. Ancaq məlumdur ki, Paşinyanın dövlət çevrilişi yolu ilə hakimiyyətə gətirilməsində ən əsas məqsəd Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaqdır. Bunun əsas şərtlərindən biri isə rus ordusunun Ermənistanı tərk etməsidir. Paşinyanın hakimiyyətə gəldiyi gündən olan bütün fəaliyyəti istisnasız olaraq bunu deməyə əsas verir. 

Ancaq son Brüssel səfərində Ermənistana nə NATO, nə də Avropa Birliyi tərəfindən istədiyi dəstək və təminat verilmədi. Bundan sonra da verilməyəcək. Çunki Paşinyan Avropanın layihəsi deyil. O, okeanın o tayından idarə olunur. Avropa Birliyi isə əksinə, ABŞ-dan fərqli olaraq Rusiya və İranla normal münasibətlər saxlamağa çalışır”. Ermənistanın çox böyük problemlərinin olmasına diqqət çəkən politoloq bildirib ki, ölkə bütün sahələrdə bərbad vəziyyətdədir: "Geosiyasi ziddiyyətlər məngənəsində sıxılan ölkə, üstəlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya problemlərini də həll edə bilmir”.

Politoloq Zaur Məmmədov da vurğulayıb ki, Paşinyanın fikirləri gülünc və absurddur. O, sadəcə məsuliyyətdən boyun qaçırmaqla məşğuldur: 

"Paşinyan yaxşı anlayır ki, istər müharibə, istərsə də kompromisə getmək onun hakimiyyətdən getməsinə səbəb olacaq. Ermənistanda vəziyyət o dərəcəyə çatıb ki, Rusiyanı müharibənin başlanmasının qarantı adlandırırlar. Ermənistan başa düşməlidir ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli həll olunmalıdır. Paşinyan hamını inandırmağa çalışır ki, münaqişədə Azərbaycanın hərbi ritorikası nizamlanmanın yubadılmasına gətirib çıxaran əsas amillərdəndir. Baş nazir gülməli bəyanatlarla çıxış edərək söyləyir ki, ermənilər yalnız "sülh yolu” ilə münaqişənin həllində maraqlıdırlar. Azərbaycan torpaqlarını işğal edən və bizə qarşı etnik təmizləmə aparan Ermənistan bilir ki, savaş onların sonunu gətirəcək”.

İsmayıl