Elçin Sadıqov: “Naqif Həmzəyev işlətdiyi təhqiramiz ifadələri Milli Məclisdə deputat kimi deyil, şəxsi söhbət əsnasında, yəni fərdi qaydada işlədib. Ona görə də məsuliyyətə cəlb edilməlidir”
Rəis Rəsulzadənin məhkəməyə müraciət etməyə tam haqqı çatır
Azər Ayxan: “Şəxsən mən gənc deputatın yerinə olsam, üzrxahlıq edərək mövcud gərginliyi aradan qaldırmağa çalışardım”
Elçin Sadıqov: “Naqif Həmzəyev işlətdiyi təhqiramiz ifadələri Milli Məclisdə deputat kimi deyil, şəxsi söhbət əsnasında, yəni fərdi qaydada işlədib. Ona görə də məsuliyyətə cəlb edilməlidir”
Elçin Sadıqov: “Naqif Həmzəyev işlətdiyi təhqiramiz ifadələri Milli Məclisdə deputat kimi deyil, şəxsi söhbət əsnasında, yəni fərdi qaydada işlədib. Ona görə də məsuliyyətə cəlb edilməlidir”
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə cümhuriyyət liderini təhqir edən gənc deputat Naqif Həmzəyevi məhkəməyə verəcəyini açıqlayıb. Danışığını bilməyən deputatla məhkəmədə görüşəcəyini deyən R.Rəsulzadə belə bir savadsızın deputat seçilməsindən təəssüf hissi keçirdiyini bildirib:
"Dediyi sözlərin hamısı onun özünə aiddir. Əgər M.Ə.Rəsulzadəni təhqir etdiyi sübut olunsa, məhkəmədə cavab verməli olacaq. Təhqirlərinə hüquqi qiymət veriləcək”. Xatırladaq ki, ötən gün "musavat.com” saytında qəzetin əməkdaşının deputatla dialoqu yayımlanıb. Müsahibə zamanı Naqif Həmzəyev Rəsulzadə haqqında təhqiramiz sözlər işlədərək onu "satqın” adlandırıb. Ancaq şiddətli tənqidlə üzləşən gənc millət vəkili dərc olunanlara görə, "Yeni Müsavat” qəzetinin müxbirini ittiham edərək, həmin sözlərin ona aid olmadığını bildirib. N.Həmzəyev bu yazıya görə, qəzeti və müxbiri məhkəməyə verəcəyini bəyan edib. Qəzetin baş redaktoru Rauf Arifoğlu isə müxbirin həmin yazısının çox ciddi yoxlanıldığını deyib: "Biz həmin yazını çox ciddi yoxlamışıq. Məhkəmədə iddialarımızı tam sübut edəcək dəlillərimiz var”. Yəni iki gündür müzakirə olunan Rəsulzadə məsələsi sadəcə media mövzusu yox, həm də mübahisəli məhkəmə predmetinə çevrilib.
Naqif Həmzəyevin "Yeni Müsavat”ı ittiham etməsi ilə bağlı "Şərq”ə açıqlama verən qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan deyib ki, bütün ölkələrdə xalqın liderlərinə qarşı hörmət və ehtiram duyğusu qorunub saxlanılır: "Əvvəla bəyan edim ki, tarixdə iz qoymuş rəhbər şəxslərin özləri, daha sonra ailələri ən müxtəlif qayğılarla, maaşla, mühafizə ilə və s. vasitələrlə təmin olunurlar. Bununla yanaşı, liderlərə təbii sevgi və hörmət də bəslənilir. Fikir verirsizsə, Türkiyədə kimliyindən asılı olmayaraq keçmiş rəhbərlərə "sayın” deyə müraciət edirlər. Azərbaycanda da son illər bununla bağlı bəzi qərarlar verilib, Prezident tərəfindən mühüm qanunlar imzalanıb. Məsələn, eks-prezident Ayaz Mütəllibovla bağlı addım atıldı, o cümlədən Əbülfəz Elçibəyin ailəsinə maaş təyin olundu, maşın verildi. Bu cür münasibət dövlətçiliyin əsas sahələrindən sayılır. Dövlətçilik deyəndə təkcə hakimiyyətin qorunması başa düşülmür ki. Dövlətçilik əslində hakimiyyətdən fərqli bir şeydir. Dövlət əbədidir, müqəddəsdir, toxunulmazdır. Hakimiyyətlər isə gəldi-gedərdi”.
A.Ayxanın sözlərinə görə, burda söhbət dövlət qurmuş adamdan gedir: "Bir var, dövlətə rəhbərlik edən şəxs, bir də var dövləti quran lider. Bax, həmin lider Məhəmməd Əmin Rəsulzadədir. Kimlərinsə razılaşıb-razılaşmamasından asılı olmayaraq, bu, tarixi faktdır. Ona dil uzatmaq, təhqir etmək, aşağılamaq əxlaq məsələsidir. Rəsulzadə elə bir dəyərdir ki, onu qəbul etməmək, Azərbaycan tarixindəki danılmaz rolunu inkar etmək qeyri-mümkündür. Bu, Azərin, Naqifin və qeyrisinin şəxsi məsələsi deyil. Biz öz şəxsiyyətlərimizə, dəyərli insanlarımıza qiymət verə bilmədiyimizə görə, belə vəziyyətə gəlib çıxmışıq. Dünyada ikinci millət varmı ki, dilinə, dininə, dövlətinə, qurucu şəxslərinə bizim qədər hörmətsiz yanaşsın? Düzdür, indi nəinki liderləri inkar edirlər, hətta bəzi bəndələr onları yaradan Allahı da danırlar. Təbii ki, bunlar azlıqda olan adamlardır. Ancaq deputatın bu cür münasibət sərgiləməsi yolverilməzdir”. Redaktor gənc deputatın üzr istəməsini məsləhət bilib: "Şəxsən mən gənc deputatın yerinə olsam, üzrxahlıq edərək mövcud gərginliyi aradan qaldırmağa çalışardım. Əsassız yerə dirəniş göstərməzdim. Çünki söhbət zamanı orada onlarla jurnalist olub. Sadəcə həmin jurnalistlər bu və ya digər səbəbdən məsələnin üzərinə getmirlər, amma qeyri-rəsmi şəkildə belə bir dialoqun olduğunu təsdiqləyirlər. Əgər deputat bizi məhkəməyə vermək istəyirsə, versin. Biz Rəsulzadə uğrunda məhkəməyə çıxmağı özümüzə şərəf bilərik”.
Tanınmış vəkil, hüquqşünas Elçin Sadıqov isə Rəis Rəsulzadənin babasını təhqir edən deputatı məhkəməyə verməsindən danışıb: "Mülki Məcəllənin 23-cü maddəsində müəyyən olunub ki, barəsində təhqiredici məlumatlar getmiş şəxsin özü yaşamırsa, onun yaxın qohumları məhkəmədə iddia qaldıra bilərlər. Yəni M.Ə.Rəsulzadənin nəvəsinin təhqirlə bağlı məhkəməyə müraciət etməyə tam haqqı çatır. Hər hansı status məsuliyyətə cəlb olunmaq baxımından əhəmiyyət kəsb etmir. Həm də nəzərə alınmalıdır ki, Naqif Həmzəyev işlətdiyi təhqiramiz ifadələri Milli Məclisdə deputat kimi deyil, şəxsi söhbət əsnasında, yəni fərdi qaydada işlədib. Ona görə də məsuliyyətə cəlb edilməlidir”.
İsmayıl