“Quş qripi” xəstəliyi nəzarətə götürüldü

Nəticələr aprelin 17-də ictimaiyyət üçün açıqlanacaq




"Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri köçəri quşların yaz miqrasiyası nəzərə alınaraq dünən növbəti monitorinqə başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və təbii sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli "Şərq”ə açıqlamasında deyib ki, artıq Abşeron Milli parkından nümunələr götürülüb. Həmçinin ayrı-ayrı rayonlardakı quşçuluq təsərrüfatlarından qan və patoloji materiallar gətirilib. Sabah (bu gün) Şabranda, daha sonra isə nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Y.Xanvəli bildirib ki, ilkin ehtimalda diqqəti elə bir narahatedici məqam cəlb eləmir. "Quşların uçuşu normal qeydə alınıb. Heç bir xəstəlik aşkar olunmadı. Bir sözlə, hazırda əlimizdə olan nəticələr fonunda deyə bilərəm ki, "quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir və tam nəzarət altındadır. Bu sabitliyin qorunması üçün isə DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir”.

DBX sözçüsünün sözlərinə görə, ölkə ərazisində köçəri və ev quşlarına görə aparılan monitorinq zamanı götürülən qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə aprelin 17-də ictimaiyyət üçün açıqlanacaq.

Şəymən