Rauf Zeyni:"Layiqli şəxslər, təhsilli kadrlar yuxarı vəzifələrə gətirilərsə..."






"Vaxtaşırı müxtəlif sahələrdə kadr islahatlarının aparılması ictimaiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilir”.

Bunu "Sherg.az”a İcra strukturları ilə bağlı aparılan kadr islahatlarına münasibət bildirərkən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib. 

O bildirib ki, ölkə başçısı tərəfindən yüksək səviyyədə təhsil alan kadrların müxtəlif vəzifələrə gətirilməsi müsbət addımdır:

"Eyni zamanda, Milli Məclisin deputatlarının müxtəlif vəzifələrə gətirilməsi ölkədə aparılan kadr islahatlarının yüksək keyfiyyətindən xəbər verir. Ölkədə idarəetmənin səmərəliliyinin artırılması üçün kadrların savadlı olmasının çox böyük əhəmiyyəti var. 

Layiqli şəxslər, enerjili, təhsilli kadrlar yuxarı vəzifələrə gətirilərsə, ölkənin bütün sahələrdə sürətli inkişafından söhbət gedə bilər.

Tək icra hakimlərinin dəyişdirilməsində deyil, idarəetmədə aparılan bütün islahatları dəstəkləyirəm. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi islahatları tam şəkildə dəstəkləyirəm. Yeni vəzifələrə təyin edilən şəxslərin etimadı doğruldacağına inanıram”.

Qeyd edək ki, 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir çox rayonların icra başçıları dəyişdirildi.

Aysel Aslan