Quraqlıq bahalıq gətirəcək

Yazda yağan yağışları su hövzələrində və anbarlarda yığılmalı idi ki, sonradan ondan istifadə olunsun

"Amma indi görürük ki, bu cür göllərdə yüksək çinli məmurlar balıq saxlayırlar. Öz biznesləri ilə məşğuldurlar”

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Qlobal iqlim dəyişikliyi ilə əlaqədar fermerlərə bəd xəbər verilib. Qurumdan bildirilib ki, bu yay ölkəmizdə quraqlığın olacağı gözləniləndir: "Bu ilin iyul və avqust aylarında havanın temperaturu iqlim normasından bir qədər yüksək olacaq. Yağıntıların miqdarı isə normadan az olmaqla, iqlim normasının 65-70 faizini təşkil edəcək. Bu da Azərbaycanın müəyyən ərazilərində, xüsusilə, Aran rayonlarında quraqlığın yaranmasına səbəb olacaq.

Mərkəzi Aran rayonlarında quraqlığın özünü daha intensiv şəkildə göstərəcəyi proqnozlaşdırılır. Sözügedən aylarda isti küləklərin də intensivliyi artacaq ki, bu da quraqlığın daha kəskin xarakter almasına gətirib çıxaracaq. Əsas quraqlıq dövrünün isə iyulun 20-dən avqustun 20-dək olan dövrdə müşahidə ediləcəyi gözlənilir. Məlumata görə, ötənilki quraqlıq dövründə quru, isti

küləklər bir qədər az müşahidə edildiyi üçün quraqlığın davamlılığı da az oldu. Amma bu il isti küləklər bir qədər çox müşahidə ediləcəyindən quraqlığın da ötən ilə nisbətən kəskin olacağı ehtimal olunur.
Məsələni şərh edən Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Şərq”ə söyləyib ki, ölkəmizdə kənd təsərrüfatı həddən artıq zəifdir: "Belə olan halda quraqlıq kənd təsərrüfatına çox ciddi mənfi təsir göstərə bilər. Ümumiyyətlə, yay aylarında bizim kimi ölkələrdə havalar isti keçir. Qonşu İranı, Türkiyə və başqa ərəb ölkələrini götürək. Məlumdur ki, Misirdə bizdən fərqli olaraq daha şiddətli istilər olur. Amma orada ölkə üzrə kənd təsərrüfatı üçün ayrılan sahələrin 70 faizini taxıl təşkil edir. Çünki suvarma işlərini elə qurublar ki, havanın isti keçməsinin məhsuldarlığa heç bir təsiri olmur”.

Ekspertin sözlərinə görə, ölkəmizdə iyul, avqust aylarında havaların isti keçməsi normal haldır: "Uzun müddətdir deyirik ki, kənd təsərrüfatını iqlimdən asılı vəziyyətə salmaq olmaz. Çalışmaq lazımdır ki, əkin sahələrinin su ilə təminatı məsələsi öz həllini tapsın. Doğrudur, deyirlər ki, ölkədə suvarmaya dair çətinlik yoxdur. Amma var. Fikir verin, ölkədəki çaylar imkan verir ki, suya olan tələbatımızı ödəyək. Üstəgəl, yaz aylarında davamlı olaraq yağışlar yağdı. Bu zaman o sular hövzələr və anbarlarda yığılmalı idi ki, sonra onlardan istifadə olunsun. Sovet hökuməti vaxtında da belə idi. Mən onda sovxoz direktoru işləyirdim. Təsərrüfatımızda yağış sularını yığmaq üçün xüsusi göl yaradılmışdı. Amma indi görürük ki, bu cür göllərdə yüksək çinli məmurlar balıq saxlayırlar. Öz biznesləri ilə məşğuldurlar. Hazırda da həmin anbarlardan istifadə etmək mümkün deyil. Ona görə də ölkə çox acınacaqlı duruma düşüb. Bir sözlə, fermerin, kəndlinin istəyi iqlimdən asılı qalıb. Əlbəttə, bu, yaxşı hal deyil. Çünki yağış olmasa, bazarlarda qıtlıq olacaq və bu da qiymətlərin artımına gətirib çıxaracaq”.

Müsahibimiz hesab edir ki, bu işləri qaydaya salmaq üçün digər ölkələrin təcrübəsindən faydalanmaq lazımdır: "Problem tezliklə həll olunmalıdır. Bu məsələyə ciddi diqqət yetirilməlidir. Çünki o işləri yoluna qoymaq üçün kifayət qədər potensialımız var. Lakin bu işlərlə məşğul olan yoxdur. Hər dəfə vəd verilir, yekunda görürük ki, iqlim dəyişən kimi məhsuldarlıq aşağı düşür”.

Ayyət Əhməd