Ruhani çətin vəziyyətdədir

ABŞ və İsrail İranı içəridən qarışdırmaq üçün müxtəlif ssenarilərə əl atacaq




"ABŞ İranla nüvə anlaşmasından çıxdı və qarşılığında Tehran uranın zənginləşdirməsinı artıracağını bəyan etdi.
Maraqlıdır ki, bu bəyanatı prezident Həsən Ruhani deyil, ali dini lider Əli Xamaneyi səsləndirdi”. 

Bunu feysbuk profilində tanınmış siyasi ekspert Elxan Şahinoğlu yazıb. Analitik bildirib ki, İranın mühafizəkar kəsimi Həsən Ruhani və onun komandasının xarici siyasətini uğursuz hesab edir.

 Bu isə onların təşəbbüsü öz əllərinə alması deməkdir: 

"Ruhani çətin vəziyyətdədir. Amerikanın keçmiş prezidenti Barak Obama ilə imzaladığı saziş Donald Tramp tərəfindən zibilə atıldı. Bu da Həsən Ruhaninin İrandakı mövqelərini zəiflətdi. Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu indi də Avropa ölkələrini inandırmağa çalışır ki, İrana inanmaq olmaz. 

Onun Berlin, Paris və Londona səfərinin yeganə mövzusu İran idi. Lakin Avropa İttifaqı Amerikadan fərqli olaraq nüvə anlaşmasından çıxmaq istəmir. Buna baxmayaraq, Amerikanın sanksiyalarından ehtiyat edən Avropa şirkətləri bir-bir İranı tərk edirlər. Üstəgəl, Xamaneyinin sosial şəbəkədə yazdığı "İsrail adlı dövlət Yaxın Şərqdən yox olmalıdır” cümləsi Avropada narazılıq doğurub. Almaniyanın kansleri Angela Merkel də narazlığını ifadə edib”.

Politoloqa görə, ABŞ və İsrail İranı içəridən qarışdırmaq üçün müxtəlif ssenarilərə əl atacaqlar: 

"Netanyahu son video müraciətində bildirib ki, iranlılar ağıllı insanlardır, təşəbbüskar və zəki düşüncəyə sahibdirlər. İranı tərk edən farslar Qərbdə yaşayaraq, elm və texnikada böyük nailiyyətlər əldə edirlər. Netanyahu fikrini belə davam etdirir ki, İrandakı rejim bu xalqa layiq deyil. Maliyyəni nüvə silahına və terrorçu təşkilatların silahlandırılmasına xərcləyir. Halbuki, bu pulları ölkənin inkişafına yönəldə bilərlər. Əslində Netanyahu bu açıqlaması ilə faktiki İran xalqını qiyama çağırır”.

İsmayıl