Osman Gündüz: “Məncə, MTRŞ monitorinqlər aparmalıdır, bu sahədəki problemləri nəzərə almalıdır”
Dünəndən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri ("Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. 1 noyabrdan etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.
Qeyd edək ki, nazirliyin xəbərdarlığından sonra əksər vətəndaşlar evlərində olan televiziya ötürücülərinin, xüsusən çanaq antenalarının siqnalları qəbul etməyəcəyindən narahatdır. Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlara sahib olan vətəndaşlar isə dekoderləri necə alacaqlarını düşünürlər.
Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz əvvəla onu deyib ki, analoq yayımın ləğv olunmasının çanaq antenalarına hər hansı təsiri olmayacaq: "Əvvəllər paralel yayım gedirdi, həm rəqəmsal, həm də analoq yayım. İndi, sadəcə, rəqəmsal yayım olacaq. Burada bir problem var ki, hələ də ölkədə rəqəmsal yayım avadanlıqlarını qəbul etməyən, sadəcə, analoq yayımla işləyən televizorlar var. Analoqdan imtina edib tam rəqəmsala keçməyin bu problemi çıxa bilər. Əvvəllər əhaliyə dekoderlərin paylanması da nəzərdə tutulmuşdu. Uzun müddət Teleradio Şurası müzakirə etsə də, bunun öhdəsindən gələ bilmədi. Müzakirə isə bunun üzərində idi ki, rəqəmsal yayımı qəbul edən aparatları olmayanlara dekoderlər paylanmalıdır”.
Evində çanaq antenası və ya kabel televiziyası olmayanların analoq yayımla işləyən antenalarını yeni dekoderlərlə əvəz etməli olacaqlarını vurğulayan Mərkəz direktorunun sözlərinə görə, modern olmayan televizorlara bu avadanlıq quraşdırılmaqla rəqəmsalı qəbul edə bilərdi: "MTRŞ hökumətə bu barədə müraciət etdi, uzun yazışmalar getdi, çox güman ki, hökumət bu təklifi dəstəkləmədi. Aztəminatlı əhaliyə bu avadanlıqların paylanmasından imtina olundu. Ancaq bunu zamanında etmək lazım idi. MTRŞ və RİTN zamanında, hökumətin gəlirlərinin yaxşı olduğu vaxtda bu məsələni həll etməli idilər. İndi büdcədə pul azdır və problemlər yaranıb. Bir müddət əvvəl hökumət bu istiqamətdə başqa bir qərar verdi ki, rəqəmsal yayımla bağlı ölkəyə gətirilən avadanlıqlar müəyyən rüsumlardan, gömrük vergisindən və sairdən azad olunsun. Çox güman ki, o da buna yönəlik bir addım idi. Düşünürəm ki, bu fərmanın icrası bazarda həmin avadanlıqların ucuzlaşmasına gətirib çıxaracaq”.
Regionlarda yaşayan əhalinin analoq yayımın ləğv edilməsindən əziyyət çəkəcəyini vurğulayan ekspertin sözlərinə görə, bu qərarın icrası zamanı müəyyən problemlər yaşanacaq. Biz bunu hesablamışıq. Bəzi insanlarda, xüsusən də regionlarda insanların evindəki televizorlar elədir ki, analoq yayım dayansa, siqnalları qəbul edə bilməyəcəklər: "Məncə, MTRŞ monitorinqlər aparmalıdır, bu sahədəki problemləri nəzərə almalıdır. Yəni insanların informasiya ala bilməməsi düzgün deyil. Xüsusən dövlət televiziyaları ilə bağlı, hökumətin fəaliyyəti ilə bağlı informasiyaları insanlar almalıdırlar”.
Rəqəmsal televiziya yayımının müasir dövrün tələbi olduğunu deyən Mərkəz rəhbəri qeyd edib ki, keyfiyyət, əlçatanlıq, əlavə informasiyalar əldə etmək, tezliklərin boşalması baxımından üstünlükləri çoxdur. Hədsiz dərəcədə üstünlükləri var: "Əgər MTRŞ analoq yayımı dayandırıb rəqəmsal yayıma keçirsə, burada bir tələskənlik də hiss olunursa, yaxşı olardı ki, normal bir kontent yaradardı. Televiziya kontentinin hazırlanmasına ciddi diqqət yetirilməlidir, buna diqqət ayrılmalıdır. Keyfiyyətli siqnalla qəbul olunacaq proqramın içində də nə isə olmalıdır axı... Ona görə də bu tələskənliyə paralel olaraq, elektron resurslarda, televiziyalarda normal milli kontentin də hazırlanmasına diqqət yetirilsə yaxşı olar”.
Şəymən