“Reket jurnalistika” mətbuatın bəlasıdır

Buna qarşı mübarizə aparılır, amma...
Vüqar Rəhimzadə: “Son zamanlar elektron media orqanlarının qanunazidd fəaliyyəti ilə bağlı daha çox şikayətlər alırıq”



Bu məsələ bəzən o qədər aktuallaşır ki, insanlar onun müzakirəsinə hətta həftələrlə vaxt sərf etməli olur. Uzun illərdir müzakirə mövzusuna çevrilən "reket” jurnalistikasının geniş yayılmasının səbəbləri və ona qarşı mübarizə üsulları haqqında qəzet redaktorları müxtəlif fikirlər səsləndirir. Bir çoxları isə Mətbuat Şurasının təzyiqlərinin keçərli olmaması, reket jurnalistikaya qarşı daha ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyini bildirir.

Mətbuat Şurasının reket qəzetlərə qarşı apardığı mübarizənin kifayət qədər effektli olduğunu vurğulayan Azərbaycan Mətbuat Şurasının "Reket Jurnalistika”ya Qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadənin sözlərinə görə, təkcə Mətbuat Şurası deyil, ictimaiyyət də bu mübarizəyə dəstək verir. Jurnalistika adına xələl gətirən, jurnalistlərin peşə prinsiplərinə zidd fəaliyyət sərgiləyən, öz şəxsi maraqlarını güdən media orqanlarına qarşı mübarizə daima davam edir. Son zamanlar elektron media orqanlarının qanunazidd fəaliyyəti ilə bağlı daha çox şikayətlər aldıqlarını vurğulayan Komissiya sədri hər həftə şikayətlərə baxılması üçün Komissiya üzvlərinin iştirakı ilə iclas keçirildiyini deyib: "Son illərdə reketçilik əsasən yazılı mediadan onlayn mediaya transfer edib. İndi daha çox internet media orqanlarında peşə davranış qaydalarının pozulması ilə bağlı Mətbuat Şurasına müraciətlər daxil olmaqdadır. Peşə davranışı qaydalarını kobud şəkildə pozan, qərəz, böhtan, şəxsi maraqlarını təmin etmək üçün hər hansı bir fərd haqqında davamlı qərəzli yazılar dərc edən saytların sayı çoxalıb. Şikayətlər isə daha çox insanların şərəf və ləyaqətini alçaltmaq, böhtan və təhqir xarakterli yazılarla bağlıdır.

Sabahkı (bu gün) iclasın gündəliyinə baxanda da gördüm ki, yenə də elektron mediadan olunan şikayətlərin sayı çoxluq təşkil edir. Reket jurnalistikaya qarşı mübarizə Mətbuat Şurasının fəaliyyəti ilə kifayətlənmir. Onlara qarşı mübarizə ictimai qınağa söykənir. Fəaliyyət göstərdiyimiz istiqamətlə bağlı apardığımız işlər ictimaiyyət tərəfindən də davamlı şəkildə dəstəklənir. Məhz bu dəstək də bizə stimul verir ki, reket jurnalistlərə qarşı mübarizəni daha effektiv və intensiv formada həyata keçirək. Adı Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”da olan qəzetlərin KİVDF-nin media orqanları üçün elan etdiyi layihələrdə və fərdi jurnalist müsabiqələrində iştirak etməsinə qoyulan məhdudiyyəti də təqdirəlayiq hal kimi dəyərləndirirəm. Hesab edirəm ki, biz hamılıqla reketçiliyə qarşı mübarizə aparmalıyıq”.

Kifayət qədər effektiv nəticələrin əldə olunduğunu vurğulayan V.Rəhimzadə qarşıdakı illərdə hədəflərinin daha böyük olduğunu deyib: "Jurnalistika sahəsində öz peşəkarlığı və obyektivliyi ilə sayılıb-seçilən jurnalistlərin, media orqanlarının sayı kifayət qədərdir. Amma çox təəssüflər olsun ki, hələ də jurnalistikaya aidiyyəti olmayan, bu sahəyə xələl gətirən insanlarla rastlaşırıq”.

