Ürək xəstələri xüsusi ilə diqqətli olmalıdır
Bu ilin yazı Hindistan və Pakistanda hədsiz istilərdən böyük tələfatlarla yadda qaldı. Ötən ay Hindistanda 2 min, iyun ayında isə Pakistanın Kəraçi şəhərində 570 nəfərin isti hava səbəbi ilə həyatını itirdiyi bildirilir. Amma qovurucu istilər Azərbaycana da yaxınlaşır. Ümumdünya Meteorologiya Təşkilatının regional mərkəzlərinin hazırladığı iqlim proqnozlarına görə, iyul-avqust aylarında Cənubi Qafqazda, o cümlədən Azərbaycanda rekord istilər gözlənilir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də əhaliyə xəbərdarlıq edib artıq.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, ötən ilin avqustunda ölkənin bəzi bölgələrində müşahidə olunan normadan yüksək istilərin (41-42 dərəcə) bu il də təkrarlanacağı ehtimalı var. İyul-avqust aylarında rekord istilər gözlənilir. Deməli, özümüzü istilərə hazırlamalıyıq. Necə?
Ürəyə təhlükə - isti hava
Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər xüsusilə diqqətli olmalıdır. İsti hava ürək xəstələri üçün çox təhlükəlidir. İsti hava özüylə günvurmalar, xəstəliklər, zəhərlənmələr, qarın ağrısı, dənizdə suya diqqətsiz başvurmalarsa bir çox hallarda fəlakət gətirir. Türkiyədə Kardioloji Dərnəyinin İdarə Heyətinin sədri professor, doktor Oqtay Ergənə qəlb xəstələrinə aşırı istilərdə xüsusilə diqqətli olmağı məsləhət görür:
- Baxmayaraq ki, qəlb xəstələri qış aylarına nisbətən yaz və yay aylarında daha rahat olurlar, yenə də isti havalarda ehtiyatlı davranmalıdırlar. Xəstələr dərmanlarını azaltmamalı və dərman qəbulunu dayandırmamalıdır. Yağlı, gec həzm olunan qidalardan yenə də uzaq durmalı, həkimin məsləhət gördüyü pəhrizlərinə davam etməli, daha çox tərəvəz və meyvəyə üstünlük verməlidirlər. Çünki meyvə və tərəvəz lazımi miqdarda maye daşıyıcısıdır. Ürək çatışmazlığına səbəb olan damar genişlənməsi və ürək döyüntülərinin artması isə məhz orqanizmdə maye azlığından irəli gəlir. Maye çatışmazlığı ürəyin funksiyasını zəiflədir. Sinədə ağrılar artır, qan təzyiqi düşür və ya istinin təsiri ilə yüksələ bilir. Xüsusilə də yaşlı insanlarda bu problemlər tez-tez baş qaldırır. Buna görə də tərkibində bol maye olan meyvə və tərəvəzlərdən istifadə etmək məsləhətdir. Havanın temperaturu nəzərə alınmaqla gün ərzində ən azı 2-2,5 litr su qəbul etmək lazımdır. Orqanizm yüksək temperaturda daha çox maye itkisinə məruz qalır. Nəticədə qanda qatılaşma yaranır ki, bu da ürək-damar xəstələri üçün arzuolunmaz hala - ürəyin fəaliyyətinin pozulmasına, hətta infarkta da gətirib çıxarır. Təzyiqi aşağı salan dərmanların qəbuluna da çox aludə olmaq ziyanlıdır. İsti havada bu dərmanlar insana kömək yox, əksinə, zərər verə bilər.
İsti havada siqaretdən uzaq durun
Siqaret dumanı karbon-monoksit daşıyıcısı olduğundan qanı qatılaşdırır, arterial damarların iç divarlarına zərər verərək qan dövranını pozur. İsti havada onsuz da yorğun düşmüş orqanizm üçün belə vəziyyət 2 qat ağırlıq deməkdir. Ürəyin bu yükə dözməsi çox çətindir. Həm aktiv, həm də passiv siqaret çəkənlər isti havalarda ondan ümumiyyətlə, uzaq durmalıdırlar.
