Regionlarda nəzərdə tutulan bütün layihələr icra olunmalıdır

Prezident İlham Əliyevin son müşavirədəki göstərişləri kənd təsərrüfatında canlanma yaradacaq



Azərbaycanda neqativ halların aradan qaldırılması istiqamətində hökumət genişmiqyaslı antiböhran tədbirləri həyata keçirməkdədir. Birbaşa Prezident İlham Əliyevin nəzarətində olan tədbirlərin icra vəziyyəti də müntəzəm olaraq dövlət başçısı tərəfindən izlənilir. Prezidentin yaranmış vəziyyətdən sonra qısa müddət ərzində 3 dəfə hökuməti bir yerə toplaması, vəziyyətdən çıxış yollarını müzakirə etməsi də ölkə rəhbərinin bu işə necə həssaslıqla yanaşdığını göstərir.

Dövlət başçısının xüsusilə diqqət çəkdiyi mühüm məsələlərdən biri yerli istehsala üstünlük verilməsi və xaricdən asılılığın aradan qaldırılması məsələsi idi. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, yerli məhsulların istehsalında xaricdən asılılıq aradan qaldırılmalıdır: "Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir. İdxaldan asılılığın azaldılması üçün kənd təsərrüfatının bütün istiqamətləri inkişaf etdirilməlidir. Keçən il "Kənd Təsərrüfatı İli” olub, amma əslində hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələri görülüb. Taxtakörpü, Şəmkir su anbarları tikilib, Ceyranbatanda müasir təmizləmə qurğusu yaradılıb. Artıq Azərbaycanda on minlərlə hektar ərazini suvarmaq mümkün olacaq”. Prezident göstəriş verib ki, şimal rayonlarında və Şəmkirdə tezliklə fermer təsərrüfatları yaradılmalıdır: "Heyvandarlığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi təkliflər təqdim edib. Biz əvvəllər cins mallar alırdıq, yenə alınacaq. Ancaq süni mayalandırma inkişaf etdirilməlidir. Bitkiçilikdə də böyük inkişaf var. Pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Mənə verilən məlumata görə, 1 kq pambıq yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq”. Dövlət başçısı bildirib ki, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir: "Quş əti ilə 98,6 faiz özümüzü təmin edirik.

Quş ətinin istehsalında son illər böyük artım var. Çünki dövlət buna böyük dəstək verib. Ancaq quş ətinin istehsalında maya dəyərində xaricdən asılılıq 65 faizdir. Burada asılılıq dedikdə, qarğıdalı, soya, günəbaxandan söhbət gedir. Sahibkarlar bunu nəzərə almalıdırlar. Özümüzü 96 faiz yumurta ilə təmin etsək də, 65 faiz maya dəyərində xaricdən asılılıq var. Süd istehsalında da yem və dərman amilindən xaricdən asılılıq var. Biz südlə özümüzü təmin etməli və ixrac da etməliyik. Taxılçılıq inkişaf edir. 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton taxıl istehsal olunub. Amma biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında xaricdən 20 faiz asılılıq var. Bu asılılıq gübrə və dərmanla bağlıdır. Dərman istehsalı ilə bağlı da işlər görülməlidir”. Dövlət başçısı deyib ki, bütün bunlar inkişaf göstəriciləridir: "Sovet dövründə yağı, pendiri və digər məhsulları Rusiyadan, Ukraynadan alırdıq. İndi isə bu sahədə biz inkişaf etməkdəyik”. Heç şübhəsiz ki, daxili istehsalın artması və xaricdən asılılığın tədricən aradan qaldırılması indiki vəziyyətdə olduqca vacibdir və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir. Ekspertlər də hesab edirlər ki, yerli istehsalçılar dövlət başçısının bu tapşırığına ciddi diqqət yetirməlidir.

İqtisadçı-ekspert Pərviz Heydərov bu istiqamətdə atılması vacib olan addımlardan danışıb. Ekspert deyib ki, dövlət başçısının çıxışlarına diqqət yetirsək, hökumətin qarşısına qoyduğu vəzifələri ümumən, iki qrupa bölmək olar. Birincisi, əhalinin sosial müdafiəsini daha güclü şəkildə təşkil etmək, ikincisi isə ortaya çıxmış yeni situasiya ilə əlaqədar genişmiqyaslı tədbirlərə başlamaq: "Hər iki istiqamətdə konkret addımlar atılıb. Manatın üzən məzənnəyə keçməsi daxili istehsalı stimullaşdırmaq üçün əhəmiyyətli xarakter daşıyır. Valyuta bazarının tənzimlənməsi məqsədilə tətbiq ediləcək yenilikləri də qeyd etmək lazımdır. Belə ki, xaricə kapital axınına nəzarət edilməsi yerli istehsala sərmayə qoyuluşu və istehlak qiymətlərinin yüksəlməməsi üçün müvafiq şərait yaradacaq. Ancaq əsas məsələ və məqsəd heç şübhəsiz ki, daxili istehsala məxsus, yəni yerli məhsulların rəqabət qabiliyyətliliyini təmin etməkdir. Tədbirlər kompleks şəkildə həyata keçirilərsə, konkret nəticələr daha tez üzə çıxacaq”. İqtisadçı investisiya taktikamızın dəyişdiyini deyib: "Keçən il ölkə iqtisadiyyatına 20 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da təqribən, 50 faizini xarici sərmayə təşkil edib. Prezident İlham Əliyev iclasda vurğuladı ki, 2016-cı ildə yaranmış situasiya ilə əlaqədar ölkəmizə xarici investisiyalar daha böyük həcmdə cəlb edilməlidir. Belə ki, qlobal iqtisadi böhranın ölkəmizə təzyiqləri olduqca güclüdür. Azərbaycanda investisiyalar indiyədək daha çox neft sektoruna qoyulub. Halbuki qeyri-neft sektorunda da buna çox gözəl zəmin var. Düzdür, son vaxtlar qeyri-neft sektoruna daxili və xarici sərmayələr qoyulur. Amma bunu artırmaq lazımdır. Biz real ixrac potensialımızı genişləndirməli və idxaldan asılılığı azaltmalıyıq. Təbii ki, bu proses yerli sahibkarlara da aiddir. Onlar da Azərbaycan iqtisadiyyatına bacardıqca daha çox sərmayə qoymalıdırlar”.

Aqrar məsələlər üzrə ekspert Çingiz Fərəcov xüsusilə taxılın strateji məhsul olduğunu xatırladıb. Onun sözlərinə görə, dünyanın bütün ölkələrində taxıl istehsalına ciddi əhəmiyyət verilir: "Sovet dövründə respublikamızda 80 faiz əhalinin tələbatı idxal hesabına ödənilirdi. İndi də taxılçılıq sahəsində böyük işlər görülür. Dövlət tərəfindən buğda səpilən sahələrin hər hektarına, motor yağlarına görə subsidiya verilir. Gübrənin qiymətinin 70 faizi dövlət tərəfindən ödənilir. Yəni, respublikamızda taxıl istehsalını artırmaq mümkündür. Ancaq taxıl istehsalı sahəsində ona görə geridə qalırıq ki, respublikada taxıl toxumçuluğu məsələsi tam həllini tapmayıb. Bu problem əsaslı surətdə həll olunmalıdır. Eyni zamanda, taxılçılıq ekstensiv yox, intensiv metodla inkişaf etdirilməlidir. Yəni inkişaf hektarı artırmaq yox, keyfiyyəti artırmaqla olmalıdır. Kənd

Təsərrüfatı Nazirliyi torpaqlarda taxıl əkilməsinə, sahələrə gübrələrin verilməsinə diqqəti artırmalıdır”.

İsmayıl