Ruhani yenidən prezident olacaq

İranda son 30 ilin ənənəsi pozulmayacaq


"İndiki şəraitdə prezident seçkilərinin ikinci turu gözlənilmir”. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli mayın 19-da keçiriləcək prezident seçkisi ilə bağlı danışarkən deyib. Fəzli bildirib ki, namizədlərin əksəriyyətinin öz namizədliyini geri götürməsi fonunda seçkidə iki əsas namizədin mübarizə aparacağı gözlənilir: "Seçkilər zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı narahatçılıq yoxdur. 6 ay əvvəl təhlükəsizlik komitələri yaradılıb. Seçkilərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi şərait var”.

Seçki nəticələrinin açıqlanacağı tarixə gəldikdə isə nazir nəticələrin ötən seçkilərdə olduğundan daha tez elan edilməsinə çalışacaqlarını bildirib. Ali rəhbər ayətullah Xomeyninin nəvəsi 45 yaşlı ayətullah Həsən Xomeyni İran xalqını seçkidə indiki Prezident Həsən Ruhanini dəstəkləməyə çağırıb: "Növbəti illərə təsir edəcək əhəmiyyətli bir seçkinin ərəfəsindəyik. Hər kəs birlikdə Həsən Ruhanini dəstəkləyək. Başlatdığı layihələri bitirməsi üçün ona fürsət verək. Mütəxəssislərin fikrinə görə, Ruhani hökumətinin proqramları müvəffəqiyyətli idi. İqtisadçılar da Ruhaninin əhəmiyyətli işlərə imza atdığını açıqlayırlar”. Seçkilərə 2 gün qalmış səsləndirilən bu fikirlər Ruhani üçün ciddi dəstək kimi qiymətləndirilir. Məlumat üçün deyək ki, İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir. Ölkənin Daxili İşlər Nazirliyi seçici fəallığının 70 faiz olacağını proqnozlaşdırır.

Seçki ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Sədrəddin Soltan deyib ki, namizədlərin sayının minimuma enəcəyi əvvəlcədən gözlənilirdi. Ekspertin fikrincə, namizədlərin bir-biri ilə rəqabət aparmaq qabiliyyəti demək olar ki, yox idi: 

"Əvvəlcədən cızılan plan üzrə namizədlər qeydə alınıb. Onlar şərti olaraq, hakimiyyət daxili islahatçı və mühafizəkar xətlərə bölünüblər. Əslində proses İranda demokratik, azad və ədalətli seçkinin keçirilməsinin nümayişinə, perspektivdə isə seçiləcək Prezidentin legitimliyinin təmin olunmasına xidmət edir. Ona görə də iki tərəf və iki xətt arasında belə "mübarizə”, "yarışma” yaradılıb. Namizədlər bir-birini hədələməkdən belə çəkinmirlər. Bu hədələmə isə seçki oyununun qızışdırılması, cəlbediciliyi üçün hesablanıb”. 

Politoloq bildirib ki, Tehran hakimiyyəti ictimai həyatdakı bir sıra məsələləri qərbdən gələn yabanı mədəniyyət adlandıraraq, ona qarşı çıxış edir. Ancaq seçkidə namizədlərin bir-birini hədələməsini qərbdən götürərək, onları yamsılayır: 

"Prezidentliyə namizəd İbrahim Rəisi indiki prezident və rəqibi Həsən Ruhaninin hansısa gizli kasetinin olduğunu deyərək, onu şantaj edib. Rəisi mühafizəkarların nümayəndəsi sayılır. Beynəlxalq aləmdə tanınmır. Tehran bir dəfə dünyanın tanımadığı fiquru Mahmud Əhmədinijadı prezident seçməklə sürpriz edib. Ona görə indi Rəisini bu posta seçdirməklə həmin oyunu təkrarlayacağı ehtimalı azdır. Bu səbəbdən düşünürəm ki, Həsən Ruhani yenidən prezident olacaq. İranda son 30 ilin ənənəsi var. Prezidentlər iki dəfə seçilirlər. İranın indiki ali rəhbəri ayətullah Seyid Əli Xamənei, Haşimi-Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinijad hər biri iki dövr, 8 il prezident olub. İran üçün heç də asan olmayan indiki dövrdə bu ənənənin pozulacağı ehtimalı azdır. Başqa sözlə, Həsən Ruhanini yenidən hökumətə başçılıq edəcəyi istisna edilmir”.

İsmayıl