“Qurtuluş 93” qazsız qalıb: Sakinlər narazıdır






Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93” yaşayış kompleksinin sakinləri qaz verilməməsi ilə bağlı narazıdırlar. Sherg.az-a danışan sakinlər deyib ki, artıq 10 ildir kompleksdə yaşayış olsa da, qaz verilmir.

Rəsul adlı sakin bildirib ki, kompleksin istilik sistemi olsa da, qazın verilməməsi xərclərini çoxaldır: 

"Mən burdan ev alanda, şirkətdən bildirildi ki, 2015-ci ilin yayında kompleks qazlaşdırılacaq. Amma o vaxtdan 2-ilə qədər zaman keçməsinə baxmayaraq, hələ də qaz yoxdur. Təsəvvür edin ki, qaz balonlarından istifadə edirik. Bunun nə qədər təhlükəli olduğunu hər kəs bilir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq "jek” başımızın altına yastıq qoyur”.

Sakinin sözlərinə görə qışda istilik problem olmasa da, pulları çox çıxır:

 "2 otaqlı, 58 kvadrat metrlik mənzilin istilik təchizatına görə 40 manat ödəniş edirəm. Əvvəl 30 manat idi, qazın qiyməti qalxandan, yanvarın 1-dən etibarən 40 manat olub. Su isitmək üçün "ariston”dan istifadə edirik, bu da əvvəl 12 manat işıq yazırdısa, indi yeni qiymətlə 20 manat işıqpulu yazır. Kommunal xərcləri də üstünə gəldikdə, 58 kvadrat metrlik mənzilə ayda 150 manata yaxın pul ödəyirəm. Sanki öz evimdə, kirayə yaşayıram”. Sakin aidiyyatı qurumlara müraciət edərək bildirir ki, vəziyyətləri çox pisdir: "İşsizəm, bu qədər vəsaiti ödəmək gücündə deyiləm. Bir qrup sakin Abşeron icra hakimiyyətinə getmək istədik, "jek” bildirdi ki, ehtiyyac yoxdu, problem həll olunacaq. Amma hələ də həllini tapmayıb”. Digər sakinlər də anoloji fikirdədilər.

"Azəriqaz”ın mətbuat xidmətindən isə bildirilir ki, sakinlər kompleksi inşa edən şirkətlə danışsınlar. "Azəriqaz” hər yerin qanunla qazlaşdırılmasında maraqlıdır.

Anar