Referendumu izləyən beynəlxalq təşkilatlar razı qaldı




Bugün Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb, səsvermə saat 19:00-da başa çatacaq. Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır. Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

"Seçici fəallığı müşahidə olunur”

Azərbaycanda seçkiləri izləyən Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib ki, baş çəkdikləri seçki məntəqələrində heç bir qanun pozuntusu ilə qarşılaşmayıblar: "Artıq 4-cü dəfədir ki, Azərbaycanda seçki prosesini müşahidə edirik Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq. Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir”.

"Səsvermə çox yaxşı təşkil edilib”

Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib ki, Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışıblar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir”.
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak da bildirib ki, səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar olub: "Səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir. Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib. İndi Bakıdan kənara çıxmağı planlaşdırırıq” . Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

"Referendum prosesi açıq və sakit keçir”

Hollandiyadan olan beynəlxalq müşahidəçi Xuan Alexandro Eberhard vurğulayıb ki, Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara uyğun keçirilir.
Seçicilərlə də ünsiyyət qurduğunu qeyd edən müşahidəçi səsvermə prosesinin çox açıq və sakit şəkildə keçdiyini bildirib. AŞPA üzvü, ispaniyalı Karmen Kvintanilla da deyib ki, insanlar səsvermə prosesində sərbəst iştirak edirlər: "Azərbaycanda referendum çox yaxşı təşkil olunub. İnsanlar sərbəst şəkildə səsvermə prosesində iştirak edirlər. İndidən Azərbaycan xalqını təbrik edirəm. Ümid edirik, referendumun nəticəsi Azərbaycan xalqı üçün yaxşı olacaq”. İtaliya Senatının üzvü Sercio Divina da qeyd edib ki, müşahidə apardıqları məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub: "Müxtəlif seçki məntəqələrində olduq. İndiyədək müşahidə apardığımız məntəqələrdə bütün sənədləşmə, qeydiyyat qaydalara uyğun aparılıb. Referendum zamanı başqa məntəqələrdə təkrar səsvermənin qarşısını almaq üçün ultraqırmızı şüa ilə barmaqların yoxlanılması isə düşünürəm ki, effektiv addımdır”.

"Yüksək aktivlik müşahidə olunur”

Seçkilərini müşahidə edən Avropa Akademiyasının serbiyalı nümayəndəsi Marko Blogojeviç səsvermənin təşkilinin yüksək səviyyədə olduğunu vurğulayıb: "İndiyə qədər apardığım müşahidələr seçicilərin kifayət qədər aktiv olduğunu göstərir”. Səsverməni müşahidə edən Avropa Akademiyasının digər nümayəndəsi Aleksandr Markoviç də həmkarının fikirlərinə şərik olduğunu deyib.

"Bu referendum təqdirəlayiqdir”

Referendum prosesini müşahidə edən Böyük Britaniya parlamentinin üzvü Lord David Evans Azərbaycanda olmaqdan çox məmnun olduğunu deyib: "Referendumla bağlı səsvermə prosesini izləyərkən müşahidə etdiklərim məndə xoş təəssüratlar yaradıb. Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir”.

"Azərbaycanda referendum səsverməsi mütəşəkkil keçir”

Türkdilli ölkələrin Parlamentlər Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Nurlan Dulatbekov deyib ki, TÜRK PA missiyası artıq 3 seçki məntəqəsində olub: "Şəhər ətrafındakı seçki məntəqələrinə baş çəkmək də planlaşdırılır. Hər şey dəqiq təşkil edilib”. Xatırladaq ki, TÜRK PA missiyasına Qazaxıstan, Qırğızıstan və Türkiyədən parlamentarilər daxildir. Qurumun baş katibi Jandos Asanov da deyib ki, Azərbaycan xalqı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır. Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilir: "TürkPA-nın müşahidə missiyası axşam saatlarında səsvermənin hesablanması prosesini müşahidə edəcək və o zaman seçicilərin aktivliyi barədə yekun nəticə vermək mümkün olacaq.

"Azərbaycanda 10 illərdir referendum və seçkilər çox yüksək səviyyədə keçirilir”

MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov Azərbaycanda referendumun yüksək səviyyədə təşkil olunduğunu deyib: "Referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey çox yüksək səviyyədə hazırlanır. Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər. Hamı tərəfindən qəbul edilmiş faktdır odur ki, referenduma daxil edilən məzmunlu məsələlərdir. Bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir. Umaxanov qeyd edib ki, heç kəs Azərbaycan xalqının fikrini dəyişmək haqqına malik deyil.

Referendumu hansı beynəlxalq təşkilatlar izləyib?

Referendumla bağlı Mərkəzi Seçki Komissiyasında 117 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat katibi Şahin Əsəsdlinin məlumatına görə, xarici müşahidəçilər 18 beynəlxalq təşkilatı təmsil edir: "Bunların arasında Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Xalq Partiyası, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyətləri, Türkiyə, İngiltərə, Fransa, İtaliya, Avstraliya və digər ölkələrin parlament üzvləri, xarici ölkələrin mərkəzi seçki komissiyalarının missiyaları, Avropanın seçki müşahidəsi sahəsində ixtisaslaşan bir neçə nüfuzlu qurumu təmsil olunur. Həmin xarici müşahidəçilər ümumilikdə 33 ölkənin vətəndaşıdır”. MSK rəsmisi əlavə edib ki, ölkə üzrə seçicilərin ümumi sayı 5 milyon 267 min 111 nəfərdir.

İsmayıl