Qurtuluşun böyük ideoloqu




Düz 25 il öncə Azərbaycan xalqının taleyinə yeni bir tarix yazıldı. Bəli… Tarixdə elə günlər var ki, kədərinin çoxluğuyla, elə günlər də var ki, sevinci ilə yadda qalır. 1993-cü il 15 iyun sevincli günlərdən oldu. Çünki Vətənin böyük oğlu, böyük xilaskar Azərbaycana geri döndü və Azərbaycanı, millətini uzun, zülmət gecədən işıqlı, nurlu sabaha apardı. Günəş kimi parladı Vətəninin, xalqının üstünə.

1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. 1991-ci ildə müstəqilliyinə qovuşşsa da, onu müstəqil dövlət saymaq düzgün olmazdı. Müstəqil dövlətlərə xas olan əlamətlərin heç biri Azərbaycanda yox idi. Qarabağ müharibəsindəki böyük itkilər, iqtisadi gerilik, hərb sahəsindəki uğursuzluqlar… Bütün bunlar xalqın səbr kasasını daşdırırdı. O zamanki rəhbərliyin iradəsizliyi, hərc-mərcliklər Azərbaycan torpağını parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Azərbaycan başqa dövlətlərin təsiri altında idi. Artıq müstəqilliyinin əlindən çıxacağını görən xalq təkidlə, o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etdi. Beləliklə də, böyük siyasi xadim Azərbaycanda hakimiyyət başına gəldi. O, Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin hakimiyyətə qayıdışıyla möhtəşəm dönüş baş verdi. Dövlətimizi nəinki parçalanmaq təhlükəsindən qurtardı, yeni Azərbaycanın tarixini yazdı, yaratdı, özü də tarixə çevrildi.

Azərbaycan dövləti ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində xalqımıza ruh yüksəkliyi, inam gəldi. Hər bir xalq, hər bir vətəndaş üçün azadlıq, müstəqillik ən vacib nemətdir. Biz azadlığımızın yolunu çox gözlədik, çox mübarizə apardıq, bu yolda minlərlə şəhid verdik. Azadlığı əldə etmək nə qədər çətindirsə, onun qoruyub saxlamaq da bir o qədər çətin, ağır işdir. Bu ağır işin öhdəsindən Ulu öndərlə birlikdə gəldik.

Görən, Heydər Əliyev necə olmuşdu ki, xalqın hörmətini, rəğbətini, sevgisini qazanmışdı?!- Birincisi, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər xalqın yaddaşında idi. 1970-ci ilə qədər Azərbaycan Sovet məkanında ən geridə qalmış respublika idi. 12 il ərzində Azərbaycan Sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Təkcə bunu demək kifayətdir ki, həmin illər ərzində respublikanın ümumdaxili gəlirində elmtutumlu, texnoloji məmulatların sayı 0.2%-dən 26 %-ə çatdırılmışdı.

Eyni zamanda, 1990-cı il 20 Yanvar hadisələri zamanı SSRİ dağılmasa da, cəsarətlə haqq səsini ucaltmış, sovet rəhbərliyinin bu cinayətini pisləmiş, onu qınamışdır. Əsl liderlik keyfiyyətlərini nümayiş etdirərək Kommunist Partiyasından imtina etmişdir. Onun qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı elan edilmişdir.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xarici siyasəti sayəsində Azərbaycan həm xarici dövlətlərlə ikitərəfli münasibətlərin qurulması, həm beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması, həm də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün dünyada qəbul edilməsi istiqamətində böyük uğurlara imza atıldı. Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə düşünülmüş xarici siyasət sayəsində müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildi, dünyanın ən mötəbər təşkilatlarına üzv qəbul edildi, beynəlxalq aləmdə Azərbaycanın sözü ilə hesablaşmağa başladılar.

Heydər Əliyev dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldı və sübut etdi ki, " Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Könül Məmmədova

Qərbi Kaspi Universitetinin doktorantı, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı