Radionun dinləyici kütləsi, televiziyanın izləyici kütləsindən daha genişdir

Elçin Hüseynbəyli: “Həm xəbər yayımçılığı, həm maarifləndirici verilişlər, həm də musiqili-əyləncəli proqramlar baxımından radionun çox yaxşı örnək olmaq imkanları var”Cəlalə Nəzəroğlu: “Radio çeviklik baxımından televiziyadan üstündür. Radionun ictimai yükü daha böyükdür. Çünki kütləvilik xarakteri daşıyır”
İnformasiya daşıyıcılığında radio böyük əhəmiyyət daşıyır. Radionun xəbərləri hər dəqiqə, hətta anbaan təzələmək imkanları var. Hazırda Azərbaycan dalğalarında yayımlanan radiolarda isə biz daha çox əyləncə, şou xarakterli proqramları görürük. Halbuki ölkəmizin yerləşdiyi region, sırf özümüzün dövlət, xalq olaraq üzləşdiyimiz problemlər informasiyanın çevik yayılmasını zəruri edir. Bəs, bugünkü radiolar bu məsuliyyətin öhdəsindən gələ bilirmi? Budəfəki həmsöhbətlərimiz yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli və "ASAN Radio”nun redaktor və aparıcısı, nitq mədəniyyəti müəllimi, təlimçi Cəlalə Nəzəroğlu oldu.
"Dinləmək, izləməkdən asandır”
E.Hüseynbəyli qeyd etdi ki, radio dinləmək imkanları məhduddur, lakin bu, radionun xəbər daşıyıcılığı imkanlarının daha geniş olması həqiqətini təsdiqləməyə mane olmur:
- Radionun televiziyaya nisbətən daha artıq əlçatan, daha çevik olmasını nəzərə alsaq, əsas xəbərçilik - xəbər daşıyıcılığı missiyasını üzərinə götürməsi tamamilə mümkündür. Dəfələrlə rast gəlmişəm ki, kimisi idman zalında, kimisi futbol meydançasından kənarda əyləşib, dincələ-dincələ radio dinləyir. Yolda radioya qulaq asırlar, nəqliyyatda dinləyirlər. İnsanlar hətta evdə istirahət edəndə də radionu qısıq səslə dinləndirir, musiqi, ya da bəyəndikləri hansısa verilişi dinləyirlər. Dinləmək, izləməkdən daha asandır, daha əlverişlidir. İş görə-görə, işini axsatmadan da radio dinləmək mümkündür. Bu mənada əlbəttə ki, radionun dinləyici kütləsi, televiziyanın izləyici kütləsindən daha genişdir, daha çoxdur. Biz radionun bu imkanlarından bacardıqca geniş istifadə etməliyik. Radiolarımız dövrün tələblərinə uyğun və eyni zamanda Azərbaycan gerçəkliyinə uyğun fəaliyyətlərini yeniləyə bilər. Yeni verilişlər hazırlasınlar, həyatın və dünyanın nəbzini tutsunlar. Bir müddət əvvəl təsadüfən radioda nağıl saatının dinləyicisi oldum. Yadımda qaldığı qədər, axşam saatı idi, yəqin ki, balacalar üçün veriliş idi. Bu nağılın 50 il əvvəl dinlədiyimiz nağıllardan biri olmasına təəssüf etdim. İnkar etmirəm, "Göyçək Fatma” da, "Məlikməmmədin nağılı” da uşaqlarda müsbət keyfiyyətlər aşılamaq üçündür, bütün digər Azərbaycan nağılları kimi. Amma 21-ci əsrin balacaları sovet vaxtının uşaqlarından fərqlidir. İndiki uşaqlara köhnə nağıllar əvəzinə kiçik hekayələr dinlətmək də olar. Yəni, hər sahədə radionun üzərinə böyük məsuliyyət düşür. Həm xəbər yayımçılığı, həm maarifləndirici verilişlər, həm də musiqili-əyləncəli proqramlar baxımından radionun çox yaxşı örnək olmaq imkanları var. Bilmirəm, hazırda bizim radioların maddi-texniki bazası necədir, əməkdaşların əmək haqqısı nə qədərdir, nə dərəcədə razı və ya narazıdırlar. Mən kənar müşahidəçi kimi fikirlərimi bildirirəm. Bu fikirdəyəm ki, radiolar fəaliyyətlərində yenilik etməlidir. Gənclərin maraqlarına uyğun verilişlər hazırlasınlar. Dinləyici auditoriyasını itirməsinlər.
