Repititorsuz uğur mümkündürmü?

Nabatəli Qulamoğlu: “Şagirdlərin repititor dəstəyi olmadan tədris proqramını tam qavraya biləcəyi mümkün deyil”



Neçə il əvvəl "Vətənə sevgi, Dövlətə vergi!” şüarı xeyli populyarlaşmışdı. Hətta telekanallarda da Vətənə sevginin dövlətə vergidən başladığını cəmiyyətə aşılamaq missiyası daşıyan video-çarxlar nümayiş olunurdu. Sonra isə bu məsələ nədənsə arxa plana keçdi. İndi isə bu məsələ yenidən aktuallıq qazanmaqdadı.

İş o yerə çatıb ki, cəmiyyətdə hər zaman xüsusi imtiyazları ilə seçilən və "ipə-sapa yatmayan” təbəqə hesab olunan müğənnilərin də vergiyə cəlb edilməsinə başlanılıb. Düzdür, dünənədək toy qiymətləri ilə öyünən müğənnilər, vergi söhbətini eşidən kimi ah-vay qopardılar, az qala bütün toylara havayı getdiklərinə hər kəsi inandırmağa çalışdılar. Nəinki müğənnilər, hətta müəllimlər, evlərdə təmir işləri ilə məşğul olan usta və fəhlələrin də vergiyə cəlb ediləcəyi deyilir.

Müəllimlərə gəldikdə, əlbəttə ki, söhbət repititorluq fəaliyyəti ilə məşğul olanlardan gedir.

Elə bu xəbər də müəllimləri təşvişə salıb. Məlumdur ki, repititorluq son 15 ilin ən yayqın əmək fəaliyyəti növüdür. Əksər müəllimlər dərsdən əlavə müəllimliklə - repititorluqla məşğul olur. Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ sövq etmiş olurlar. Amma bunu hər müəllimə də aid etmək doğru deyil. Əslində, repititorluq təhsilimiz Avropa standartlarına inteqrasiya etdikcə özünə yer elədi. Yeni təhsil standartları yeni öyrətmə metodunu da ortaya gətirdi və repititorluq fəaliyyəti belə təşəkkül tapmağa başladı. Məsələn, ali məktəbə daxil olmağı qarşısına məqsəd qoymuş şagirdin əlavə dərs çalışmalarına qatılmaması hazırkı şərtlərlə, demək olar, absurd görünür. Bunun test tapşırıqları var, sinif müəllimlərinin belə həll edə bilmədiyi misalları, məsələləri, açıq sualları, məntiqi-filanı... Elə hazırlıq kurslarının özü repititorluğun bir növüdür. Son illərdə nə qədər hazırlıq kursları açıldı. Hamısında da xarici dil kursları, ayrı-ayrı fənlər üzrə hazırlıq, hətta sırf qəbul imtahanlarına hazırlıq aparanlar da var, eləcə də magistratura, dövlət qulluğuna imtahanlara hazırlıq. Fərq burasındadır ki, hazırlıq kursları icarəyə götürülmüş ofislərdə, hansısa binalarda yerləşir, fərdi repititorluqla məşğul olanlarsa, ya işlədiyi məktəbdə dərsdən sonra qalıb şagirdləri hazırlaşdırır, ya da uşaqlar müəllimin evinə yığışır. Hazırlıq kursları ilə məsələ asandır, görünən dağa nə bələdçi. Fəaliyyət və bunun nəticəsində gəlir varsa, vergi də, yəqin ki, ödənir. Qalır, qeyri-leqal repititorluqla məşğul olanlar. Əsas dərsdən sonra məktəbdə qalıb əlavə dərs keçənlər, həmçinin şəxsi mənzilində şagirdlərə əlavə dərs keçən müəllimlər vergiyə necə cəlb olunacaq? Yoxsa, kimsə uşağın ardınca düşüb, qarabaqara onu izləyəcək ki görüm, hara gedir, kimin qapısını döyür və orada nə işlə məşğul olur?!