V.Rəhimzadənin sözlərinə görə, adı "qara siyahı”ya düşən qəzetlərin sayında azalma müşahidə olunsa da, üzdəniraq elektron media orqanlarının sayında hələ ki artım müşahidə olunmaqdadır: "Azərbaycandakı söz azadlığı və plüralizmdən istifadə edən bir qrup şəxslər sayt yaradıb, jurnalistikadan qisas almaq, şəxsi mənfəət əldə etmək məqsədi ilə faydalanırlar. Bu məsələ ilə ciddi şəkildə mübarizə aparmaq üçün Mətbuat Şurasının sonuncu qurultayında İdarə Heyətinin üzvlüyünə elektron media sahəsi ilə məşğul olan mütəxəssislər də seçilib. Bizim Komissiya ilə yanaşı, Şuranın tərkibindəki digər Komissiyalar da bu istiqamətdə öz addımlarını atırlar”.

Komissiyanın iş prinsipinə toxunan V.Rəhimzadə deyib ki, ilkin mərhələdə böhtan və şantaj xarakterli yazılarından şikayət olunan media orqanlarına xəbərdarlıq edilir. "Həmin orqanın məsul şəxsləri və ya konkret jurnalist Mətbuat Şurasına dəvət olunaraq fəaliyyətlərinin neqativ istiqamətlərə yönəldiyi onlara bildirilir. Şikayətlərin mahiyyəti izah edilir. Onların böhtan və şantaj xarakterli yazılarına son qoyulmadığı halda isə biz onların adını "qara siyahı”ya salmaqla bağlı vəsatət qaldırırıq. Peşə davranış qaydalarına zidd fəaliyyət göstərən saytların adının "qara siyahı”ya salınması təcrübəmizdə olub və xəbərdarlıqlar heç bir nəticə verməsə, analoji addımlarımız bundan sonra da olacaq”.

Hansısa bir media orqanının adının "qara sihayı”dan çıxarılması prosesinə gəldikdə isə Komissiya sədri deyib ki, Mətbuat Şurası iki dəfə bu istiqamətdə real addımlar atıb: "Mətbuat Şurasında Apelyasiya Qrupu fəaliyyət göstərir. Eyni zamanda Şuranın icra katibliyi tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır. Adı "qara siyahı”da olan qəzet və saytların fəaliyyətində müsbətə doğru dönüş yaranıbsa, artıq peşə davranış qaydalarına zidd hərəkətlərə yol vermirlərsə, biz Apelyasiya qrupu olaraq onların adının siyahıdan çıxarılması haqqında qərar veririk. İki dəfə belə bir qərar vermişik. Bilirsiniz ki, Mətbuat Şurasının "qara siyahı”sına düşən qəzetlərin sayı daha çox idi. İki dəfə - 2010 və 2013-cü illərdə həmin "qara siyahı”ya düşən qəzetlərin redaktorları tərəfindən Mətbuat Şurasına müraciət ünvanlandı. Onlar xahiş etdilər ki, artıq jurnalistlərin peşə davranışı qaydalarına riayət edirlər və onların adlarını "qara siyahı”dan çıxaraq. Bu müraciətlərə əsaslanaraq Mətbuat Şurasında Apelyasiya Qrupu yaradılıb. Yaradılmış qrup müraciət edən qəzetlərin fəaliyyətlərini təftiş edib. Aparılan araşdırmalar nəticəsində müraciət edən 50-dən artıq qəzetdən 26-sı 2010-cu ildə, 7-si isə 2013-cü ildə "qara siyahı”dan çıxarılıb. Əsas şərtimiz də olub ki, onlar iradlardan nəticə çıxarmasalar, yenidən jurnalistikanın peşə davranış qaydalarına zidd hərəkətlərə yol versələr, müzakirə və xəbərdarlıq olunmadan onların adı yenidən "qara siyahı”ya salınacaq. Bir qəzet ikinci dəfə "qara siyahı”ya salındıqda isə artıq onu siyahıdan çıxarmaq mümkün olmayacaq. Amma sevindirici haldır ki, adı siyahıdan çıxarılan mətbu orqanların böyük əksəriyyətinin fəaliyyətində ciddi dönüş yaranıb”.

"Bəs mətbuat adına ləkə olan reket jurnalistikaya qarşı mübarizə hansı səviyyədə aparılmalıdır ki, onların fəaliyyətinə birdəfəlik son qoymaq mümkün olsun” sualına gəldikdə isə V.Rəhimzadə deyib ki, bunun üçün Mətbuat Şurasının hüquqi qərar çıxarmaq səlahiyyəti təmin edilməlidir.

Onun sözlərinə görə, "Mətbuat Şurası haqqında” qanun qəbul olunsa, Şuranın qərarları da hüquqi xarakter daşıyar. Eyni zamanda Mətbuat Şurasının fəaliyyəti daha da optimallaşar, eyni zamanda, "reket” jurnalistikaya qarşı mübarizə daha da effektli olar.

Dünya təcrübəsində Mətbuat Şurası haqqında qanunların mövcud olduğunu vurğulayan Komissiya sədri deyib ki, Azərbaycanda bu sənəd hazırlanarkən beynəlxalq təcrübəyə əsaslanmaq olar: "Mətbuat Şurası ictimaiyyətdən gələn çoxsaylı və təkidli sifarişlər əsasında "reket” qəzetçiliyə qarşı mübarizə ilə məşğul olub və bununla bağlı özünün müvafiq sənədlərini qəbul edib. Bu iş effektli şəkildə davam etdirilir. Ancaq təcrübə onu göstərir ki, adı "Qara siyahı”ya düşmüş qəzetlərin bir çoxu öz bəd əməllərindən çəkinmirlər. Mətbuat Şurası qeyri-hökumət təşkilatı olduğu üçün qəbul etdiyi qərarlar ictimai qınaq xarakteri daşıyır və heç bir hüquqi əsasları olmur. Biz sadəcə reketçiliklə məşğul olan jurnalistlərin fəaliyyət istiqamətlərini cəmiyyətə çatdırırıq. Ən yaxşı halda da onların adını "qara siyahı”ya salırıq. Bundan artıq sərt tədbirlər görmək imkanlarımız məhduddur. "Mətbuat Şurası haqqında” qanun qəbul edilsə, Şuranın əlində daha təsirli vasitələr olar. Təbii ki, inzibatçılığın tərəfdarı deyiləm, amma davamlı olaraq şantaj və böhtan xarakterli yazılar yazan, iradlarımızdan heç bir nəticə çıxarmayan qəzet və saytlara qarşı sərt addımların atılmasının tərəfdarıyam. Ən azından Şuraya "reket” qəzetlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət etmək səlahiyyəti verilsin. Bu, daha təsirli olar. Eyni zamanda, qəzetin fəaliyyətinin məhkəmə qərarı ilə dayandırılması daha məqsədəuyğundur. Bütövlükdə MŞ haqqında qanunun hazırlanması, onun fəaliyyətinin qanunla nizamlanması həm Şuranın sözünün kəsərini artırar, həm fəaliyyətinin səmərəsini yüksəldər, bütövlükdə isə "reket” jurnalistikaya qarşı mübarizəni daha da effektli edər. Ona görə də, şəxsən mən bir vətəndaş, uzun illərdir bu sahədə çalışan bir mütəxəssis olaraq MŞ haqqında qanunun qəbul olunmasının tərəfdarıyam”.

(Davamı olacaq)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb