Səxavət Məmməd: "Telefon jurnalistikası reportyorları demək olar ki, arxa plana atıb"
Reportaj jurnalistikanın ən maraqlı sahəsidir
Təəssüf ki, bu janrda yazıların sayı azalıb
Səxavət Məmməd: "Telefon jurnalistikası reportyorları demək olar ki, arxa plana atıb"
Səxavət Məmməd: "Telefon jurnalistikası reportyorları demək olar ki, arxa plana atıb"
Seymur Verdizadə: "Reportaj o qədər peşəkar hazırlanmalıdır ki, oxucu özünü hadisənin iştirakçısı hesab edə bilsin"
Niyaz Niftiyev: "Müasir media daha çox xəbər istehsalına diqqət ayırır"
Elçin Zahiroğlu: "Çox güman ki, bənzər saytların xəbərləri "copy past” edib yaymaq ənənəsi zamanla sıradan çıxacaq"
Elşad Məmmədli: "Yeni nəsil jurnalistlər özlərinə əziyyət vermək istəmir və jurnalist fəaliyyətinə başlayandan uzağı 1-2 il sonra redaktor olmağa can atırlar"
(əvvəli ötən sayımızda)
Ölkə mətbuatının inkişaf etdirilməsi istiqamətində çoxsaylı addımlar atılsa da, bir sıra çatışmazlıqların olduğu iddia edilir. Xüsusən də mediada reportaj janrında yazılara az rast gəlinməsi kimi iradlar həm ekspertlər, həm də oxucular tərəfindən tez-tez tutulur. Jurnalistikada reportajın öz yeri və çəkisi olduğu qeyd olunur. Sözsüz ki, medianın ən maraqlı və oxunaqlı sahələrindən biri reportaj janrıdır. Bu janrın əsas vəzifəsi baş verən ictimai əhəmiyyətli, əlamətdar, tipik, bir çox hallarda qeyri-adi hadisəni obrazlı şəkildə canlandırmaq və oxucuya təqdim etməkdir. Reportajda sanki oxucuların özləri də baş verənləri yaxından seyr edir və hadisənin canlı iştirakçısına çevrilir. Ona görə də əsl reportajlar cəmiyyətdə böyük rezonans doğuran, ictimai maraq kəsb edən məqamlarla zəngin hadisələrə həsr edilir. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırdıqlarına görə, reportaj jurnalistika janrı kimi müəllifdən şəxsi münasibət tələb edir.
Reportaj şahidin vacib və aktual hadisə barədə öz hekayəsinə çevrilir. Çünki reportaj sadəcə faktların sadalanması deyil, həmçinin, şəxsi analiz deməkdir. O baxımdan jurnalist araşdırmasını həyata keçirən reportyorlarda bacarıq, təcrübə, səriştə kimi vacib keyfiyyətlər olmalıdır. Araşdırmaçı reportyorlar tədqiqatçılıq işini sona çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr qarşısında məyus duruma düşməməlidirlər. Önəmli sənədləri axtarıb tapa bilmə və onları qoruyub saxlama bacarığı reportyorun diqqət yetirməli olduğu əsas məqamlardır. Nəzərə almaq lazımdır ki, sırf elmi araşdırma dar oxucu kütləsinə, jurnalistin apardığı araşdırma isə geniş oxucu auditoriyasına ünvanlanır və bu səbəbdən sonuncunun təsir dairəsi daha geniş olur. Media ekspertləri reportaj janrının önəmli olduğunu vurğulasalar da, ölkəmizdə bu sahənin inkişafdan geri qaldığını düşünürlər. Onların fikrincə, dünya ölkələri ilə müqayisədə Azərbaycan mətbuatında peşəkar reportyorların sayı çox azdır.
