Ruhani vəziyyətin fərqindədir
Fərhad Mehdiyev: “Qərb ölkələri İran liderinin Avropa səyahətindən məmnun qalmasına çalışırlar. Ona görə də əllərindən gələni edirlər”
İran prezidenti Həsən Ruhani "altılıq” ölkələri ilə nüvə razılığı əldə etdikdən və İranın üzərindən beynəlxalq sanksiyalar götürüldükdən sonra Avropaya ilk səfərini həyata keçirib. Avropaya səfərə çıxan İran nümayəndə heyətinin tərkibində 120 nəfər olub. Onlar arasında hökumət üzvləri və iri biznesmenlər də var. Ruhani ilk səfərini İtaliyaya edib. İtaliyada yüksək səviyyədə qarşılanan İran prezidenti rəsmi görüşlər zamanı açılan süfrəyə şərab qoyulmamasını istəyib.
İtalyanlar Ruhaninin bu istəyini normal qarşılayaraq menyudan şərabı çıxarıblar. Qərblə siyasi-iqtisadi əlaqələrin bərpa olunması məqsədi daşıyan səfər çərçivəsində Ruhani Vatikanda Roma papası Fransisklə görüşüb. Səfər çərçivəsində neft borusunun tikintisi layihəsi daxil olmaqla 15-17 mlrd avro dəyərində bir neçə ticarət müqavilələri imzalanıb. Ruhani Papaya İranın müqəddəs Qum şəhərində əllə toxunulmuş 1,2 metrlik Fars xalçası, Papa isə ona üzərində müqəddəs Martin of Toursun şəkli olan medal bağışlayıb. Ruhani, həmçinin bir sıra biznes liderləri ilə də görüşüb və İranın regionda ən sabit və təhlükəsiz ölkə olduğunu deyib. İran prezidenti yanvarın 28-də İtaliyadan Fransaya yollanacaq. Məlumat üçün deyək ki, Həsən Ruhaninin şərabla bağlı tələbi Fransada yaxşı qarşılanmayıb. Fransız radio kanalının yaydığı məlumata görə, Ruhaninin bu istəyi Fransa dövlət prinsiplərinə zidd olduğu üçün nahar yeməyi təxirə salınaraq, qəlyanaltı ilə əvəz olunub. Bu isə İran tərəfinin narazılığına səbəb olub. Yemək ziyafətini bəsit sayan İran nümayəndə heyəti onu qəbul etməyib. Belə qeyri-səmimiliklə başlayan səfərin hansı ab-havada davam edəcəyi və nəticələrinin səmərəli olub-olmayacağı isə sual altındadır. İranın üzərindən sanksiyaların qaldırılması və Ruhaninin Avropa səfəri ilə bağlı "Şərq”in suallarını cavablandıran Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, hazırda Yaxın Şərqdəki geosiyasi vəziyyət İranın xeyrinə işləyir. Sanksiyaların tam götürülməsindən sonra isə bütün proseslər İranın lehinə işləyəcək...
- Fərhad müəllim, Prezident Həsən Ruhani islahatçı lider kimi tanınır. Sizcə, İranı Qərb dəyişdi, yoxsa Ruhani?
- Əhmədinejadla Ruhani arasında ciddi fərq var. Həqiqətən də Ruhani islahatçı prezident kimi qəbul olunur. Əhmədinejad isə daha mühafizəkar siyasətçi kimi tanınırdı. Amma belə baxanda İran inadla nə əldə etdi ki? Heç nə, əksinə çox geri düşdü. Məsələn, təcrid olunduğu illər ərzində dünya bazarına çoxlu neft ixrac edə bilərdi. Hesab edirəm ki, Ruhani bu geriliyin fərqindədir. Ona görə də İranın yumşalmasında onun rolunu danmaq olmaz. Lakin burda İranın yerləşdiyi coğrafi məkanın da təsiri böyükdür. Şübhəsiz ki, İranın dəyişməsində dünyanın və bölgədə gedən müharibələrin də təsiri oldu. Ruhani başa düşdü ki, vəziyyətdən çıxmağın yeganə yolu təcrid siyasətinə son vermək və "nüvə silahı” inadından vaz keçməkdir. Fikrimcə, burda Rusiyanın da təsiri var. Biz görürük ki, Suriyada Əsəd hakimiyyəti ələ keçirməyə ciddi cəhd göstərir. Bu da bölgədə İranın gücünü artıran amildir. Sanksiyaların yumşalmasından sonra İran bölgədə daha rahat hərəkət edəcək.
