Ramazanda əfv sərəncamı gözlənilir?

Çingiz Qənizadə: “Biz bu addımı həmişə alqışlamışıq və yenə də alqışlayacağıq”
Səidə Qocamanlı: “Əfv komissiyasına müraciətlərimizi etmişik”


Mirvari Qəhrəmanlı: "Ramazan bayramı ilə əlaqədar Əfv sərəncamı imzalanıb-
imzalanmayacağını bilmirəm”

Artıq uzun illərdir ki, bayramlar ərəfəsində bir qayda olaraq azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı əfv fərmanı və ya sərəncamı imzalanır. Odur ki, önəmli bayramlar ərəfəsində imzalanması bir növ adət halını almış əfv sərəncamı ilə bağlı söhbətlər hər bayram ərəfəsi olduğu kimi, qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar da aktuallaşıb.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib ki, Ramazan bayramı münasibətilə Əfv sərəncamının olub-olmaması cənab Prezident İlham Əliyevin şəxsi sərəncamında olan məsələdir. Çünki bu səlahiyyət Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət başçısına verilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, cənab Prezident olduqca hümanist şəxsdir: "Dövlət başçısı il ərzində bir neçə dəfə bu cür hümanist addımlar atır. Ola bilsin ki, Ramazan ayının başa çatması münasibətilə ölkə rəhbəri tərəfindən belə bir Əfv sərəncamı verilsin. Amma siyahılarda kimin adının olub-olmamasından asılı olmayaraq, hər bir əfvə düşən şəxs Azərbaycan vətəndaşıdır. Cənab Prezident kimləri əfv etməyi məsləhət biləcəksə, sayından asılı olmayaraq biz bu addımı həmişə alqışlamışıq və yenə də alqışlayacağıq. Təbii ki, beynəlxalq təşkilatların siyahılarında, onların sənədlərində adları hallanan bəzi şəxslərin üzərində iş aparılmasının tərəfdarıyam. Mən Azərbaycanla hər hansı bir təhdidlə, bəyanatla danışmağın tərəfdarı deyiləm və qətiyyətlə bunu rədd edirəm. Hətta ayrı-ayrı fərdlərin azad olunması üçün edilən çağırışlar həmin məhkumların işini daha da ağırlaşdırır. Çünki onlar cinayət törədiblər və Azərbaycan qanunvericiliyini pozublar. Belə olan halda təhdidlə deyil, xahişlər, təkliflə çıxış etmək daha məqsədəuyğun olardı”. Bununla bağlı Əfv Komissiyasına müraciət etdiklərini vurğulayan İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlının sözlərinə görə, onlar da İşçi Qrup üzvləri olaraq, müqəddəs Ramazan bayramı münasibətilə növbəti əfv sərəncamını gözləyirlər: "Ramazanda əfv sərəncamının olacağını gözləyirik. Amma bu ölkə başçısının səlahiyyətində olan bir məsələdir. Biz bununla bağlı Əfv komissiyasına müraciətlərimizi etmişik. Yekun siyahı orada hazırlanır”. Səidə Qocamanlı İşçi Qrupunun son aylardakı fəaliyyətindən də danışıb: "İşçi Qrupun növbəti toplantısı hələ ki, gözlənilmir. Çünki indi yay vaxtıdır. Yay aylarında adətən İşçi Qrup nadir hallarda toplanır. Amma üzümüzə gələn aylarda növbəti toplantılar keçirəcəyik”.

İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı da Ramazan bayramı ilə bağlı əfv sərəncamı imzalanıb- imzalanmayacağına dair məlumatsız olduğunu deyib: "İşçi Qrupunun missiyası hansısa problemi aidiyyəti qurumlar qarşısında qaldırmaqdan ibarətdir. Biz hər iclasda məhbuslarla bağlı problemləri müzakirəyə çıxarırıq. Hazırladığımız əfv siyahısını Əfv Komissiyasının katibliyinə çatdırmışıq. Sadəcə olaraq, İşçi Qrupunda təmsil olunan QHT-lərdən heç biri Əfv komissiyasının üzvü olmadığı üçün bizdə konkret məlumatlar olmur. Biz ancaq öz təkliflərimizi onlara ünvanlaya bilirik. Əfv sərəncamının olub-olmayacağından biz də ancaq mətbuat vasitəsilə xəbər tuturuq. Sərəncam isə birbaşa ölkə başçısının iradəsindən asılıdır”.

Heç vaxt əfvlə bağlı proqnoz vermədiyini vurğulayan Mirvari Qəhrəmanlı heç ehtimal da deyə bilməyəcəyini bəyan edib: "Məhbus yolu gözləyən ailələri boş-boşuna ümidləndirib, onların stress keçirməsinə səbəb olmaq istəmirəm. Rəsmi dairədən heç bir məlumat almadığım üçün Ramazan bayramı ilə əlaqədar Əfv sərəncamı imzalanıb-imzalanmayacağını bilmirəm”.

Şəymən