Açıq rəngli libas geyinin
Türkiyəli professor isti havalarda hər kəsin diqqət etməli olduğu vacibləri də açıqlayıb:
- Gündüz saat 11 və 3 arası bir yerə getmək zərurəti yoxdursa, havaya çıxmayın. Harasa getməlisinizsə, çalışın, bunu saat 11:00-a qədər edin. Gün qalxıbsa, axşam saatlarına qədər küçədə açıq havada qalmayın. Günəş şüalarının birbaşa üzərinizə düşməsinə imkan verməyin. Açıq rəngli, təbii parçalardan tikilmiş rahat libaslar geyinin, çalışın geyindiyiniz libas sizi sıxmasın. Başınıza yüngül yay papaqları - kişilər kepka, günlük, qadınlarsa şlyapa qoysun. İsti havada harasa gedirsinizsə, özünüzlə çətir və mütləq su götürün.
Meyvə-tərəvəzlər yaxşı-yaxşı yuyulmalıdır
Ankara Universitetinin Tibb Fakültəsi İnfeksion Xəstəliklər şöbəsinin professoru İsmayıl Balık isə yay aylarında zəhərlənmələrə, ishal hallarına da diqqət çəkib. Doktor bildirib ki, yay aylarında yüksək hərarət səbəbiylə hər cür bakteriyaların çoxalıb artması təbiidir:
- Yay aylarında ishal hallarının artması yağış sularının kanalizasiya, oradan da içməli sulara qarışmasından irəli gəlir. Nəzərdən qaçırmaq olmaz ki, bir çox bostan və əkin sahələri sulanarkən bu qarışıq sulardan istifadə edilir. Suyun tərkibindəki bakteriyalar da beləcə meyvələrə keçmiş olur. Meyvə-tərəvəzlər soyuq su ilə yuyulduqda bakteriyalar qidanın üzərində qala bilir. Nəticədə qarın ağrısı və ishal halları yaranır. Çiy halda yeyilən meyvə və tərəvəzlərdə bakteriyalardan qorunmaq üçün ilıq su ilə ciddi şəkildə yuyulmalıdır. İçməli suların tərkibinin təmizlənməsinə, bakteriya əleyhinə dərmanlardan istifadə edilməsinə diqqət edilməlidir. İsti havada bəzi qidalar tez xarab olur. Yeməklər, xörəklər açıq şəraitdə, günəş şüası altında saxlanmamalıdır. Meyvə-tərəvəzləri təzə halda qəbul etmək, qidaları soyuducuda saxlamaq lazımdır. Xüsusilə ət və ət məhsullarının qəbulunda diqqətli olmaq vacibdir. Çünki isti havada ət məhsulları həm tez xarab olur, həm də gec həzm edilən qida olduğundan mədə-bağırsaqların normal fəaliyyətini poza bilir. İsti havada sərinləşdirici içki qəbulunda da ehtiyatlı olmaq lazımdır. Tərkibində şəkər olan içkilər susuzluğun qarşısını almır, əksinə, içildikcə-içilir, bu da mədə rahatsızlığı və qarında arzuolunmaz köp əmələ gətirir. Üstəlik, mədənin selikli qişasını zədələyir. Susuzluğu yatırmağın ən asan və sadə yolu - saf, süzülmüş sudur. Suyun tərkibindəki minerallar orqanizm üçün hədsiz əhəmiyyətlidir. Bir stəkan adi su bir neçə şüşə qazlı və şirin sudan daha xeyirlidir. Yayın və xüsusən də isti havaların vazkeçilməzi olan qarpızla isə ehtiyatlı davranmaq lazımdır. Nəzərdən qaçırmayın ki, qarpızın təbii yetişmə dövrü iyulun sonları - avqust ayıdır. Hazırda satışa çıxarılan qarpızlara isə vaxtından tez yetişmələri üçün müxtəlif
kimyəvi dərmanlar və bolluca gübrə verilir. Belə qarpızlar insan həyatı üçün əsl risk mənbəyidir. Yaxşısı budur, saf su, təbii, ev şəraitində hazırlanan meyvə şirələrindən istifadə edilsin. Uşaqlara soyuq içkilər verməkdən çəkinin. Yaşlılar da soyuq içkilərə meyl etməməlidir.
Məlahət Rzayeva