"Radionun məlumatı daha tez çatdırmaq üstünlüyü var”
Cəlalə Nəzəroğlu isə hesab edir ki, xəbər yayımında söhbət bütün KİV-lər arasında ən çox yeri radionun tutmasından gedirsə, əlbəttə, bu yanaşma doğru olmaz. Hazırda elektron KİV-lər televiziyanı, radionu və ənənəvi çap mediasını geridə qoyur. Xüsusilə də sosial şəbəkələrdən istifadənin zərurətə çevrildiyi bir dövrdə elektron KİV-lər daha çox izləyici toplaya bilir. Bununla belə radio çeviklik baxımından televiziyadan üstündür. Radionun ictimai yükü daha böyükdür. Çünki kütləvilik xarakteri daşıyır:
- Radio məlumatı daha tez çatdırmağa və qəbul etməyə imkan verir. Tutaq ki, siz televiziyada işləyirsiniz və bir uçqun hadisəsi baş verib. Operativ məlumat çatdırmaq istəyirsiniz. Bundan ötrü dərhal avtomobilə əyləşmək, hadisə yerinə daxil olmaq (bəzən əngəl də yarada bilirlər), çəkiliş aparmaq, stend-up etmək və sair vacib olacaq. Görüntünü diskdə və ya başqa elektron daşıyıcıda televiziyaya geri göndərmək lazım gələcək. Hətta elə oradaca internet vasitəsilə yollamaq istəsəniz belə, bu da vaxt alacaq. Televiziyada da görüntünü əldə edib ən azından ilkin montajını etmək üçün vaxt sərf ediləcək. Xəbəri təqdim edən aparıcının qrim etməsi, hazırlaşması, studiyada işıqların, kameraların qurulması, mikrofonun yoxlanılması və sair kimi N qədər məsələ qüsursuz şəkildə icra olunmalıdır. Bütün bunlar vaxt alır. Deyə bilərsiniz ki, görüntü olmadan da xəbəri televiziyadan çatdırmaq mümkündür. Peşəkar televizya görüntüsüz xəbər təqdim etməməyə üstünlük verir. Çünki adı üstündədir: audio-vizual KİV. Amma radionun belə bir problemi yoxdur. Məlumatı alan kimi bircə düyməni basıb xəbəri həmin saniyə dinləyiciyə çatdırmaq olur. Xəbəri qəbul etmək də radioda asandır. Kimsə yolda, avtomobildə və ya televizora baxmağa imkanının olmadığı istənilən yerdə radionu açıb məlumatı dərhal eşidə bilir. Əgər televiziya canlı bağlantı etmək istəsə, PTS avadanlığı, 3 G və sair ötürücülərdən istifadə etməli olur. Bu isə xeyli vaxt alır və hətta bəzən uğursuz olduğu hallar da olur: görüntü, səs kəsilir, bağlantı yarımçıq qalır. Radioda isə hadisə yerində bir əməkdaşın olması və mobil telefon kifayət edir.
Radiolar da KİV qanunlarına riayət etməlidir
C.Nəzəroğlunun fikrincə, radio da digər KİV-lər kimi jurnalistikanın qızıl qaydalarına, jurnalist etikasına, cəmiyyətin tələb və gözləntilərinə əməl etməli, cavab verməlidir:
- Düzdür, dinləyicilərin bəziləri daha çox zövqünü oxşayan mahnı eşitmək üçün radioda dalğaları tez-tez dəyişirlər. Amma müəyyən qrup insan var ki, onlar həm də sanballı, maarifləndirici məlumatlar eşitmək istəyirlər. Radio onlar üçün dincəlmək vasitəsi olur. Hər bir müasir tələblərə cavab verən radioda həm xəbər, həm əyləncə (o cümlədən müsabiqələr), həm də maarifləndirici verilişlər, çarxlar olmalıdır. Sizinlə ASAN Radionun təcrübəsini paylaşa bilərəm. Dünya standartları çərçivəsində fəaliyyət göstərən 100 FM xəbəri saytlardan "copy-paste” edib səsləndirməyin tərəfdarı deyil. Xəbəri mənbəyindən almaq, əlaqədar şəxslərdən açıqlamalar əldə etmək, hadisə yerindən müxbirlə canlı bağlantılar yaratmaq radionun xəbər siyasətinin əsasını təşkil edir. Bundan başqa, gün ərzində qısa olmaq şərtilə çox maraqlı, faydalı məlumatlar səsləndirilir. Bunlardan biri də mənim aparıcısı və müəllifi olduğum "ANA dili” layihəsidir. Burada cəmiyyətdə bir çox insanın doğru bildiyi dil yanlışlarından danışıram. Misal üçün, siz bilirdinizmi o ifadə "İlanın yarpızdan xoşu gəlməz...” deyil, "yarpuzdan xoşu gəlməz”dir?.. "Yarpuz” heyvan adıdır...”ANA dili” çox sevilən layihə oldu.