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında repititorların vergiyə cəlb edilməsinin çox çətin proses olacağını bildirdi:

- Mən bunun mexanizmini bilmirəm. Necə edəcəklər, hansı yolla? Belə bir təcrübə ilə də tanış deyiləm. Repititorluq təcrübəsi dünya ölkələrində geniş yayılıb. Hətta Yaponiyada repititor köməyindən hər valideyn istifadə edir. Dərsdən sonra uşaqlarını repititorluq hazırlığına göndərirlər. Yəni, bu, geniş yayılmış tədris üsuludur. Xüsusilə nəzərə alsaq ki, hazırda məktəb proqramı necə çətindir, necə qəlizdir, şagirdlərin repititor dəstəyi olmadan tədris proqramını tam qavraya biləcəyi mümkün deyil. İndi ibtidai sinif proqramı elə qəlizləşdirilib ki, heç müəllimlər özü başa düşə bilmir, o ki qaldı, uşaqlar. Valideyn məcburdur ki, uşağını əlavə müəllim yanına hazırlığa göndərsin. Hazırda ibtidai sinif riyaziyyat dərsliyindəki anlaşılmaz tapşırıqları yalnız ali məktəb müəllimləri həll edə bilir. Valideyn onun həllini ali məktəbdə dərs deyən müəllimdən, ya da tətbiqi riyaziyyat mütəxəssisindən soruşur. Belə vəziyyətdə repititorlarsız keçinmək qeyri-mümkündür. Görürsünüz, dərsliklərdə nə qədər səhvlərə yol verilir. Tədris proqramının həddindən artıq ağır olması faktdır, neçə dəfə bu barədə danışılıb, etirazlar bildirilib. Ən yaxşı, savadlı müəllim də dərs saatında bu proqramı tədris edib başa vura bilmir. Ona görə də şagirdlərə əlavə vaxtda dərs keçmək zərurəti yaranır. İkinci səbəb, ehtiyacdır. Kim istəməz ki, işdən gəlib, evində rahatlansın, beyni sakitləşsin. Əqli əməklə məşğul olmaq çox ağırdır. Müəllimə nə düşüb ki, aşağısı 12-18 saat dərs keçəndən sonra məktəbdə qalıb və ya evə gəlib yenə şagird hazırlaşdırsın? Deməli, burada ehtiyac meyarı var. Hamımız bilirik ki, müəllimin əmək haqqı aşağıdır. Müəllimin çəkdiyi zəhmət müqabilində aldığı əmək haqqı çox azdır. Buna görə müəllimlər əlavə şagird hazırlaşdırır. Burada fəaliyyətin daşıdığı missiyanın çox böyük önəmi var. Burada daha çox savad vermək, daha çox biliklərə yiyələnmək var. Repititorluq sayəsində şagirdlər biliklərə daha yaxından yiyələnir. Bir halda ki, təhsil dövlət siyasətinin əsas və ən başlıca prioritet sahələrindən biridir, müəllimlərin repititorluq etməsinə əngəl olmaq yox, əksinə, onu stimullaşdırmaq lazımdır. Məhz təhsil prioritet sahə olduğu üçün repititorluq fəaliyyəti vergidən kənar saxlanmalıdır. Dünyanın bir çox ölkələrində məhz belədir. Təki uşaqlar təhsil alsın, biliyə yiyələnsin deyə, müəllimlərə heç bir məhdudiyyət qoyulmur. Həm də repititorluq elə də gəlirli sahə deyil axı. Nə qazanır, müəllim repititorluqdan? Bəzən imkansız ailələr müəllimin aylıq haqqını ödəyə bilmir. Amma müəllim yenə də "qoy uşaq gəlsin, proqram yarımçıq qalmasın, sonra ödəyərsiz” deyib, uşağı təhsilə təşviq edir. Belə müəllimlər də var. Etiraf etməliyik ki, bizim bu gün təhsildə əldə etdiyimiz nailiyyətlərdə repititorluğun rolu çox böyükdür.

Ali məktəbə qəbul olunanları dindirin, böyük əksəriyyəti dərsdən sonra müəllim yanına əlavə hazırlığa getdiyini deyəcək. Səbəbləri də dedik.

Müəllimlər repititorluğa görə vergiyə cəlb olunacaqlarından narahatdırlar. Hesab edirəm ki, repititorların vergiyə cəlb olunması reallaşsa belə, gözlənilən nəticəni verməyəcək.

Məlahət Rzayeva