Qubadlı məktəbliləri ən yaxşı nəticə göstərib

Nabatəli Qulamoğlu: “Müşahidələrimə əsasən deyə bilərəm ki, hazırda qubadlıların əksəriyyəti biznes fəaliyyəti ilə məşğuldurlar və maddi imkanları da genişdir. Ona görə də pul ödəyib övladlarını oxutdururlar”
“Lerikdə bir məktəbin 28 məzununun 28-i də ali məktəbə daxil olmuşdu. Çoxu da maliyyə sektoruna üz tutur”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika üzrə keçirdiyi buraxılış imtahanlarında 11-ci sinif şagirdləri arasında ən çox müsbət nəticə göstərmiş rayonların siyahısını açıqlayıb. İlk beşlikdə birinci sırada Naftalan şəhəri gəlir. Naftalan şəhərində məzunların 92 faizi bütün fənlər üzrə müsbət qiymət alıb.

İkinci, Naxçıvan (88 faiz), üçüncü sırada Qax rayonu (87 faiz), sonra Qubadlı (86 faiz), beşinci yerdə isə paytaxt Bakıdır. Paytaxtın 11-ci sinif şagirdlərinin 85 faizi bütün fənlərdən "5” alıb.

Bundan öncə isə TQDK ən aşağı nəticə göstərən rayonların adlarını açıqlamışdı. Siyahıya Sabirabad rayonu "başçılıq” edirdi. Sıralanma isə belə idi; Daşkəsən, Ağcabədi, Gədəbəy, Hacıqabul.

Şagirdlərin bilik səviyyəsinin göstəriciləri, son illər aşağı-yuxarı, demək olar, eynidir. Əsasən, Aran və cənub bölgələrində dərsə davamiyyət aşağı olduğundan, imtahanlarda da aşağı nəticələr əldə edilir. Amma, Qax, İsmayıllı kimi bölgələrdə əsasən əksər hallarda yüksək nəticələr qeydə alınır. Bu dəfə isə Naftalan şəhərinin və Qubadlı rayonunun siyahıda öncül yer alması, maraq doğurur. Məlumdur ki, Qubadlı işğal altında olan rayonumuzdur və bu rayonun məktəbləri "qaçqın” statusu daşıyır. "Qaçqın məktəbləri”ndə isə dərsə davamiyyət zəif olur. Hətta şəhər məktəblilərinin dərsdən yayınıb repetitor hazırlığına getmələrinə əngəl olmasın deyə, buraxılış siniflərində adlarını "qaçqın məktəbləri”nə yazdırmaları təcrübəsi də var. Əcəba, Qubadlı şagirdlərinin yüksək nəticə göstərməsi repetitor hesabına olmasın?!

Məsələyə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında bildirdi ki, TQDK-nın təqdim etdiyi siyahını qeyri-real hesab etmək düzgün olmaz:

- Heç kim deyə bilməz ki, TQDK-nın siyahıyısı real deyil. Burada reallıq var, amma 70 faiz. Rayonlar üzrə imtahan göstəricilərinin aşağı və ya yüksək olması bir neçə amillə bağlıdır. Hələ sovet dövründə respublikanın pambıqçılıq rayonları təhsilin səviyyəsinə görə digər rayonlardan geri qalırdı. Bu, bir reallıq idi. Çünki tədris ili başlayar-başlamaz məktəblilər pambığa və ya üzüm yığımına cəlb edilirdilər. Pambıq mövsümü bitənədək dərslərdə axsamalar olurdu. Bu da təhsilin səviyyəsinə mənfi təsir göstərirdi. Aran rayonlarında bu tendensiya həmişə müşahidə olunub. İndi də hansı rayondakı əhalinin maddi durumu yaxşıdır, orada təhsilin səviyyəsi yüksəkdir. Məsələn, Saatlı, Sabirabad kimi rayonlarda şagirdlər son illər təhsildə yüksək nəticələr göstərə bilmir. Göstəricilərin yüksək olmasına, şagirdlərin təhsilə cəlb edilməsinə, bir az da yerli xüsusiyyətlər təsir edir. Elə rayonlarımız var ki, biliyə, savada üstünlük verilmir, uşaqlar kiçik yaşlarından təsərrüfatda çalışdırılır, kitab-dəftər yadlarına düşmür. Amma elə rayonlar da var ki, əksinə, çıxış yolunu elmə, biliyə yiyələnməkdə görür. Məsələn, Lerikdə demək olar, hamı çalışır ki, övladı ali təhsil alsın. Hamı biri-biri ilə bəhsə girir. Lerikdə bu düşüncə hakimdir ki, yalnız ali savada yiyələnməklə firavan gələcəyi təmin etmək mümkündü. Lerikdə bir məktəbin 28 məzununun 28-i də ali məktəbə daxil olmuşdu. Çoxu da maliyyə sektoruna üz tutur. İndinin özündə ölkənin maliyyə sektorunda çalışanların çoxu Lerikdəndir. Bu rayonda riyaziyyata, təbiət elmlərinə xüsusi maraq var. O ki qaldı, Qubadlı rayonu məktəblilərinin yüksək nəticə göstərməsinə, burada, bəli, repetitor hazırlığına getmənin xüsusi rolu var. Müşahidələrimə əsasən deyə bilərəm ki, hazırda qubadlıların əksəriyyəti biznes fəaliyyəti ilə məşğuldurlar və maddi imkanları da genişdir. Ona görə də pul ödəyib övladlarını oxutdururlar. İşğal altında saxlanılan bölgə olmasına baxmayaraq Qubadlının yüksək nəticə göstərən rayonlar siyahısında ilk beşlikdə olmasının səbəblərindən biri budur.

Məlahət Rzayeva