"Rubl və lirənin dəyərdən düşməsi Azərbaycan manatına təsir göstərməyəcək" - Detallı İzah

Qalib Toğrul:""Rusiya və Türkiyə Azərbaycanın ticarət tərəfdaşları olduğu əsas ölkələrdir. Onlardən gələn gəlirin həcmi neftdən gələn dolların həcminə nisbətdə çox kiçikdir"
"Bundan əlavə ölkədə turizm və neftdən gələn gəlir artıb. Büdcəyə əlavə vəsait daxil olub"




"Həm iqtisadi, həm də siyasi faktorlar Azərbaycanda növbəti  devalvasiyanın yaşanmayacağını deməyə imkan verir”

Bu sözləri "Sherg.az”a ötənlərdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun "Manata heç bir təhlükə yoxdur” açıqlamasını  şərh edərkən iqtisadçı-ekspert Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin hazırkı səviyyəsi, 70 dollar və ondan yuxarı olması Azərbaycanın öz milli valyutasını indiki səviyyədə saxlamasına imkan verir:

"Son zamanlar rus rublunun və türk lirəsinin dollara nisbətən sürətlə dəyərdən düşməsi prosesi Azərbaycan manatına heç bir təsir göstərməyəcək. Azərbaycan manatı bu vəziyyətdə öz dəyərini saxlayacaq. Çünki bu, bir tərəfdən iqtsadi faktorla bağlı prosesdir. 

Neftin dünya bazarında qiymətinin qalxması və adekvat olaraq Azərbaycanda valyuta ehtiyatlarının yüksəlməsi  manata ola biləcək təhlükəni aradan qaldırır. Digər tərəfdən bu siyasi məsələdir. Azərbaycan hökuməti öz siyasi xəttini, yolunu tutub. Bir daha əvvəllər yaşanmış devalvasiyaları təkrarlamaq istəmir. Çünki həmin devalvasiyalar çox ağır nəticələrə səbəb oldu.

 Həm əhalinin gəlirlərinin azalması,  həm də əhalinin alıcılıq qabilyətinin aşağı düşməsi sahibkarlıq mühitində bəzi mənfi məsələlərin büruzə verməsi kimi problemlər yaratdı. İqtisadi, siyasi faktorlar Azərbaycanda bir daha devalvasiya olmayacağını deməyə əsas verir. Rublun və türk lirəsinin dəyərdən düşməsi Azərbaycan manatının dəyərdən düşməsi demək deyil. Hər iki ölkə- Türkiyə və Rusiya Azərbaycanın ticarət tərəfdaşları olduğu əsas ölkələrdir. 

Amma onlardən gələn gəlir həcmi neftdən gələn dolların həcminə nisbətdə çox kiçikdir. Bundan əlavə ölkədə turizm və neftdən gələn gəlir artıb. Büdcəyə əlavə vəsait daxil olub. Bütün bu amillər onu göstərir ki, Azərbaycan manatında heç bir dəyişiklik olmayacaq və Azərbaycan bir daha növbəti devalvasiya yaşanmayacaq”.

Kənan Eynuroğlu