Radio aparıcısının nitqi səlis olmalıdır
C.Nəzəroğlu ədəbi dilin qorunması, nitq mədəniyyətinin formalaşmasında radionun üzərinə böyük məsuliyyət düşdüyünü deyir:
- Radio da, televiziya da nitqlə, dillə işləyir. Amma radiodan fərqli olaraq, burada görüntünün olması bəzən qüsurları ört-basdır edə bilir. Baxın, hər zaman deyirik ki, ünsiyyətdə bədən dili təxminən 60 faizlik təsirə malikdir. Səs tonu 30, sözlər isə təxminən 10 faiz təşkil edir. Deməli, radioda bədən dilinə aid olan faizlər də səsə, sözə yüklənir. Radio aparıcısının ən kiçik nitq qüsuru belə, dərhal qulağı "cırmaqlayır”. Ümumilikdə götürdükdə isə hər bir vətəndaş Azərbaycan dilinin normalarına əməl etməyə borcludur. Xüsusilə də dil daşıyıcısı olan aparıcılar bunun üzərində yarpaq kimi əsməlidirlər. Dilimiz zəngindir. Kim ki dili yaxşı bilmir, onlar dialekt və ləhcələr, əcnəbi dildən alınma sözləri deməməklə mübarizə aparmaq məcburiyyətində qalır. Çünki fikri ifadə etmək üçün mövcud boşluğu hansısa ifadə ilə doldurmalı olur. Bir də yeri gəlmişkən, məni narahat edən bir məsələyə diqqət çəkmək istərdim. Bilirsiniz ki, ədəbi dilin orfoepiya (düzgün tələffüz) və orfoqrafiya (düzgün yazı) qolları var. Azərbaycan dilində bəzi sözlər yazıldığı kimi tələffüz olunmur. Təkcə "lar-lər” şəkilçisi "nar-nər, dar-dər, rar-rər” kimi tələffüz oluna bilir: "Oğlanlar-oğlannar”. Bu qaydaları bir çoxları bilmədiyindən, eşidəndə qəribə qarşılayırlar və ləhcə olduğunu zənn edirlər. Keçən dəfə banka getmişdim. Əməkdaş vəsiqənin üstündə soyadı görən kimi "A, siz ASAN Radiodakı aparıcı Nəzəroğlusunuz?”,- soruşdu. Təsdiq cavabını aldıqda belə dedi: "Sizi görməyim çox yaxşı oldu. Çoxdandır demək istəyirdim ki, o söz "vətəndaşdar” yox, "vətəndaşlar” kimi tələffüz olunmalıdır. Siz həmişə "vətəndaşdar” deyirsiniz”. Sadəcə, gülümsədim. Belə şeylər çox olur.
C.Nəzəroğlu qeyd etdi ki, dünyada radionun əhəmiyyəti bir çox tarixi hadisələrdə özünü daha çox göstərib. 1920-ci ildən ABŞ-da radiodan istifadə etməyə başladılar. 1930-cu ilə qədər artıq radio cəmiyyətdə ictimai fikir yaratmaq üçün ən vacib siyasi təbliğat maşını idi. İkinci Dünya müharibəsindən sonra Rusiya və ABŞ arasında yaranan Soyuq müharibədə radio silahı əvəz edən, hətta ondan dəfələrlə təsirli vasitə oldu. Hər iki qütb öz "həqiqətini” bütün dünyaya məhz radio vasitəsilə çatdırırdı. Təsəvvür edin ki, ABŞ 100 ötürücü ilə 38 dildə həftədə 800 saat yayım reallaşdırırdı. Sonralar "BBC World Service” Hindistan yarımadasında, Fransanın "Radio Franse İnternational” radiosu isə Afrikanın şimal bölgəsində ciddi təsiredici siyasi güc olaraq istifadə edildi. Sonrakı dövrlərdə də radio önəmli KİV idi. Hətta televiziyanın yaranması da onun əhəmiyyətini azalda bilməmişdi. Müasir dövrdə texnologiyanın inkişafı, o cümlədən internetin geniş yayılması elektorn KİV-lərə marağı daha çox artırdı. Amma eyni zamanda radio təkcə tezlik üzərindən deyil, həm də internet üzərindən yayımlanmaq imkanına sahib oldu. Bu da radio fəaliyyəti ilə məşğul olmaq istəyənlərin tezlik almaq məhdudiyyətini aradan qaldırmış oldu.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb