Rahibin həbsi məntiqidir

Branson din xadimindən çox kəşfiyyatçını xatırladır
ABŞ istədiyi vaxt rahibə öz vəkilini təqdim edə və məhkəmənin ədalətli qərar verməsinə nail ola bilər

Terrorda və casusluqda şübhəli bilinən amerikalı rahib Endryü Bransonun Türkiyədə həbs olunması Vaşinqton-Ankara münasibətlərini yenidən gərginləşdirib. Amerika Prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens Türkiyəni sanksiyalarla hədələyiblər. Amerikalı rəsmilər deyiblər ki, əgər rahib azadlığa buraxılmazsa, Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək.

Ağ Evə görə, PKK və Gülən şəbəkəsi ilə əlaqəsi olan rahib Endryü Branson Türkiyə həbsxanasından ev həbsinə deyil, birbaşa azadlığa buraxılmalı idi. Bəlkə də rəsmi Ankara Bransonu bir az ev həbsində saxladıqdan sonra tamamilə sərbəst buraxardı. Ancaq Vaşinqton tələsərək məsələni qəlizləşdirdi. Məlumata görə, Türkiyə amerikalı rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi. Lakin FETÖ məsələsində anlaşmaya yaxın durmayan Vaşinqton, üstəlik, rahibin azad edilməsi ilə bağlı Ankaranı sərt dillə təhdid edib. Türkiyə tərəfinin də ABŞ-a cavabı gecikməyib. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Vaşinqtonu təhdid dili ilə danışmaqdan çəkinməyə dəvət edib. Yıldırım bildirib ki, Türkiyə ilə bu dillə danışmaq olmaz: "Daha yaxşı olardı ki, Amerika 15 iyul hadisələrindən sonra Türkiyənin etibarını necə qazanacağını düşünsün”. Xarici işlər naziri Mövlud Çavuşoğlu da deyib ki, heç kəs Türkiyəyə necə hərəkət edəcəyini diktə edə bilməz: "Biz kimlərinsə təhdidlərinə səbr etməyəcəyik. Qanun qarşısında hamı bərabərdir, heç bir istisna yoxdur”.

İki dövlət arasındakı qarşıdurma ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu bildirib ki, FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən amerikalı keşiş Endryü Bransonun azad edilməsi müqabilində Ankara Fətullah Gülənin təhvil verilməsini tələb edir: 

"Branson bir din xadimindən daha çox kəşfiyyat nümayəndəsini xatırladır. Bu baxımdan, onun həbsinin insan haqları və azadlıqları ilə bir ilgisi yoxdur. Türkiyədə çevrilişə cəhddə təqsirkar bilinən bir şəxsin həbsi tam məntiqlidir. ABŞ istədiyi vaxt rahibə öz vəkilini təqdim edə və məhkəmənin ədalətli qərar verməsinə nail ola bilər. Lakin heç bir halda Vaşinqton bu məsələdə Ankaraya şərt irəli sürə bilməz”.

İsmayıl