Reportyorluq olmasa, yəqin ki, jurnalistikadan gedərəm
"Yeniçağ.az”ın reportyoru Səxavət Məmməd də mediada reportajların sayının azalması kimi fikirlərlə razılaşdığını, ancaq reportaj sahəsindən jurnalistlərin qaçması fikri ilə qətiyyən razı olmadığını deyib:
"Bu məsələdə tək günahkar varsa, o da media qurumlarıdır. Reportaj üçün jurnalistlər harasa göndərilməlidir. Əgər jurnalist media qurumu tərəfindən göndərilmirsə, jurnalist burada nə edə bilər? Media qurumları keyfiyyətdən daha çox, kəmiyyətə üstünlük verir. Belə olan halda da reportajlar azalır. Reportaj üçün getmək, çəkmək, yazmaq lazımdır. Keyfiyyətli material üçün isə vaxt lazımdır. Media rəhbərləri o qədər vaxtı jurnalistin redaksiyada işləməsinə ayırmağı daha çox istəyir. Buna görə də reportyorların sayı barmaqla sayılacaq qədərdir. Jurnalistikanı telefonun məhv etdiyini düşünənlərdənəm. Hazırda ölkə mediasında yayımlanan özəl materialların 90 faizi telefonla alınır. Telefon jurnalistikası reportyorları demək olar ki, arxa plana atıb. Ancaq media qurumlarının ciddiyətini, gücünü göstərən elə məhz reportajlardır. Razıyam, reportyorluq jurnalistikanın ən çətin sahəsidir. Telefon dura-dura reportyorluqdan uzaq qaçmağı normal anlayıram. Redaksiyada oturursan, çayın önündə, əlində telefon işləyirsən. Mənə görə jurnalisti jurnalist edən reportajlarıdır. Aprel döyüşləri vaxtı 2 aya yaxın redaksiya üzü görməmişəm. Getmək bir dərd, çəkmək, məlumat əldə etmək bir dərd, internet tapmaq üçün kilometrlərlə məsafə qət etmək bir dərd. Bir neçə gün öncə Şamaxıda baş verən zəlzələ zamanı gecə saat 2-də artıq orada idim. Səhəri insanlarla küçədə açdıq. Reportajlarda başımıza gəlməyən iş qalmır. Ancaq material ortaya çıxdıqdan sonra bütün əziyyət unudulur. Reportyorluq narkotik kimidir. Bunu təkcə mən yox, bütün reportyorlar deyir. İki dəfə cəhd etmişəm getməyə, bir də baxmışam hansısa hadisə baş verib və oradayam. Reportyorluq olmasa, yəqin ki, jurnalistikadan gedərəm”.
Reportajların azlığı çağdaş mətbuatımızın əsas problemlərindən biridir
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadənin fikrincə, reportaj yazmaq jurnalistdən xüsusi hazırlıq tələb edir:
"Reportaj o qədər peşəkar hazırlanmalıdır ki, oxucu özünü hadisənin iştirakçısı hesab edə bilsin. Əsl reportaj odur ki, onu oxuyan rəssam yazıda təsvir olunan hadisələri tabloya çevirməyi bacarsın. Reportaj yazan jurnalistin qələmi rəssamın fırçası qədər dəqiq işləməlidir. Yaxın beş-altı ilə kimi Azərbaycan mətbuatında maraqlı reportajlara tez-tez rast gəlmək olurdu. Amma internet mətbuatı çap mətbuatını üstələməyə başlayandan sonra reportajlara maraq bir qədər azaldı. İnternet mətbuatının, sosial medianın həyatımızın vazkeçilməz parçasına çevrilməsindən sonra sanki mətbuatın təyinatı da dəyişdi.
Onlayn mediada operativlik önə çıxdığı üçün peşəkarlıq arxa plana keçdi. Operativlik önə çıxdığı üçün təkcə reportajlara deyil, jurnalistikanın əsasını təşkil edən digər janrlara da maraq azaldı”. Ekspertə görə, burada başqa vacib bir məqam da var: "Mən 1990-cı illərin sonunda jurnalistikaya gələndə, meydanda sovet dövründə formalaşmış tələbkar oxucu kütləsi vardı. Bizim nəslin jurnalist kimi formalaşmasında həmin auditoriyanın müstəsna xidmətləri oldu. Təəssüf ki, indi meydanda həmin auditoriyadan çox az adam qalıb. Son 10-15 ildə formalaşmış oxucu auditoriyası tələbkar deyil. İnanmıram ki, indiki oxucular nöqtə, vergül davası aparsınlar. Bu isə bəzi həmkarlarımızda məsuliyyət hissini arxa plana keçirir. Mövcud problemlərdən dolayı Azərbaycan oxucusu böyük ölçüdə mütaliə zövqündən mərhum oldu. Reportajların azlığı çağdaş mətbuatımızın əsas problemlərindən biridir. Hesab edirəm ki, KİV rəhbərləri bu məsələyə xüsusi diqqət göstərməlidirlər. Yaxşı reportaj qəzetə də, sayta da hörmət gətirir”.
Qəzetlər bu sahədə internet mediadan bir addım irəlidədir
"Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev də bildirib ki, 10-15 il əvvəldən fərqli olaraq, bu gün həm klassik, həm də internet mediada çox az sayda reportajlara rast gəlinir:
"Müasir media daha çox xəbər istehsalına diqqət ayırır. Amma demək olmaz ki, reportajlar tamamilə yoxdur. Bu janr mətbuatın, xüsusən də jurnalistikanın sırf yaradıcı tərəfidir. Həm saytlarda, həm qəzetlərdə müxtəlif sahələrə aid reportajlara rast gəlirik. Qəzetlər bu sahədə internet mediadan bir addım irəlidədir. Çalışırlar ki, oxucu auditoriyasının nəbzini tutsunlar, gündəmdə olan mövzulara müraciət etsinlər. Keyfiyyət məsələsinə, daha doğrusu, reportajların dolğunluğu və əhatəliyinə gəlincə isə düşünürəm ki, burada elə də ciddi problem yoxdur. Mediada peşəkar həmkarlarımız kifayət qədərdir. Hər bir jurnalist imzasına hörmət etməyə çalışır. Hazırlanan reportajların daha dolğun və əhatəli olması həm də onun qiymətləndirilməsindən çox asılıdır. Əgər redaksiya hazırlanan reportaja, adi informasiyaya verdiyi qonorarı təklif edirsə, bu, doğru yanaşma deyil və bütün hallarda həmin reportajın keyfiyyətinə təsir edəcək".
"Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu vurğulayıb ki, reportaj janrının get-gedə sıradan çıxması, həcminin azalması internet medianın istiqaməti ilə bağlıdır:
"Bunun kökündə çox tirajlanmaq istəyi durur. İnternet media daha çox informasiyalara qaçır. Əsas səbəblərindən biri odur ki, saytlarımız daha çox sosial şəbəkələrdə paylaşımlar etməklə uğur qazanmağa üstünlük verirlər. Bu baxımdan daha lakonik, xırda informativ materialları seçirlər. Məsələnin digər tərəfi odur ki, hazırda media bazarında daha çox xəbər paylaşmaq və kiçik imkanlarla "böyük” görünmək cəhdi müşahidə olunur. Yəni hansısa saytın sadəcə bir əməkdaşı varsa, onu redaksiyada saxlayıb, 5-6 informasiya yazmağa məcbur etmək daha məqsədəuyğundur, nəinki, tək müxbiri harasa reportaj hazırlamağa göndərmək. Əsas problemimiz budur. Bununla yanaşı, ölkəmizdə yaxşı reportyor çatışmazlığı da var”.
Baş redaktor deyib ki, reportaj medianın əsas sahələrindən hesab olunsa da, təəssüflər olsun ki, bu sahədə hamı korluq çəkir:
"Ancaq hesab edirəm ki, zaman keçdikcə reportaj janrı inkişafa qədəm qoyacaq. Əvvəllər media orqanları əsasən bu janra üstünlük verirdilər və oxucu auditoriyalarını reportajlarla çoxaldırdılar. Çox güman ki, bənzər saytların xəbərləri "copy past” edib yaymaq ənənəsi zamanla sıradan çıxacaq. Rəqabət olarsa, hər mətbu orqan özəl informasiya əldə etməyə, maraqlı reportajlar hazırlamağa səy göstərəcək. Belə olan təqdirdə reportajlar həlledici məsələyə çevriləcək və populyar olacaq. O zaman peşəkar reportyorların sayı artacaq”.
Yeni nəsil jurnalistlər özlərinə əziyyət vermək istəmir və jurnalist fəaliyyətinə başlayandan uzağı 1-2 il sonra…
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli də reportajı medianın canı adlandırıb:
"Ən çox oxunan, maraq doğuran və jurnalistə məşhurluq gətirən janrdır. Həmçinin, reportyorluğun müəyyən çətinlikləri də var. Məsələn, jurnalist hədəfinə nail olmaq üçün hadisə yerinə getməli, görməli, bəzən günlərlə yollarda olmalıdır. Hətta reportaj hazırlamaq üçün dünyanın ucqar nöqtələrinə gedib-gəlmək üçün bəzən 2 həftə vaxt sərf edən jurnalistlər də var.
Onlar təhlükələrlə də üzləşirlər, amma nəticədə ortaya günlərlə, aylarla müzakirə olunan bir material qoyurlar. 1990-cı illərdə və 2000-ci illərin ortalarınadək mediada çalışanlar arasında xeyli məşhur reportyorlar vardı. Amma sonra internet sürətlə media həyatını dəyişdi. İndi məşhur reportyorların sayı barmaqla göstəriləcək qədərdir. Reportyor olmaq istəyən yoxdur.
Məsələn, redaksiyaya yeni jurnalist gəlir, 2-3 ay çalışır, sonra köşə yazarı olmaq istəyir. Hansı ki, onun karyera uğuru köşə yazarlığında deyil, reportyorluqdadır. Sanki yeni nəsil jurnalistlər özlərinə əziyyət vermək istəmir və jurnalist fəaliyyətinə başlayandan uzağı 1-2 il sonra redaktor olmağa can atırlar. Əlbəttə, "general olmaq istəməyən əsgər əsgər deyil".
Amma bir qanunauyğunluq var. Əsgər bir ilə general ola bilməz, bunun üçün mərhələlər keçilməlidir. Mən özüm, azı 10 il reportyor, müxbir işləməkdə maraqlı olmuşam və beləcə yetişmişəm. Nəzərə almaq lazımdır ki, oxucu üçün gənc bir jurnalistin özünün hansı düşüncədə olması deyil, onun hazırladığı reportajlar maraqlıdır. Bu baxımdan bu sahə media üçün çox mühümdür və reportajsız media orqanını təsəvvür etmək mümkün deyil”.
Şəymən