"Əksər yol nəqliyyat hadisələrində piyadaların da təqsiri olur”.
Bunu "Sherg.az”a piyadaların, xüsusilə məktəbli uşaqların vurulması hallarının artmasından danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov söyləyib.
O qeyd edib ki, bir neçə nəfər birlikdə yolu keçəndə diqqətini gələn avtomobilə deyil, bir-birinə yönəldirlər:
"Ona görə, həmin qəzaların yaranmasının bir səbəbi budur. Məktəblilər isə yolu keçəndə tələsirlər, diqqətli olmurlar. Bəzi yerlərdə, xüsusilə rayonlarda məktəblərin ətrafında piyadalar üçün xüsusi keçidlər təşkil olunmayıb. Çoxlu sayda piyada keçən yerlərdə keçidlər yaradılmalıdır.

Hər kəs, piyadalar da, sürücülər də diqqətlə yanaşmalıdır. "Piyada könüllüləri” hərəkatına başlamaq lazımdır. Kampaniya şəklində piyadaların maarifləndirilməsi üçün könüllülər cəlb olunmalıdır. "Piyada könüllüləri” cəmiyyəti olmalıdır ki, orta məktəblərdə, ictimai məkanlarda təbliğat aparılmasıdır ki, insanların buna marağı olsun. Təəssüf ki, insanlar birinin başına bədbəxt hadisə gələndə dərs götürmürlər”.
F. Eyyubov əlavə edib ki, yolu düzgün keçməyən piyada, diqqət etməyən adam mütləq cəza almalıdır:
"Hadisələri də analiz etmək lazımdır. Yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılmalıdır. Qəzaya səbəb olan amil aradan qaldırılmalıdır. Sürücü təqsirkardırsa, sürücü, piyada təqsirkardırsa, piyada müvafiq şəkildə xəbərdarlıq almalıdır. Məsələni kompleks şəkildə yoluna qoymaq vacibdir”.
Aysel Aslan