- Münasibətlərin normallaşmasına baxmayaraq, İran rəsmiləri yenə də ABŞ-ı ittiham edirlər. Sizcə, bu gedişlə Qərb-İran "dostluğu” nə qədər davam edəcək?
- İran rəsmilərinin o cür bəyanatları daxilə, yəni fars xalqına yönəlikdir. Hökumət nümayəndələri deyirlər ki, "baxın, biz həmişə ABŞ-a şeytan demişik, yenə də deməyə davam edirik”. Hökumət rəsmilərinin və dini liderlərin sərt sözləri Qərbə hesablanmayıb. Ümumiyyətlə, onlar dediklərində səmimi deyillər. Ona görə də yaxşı bilirlər ki, söylədikləri Qərb dövlətlərinin "xətrinə dəyməyəcək”.
- Ruhaninin Avropada qarşılanması da maraqlı oldu. İtaliya rəhbərliyi İranın müsəlman liderinə xüsusi jest edərək ziyafət masasına spirtli içki qoymadı. Sizcə bu xoş münasibət nəyə hesablanıb?
- Əslində dövlət başçılarının xüsusi qarşılanması diplomatik qaydaların tələbidir. Avropa ölkələri Ruhanini, məhz bu cür qarşılamalı idilər. Əgər Ruhaniyə qarşı başqa cür davransaydılar, İranla münasibətlər başlamadan bitərdi. Qarşılanma proseduru dəvət edilən qonağa uyğun həyata keçirilməlidir. Qərb ölkələri İran liderinin Avropa səyahətindən məmnun qalmasına çalışırlar. Ona görə də əllərindən gələni edirlər.
- İranın sanksiyalardan qurtulması, sərbəst siyasət yeritməsi siyasi və iqtisadi baxımdan bölgəyə, xüsusən də Azərbaycana nə vəd edir?
- İran üzərindən sanksiyaların götürülməsinin Azərbaycana təsirləri müxtəlifdir. Bunun müsbət və mənfi tərəfləri var. Hər bir sahəni ayrı-ayırılıqda təhlil etmək lazımdır. Məsələn, İrana qarşı sanksiyaların yumşalması dərhal neftin qiymətində düşüş yaratdı. Təbii ki, bu, iqtisadi cəhətdən Azərbaycan büdcəsinə böyük ziyan vurur. Həmçinin, Qərb-İran yaxınlaşması İran-Rusiya münasibətlərini zəiflədəcək. Bu isə Azərbaycanın xeyrinədir. O baxımdan xeyrinədir ki, İranın Rusiyadan olan asılılığı nisbətən azalacaq və Azərbaycan "iki çəkic arasında” qalmayacaq. Eyni zamanda İranın "əl-qol” açması Azərbaycanın səhiyyəsinə, təhsilinə, iqtisadiyyatına müxtəlif cür təsir edə bilər. Həmçinin, ölkəmizdəki şiə qurpların mövqeyində dəyişiklik yaradar. Hətta bizim Türkiyə ilə münasibətlərimizə də təsir göstərə bilər.
- Sizcə, bundan sonra İran-Ermənistan əlaqələri hansı istiqamətdə inkişaf edəcək?
- Bundan sonra İranla Ermənistanın əlaqələri güclənə bilər. Çünki bu günə qədər İran iqtisadiyyatına 10 milyon dollardan artıq investisiya qoyan şirkətlərin üzərinə ABŞ tərəfindən sanksiya qoyulurdu. Amma indi Ermənistanın xaricdəki lobbisi İrana böyük sərmayələr qoya bilər. Çünki İranın siyasi və iqtisadi blokadadan çıxması, Ermənistana sərf edir. Əlbəttə ki, bu yaxınlıq bizim üçün mənfi nəticə doğurur.
İsmayıl