“Rəsmi Kiyev istəyir ki, Rusiya Qərbin qəzəbindən qurtara bilməsin”

“Ukrayna Moskvanın niyyətini bildiyi üçün Minsk razılaşmasının şərtlərinə əməl etməyə tələsmir”




"Normand dördlüyü”nün Berlində keçirilən sammitində Ukraynanın Donbas regionunda vəziyyətin nizamlanmasına dair "yol xəritəsi” hazırlanıb. Bu barədə məlumat verən Angela Merkel sənədin tam şəkildə razılaşdırılmadığını və Minsk sazişinin bir çox bəndlərinin tərəflər arasında müxtəlif cür başa düşüldüyünü etiraf edib. Dəqiqləşdirmələr aparmaq dörd ölkənin xarici işlər nazirliklərinə həvalə olunub.

Ukrayna Prezidenti Pyotr Poroşenko isə bildirib ki, Donbasda ATƏT-in silahlı polis missiyasının yerləşdirilməsi barədə razılaşmaya nail olunub. Onlar Rusiya-Ukrayna sərhədinin bütün sahələrinə və münaqişə zonasına giriş əldə etməlidir. Rusiya Prezidenti Vladimir Putin də qoşunların geri çəkildiyi zonalarda və ağır texnikanın saxlandığı məntəqələrdə ATƏT-in missiyasını genişləndirməyə hazır olduqlarını bəyan edib. Bəzi ekspertlər bunu Rusiyanın Ukraynadan geri çəkilməsi kimi qələmə veriblər. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, bir sıra məsələlərdə razılıq əldə olunsa da, prinsipial mövzularda anlaşma olmayıb: "Söhbət ATƏT-in silahlı missiyasından gedir. Lakin məsələ burasındadır ki, Ukrayna və Rusiya Minsk razılaşmasına tamam fərqli mövqedən yanaşırlar. Rusiya ilk olaraq qeyd edir ki, rəsmi Kiyev üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Yəni konstitusiyada dəyişiklik edərək dövlətin unitar quruluşunu dəyişməli və Donbasa muxtariyyət verməlidir. Yalnız ondan sonra sərhədlərin nəzarəti Ukrayna qoşunlarına keçə bilər. Ukrayna isə bunun əksini tələb edir. Bu məsələdə çox ciddi fikir ayrılığı var. Berlin görüşündə bununla bağlı hansısa
razılıq əldə edilmədi. Mənə elə gəlir ki, Rusiya sözügedən məsələni gündəlikdən çıxarmağa çalışır”. Ekspertə görə, Putinin əsas məqsədi Krımı işğal etmək idi və buna nail oldu: "Kreml rəhbəri hesab edir ki, Donbas məsələsində güzəşt edərsə, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları onun üzərindən götürər. Sırf bu səbəbdən bölgədə ATƏT-in missiyasının genişlənməsinə şərait yaradır. Ukrayna rəhbərliyi Moskvanın niyyətini bildiyi üçün Minsk razılaşmasının şərtlərinə əməl etməyə tələsmir. Rəsmi Kiyev istəyir ki, bütün günah separatçıların boynunda qalsın və Rusiya Qərbin qəzəbindən qurtula bilməsin. Ona görə də yaxın müddətdə Ukrayna böhranının düzələcəyinə inanmıram”.

İsmayıl