Radikallar gözəl bilirlər ki, hakimiyyətə təsir edə biləcək gücdə deyillər

Ona görə də birbaşa xalqı hədəfə alırlar



"Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar. İnkişafın qarşısını almaq üçün müxtəlif formada tədbirlər görməyə çalışırlar”. Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov YAP-da gənclərlə keçirilən görüşdə deyib. İcra katibi bildirib ki, bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Başa düşülməyən odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var: 

"Mən cəmiyyətin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var”. 

Ə.Əhmədov qeyd edib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir:

"Onlar söz və fikir azadlığından Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər və öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis senariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu, partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.

Baş nazirin müavini Ə.Əhmədovun sözlərini "Şərq”ə dəyərləndirən "Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov radikal müxalifətin əsas qayəsini bu cür açıqlayıb: 

"Daxildəki radikallar gözəl bilirlər ki, onlar hakimiyyətə nəsə edə biləcək gücdə deyillər. Ona görə də birbaşa xalqı hədəfə alırlar. Yəni durmadan hakimiyyəti pisləməyə çalışır, etdikləri iyrənc əməllərlə xalqda öz dövlətinə qarşı nifrət oyatmağa cəhd göstərirlər. Ancaq onların niyyətləri baş tutmayacaq”.

İsmayıl