Rumın basketbolçu: Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə...

... Yay Olimpiya Oyunlarının keçirmə imkanlarına malik olduğunu sübut etdi
"Təşkilatçılıq mükəmməldir, sözlə belə ifadə etmək çətindir. Çünki istər nəqliyyat, istərsə də qida vasitələrinin çatdırılması və qonaqların, idmançıların yerləşdirilməsi baxımından indiyənə qədər gördüyüm beynəlxalq turnirlər arasında ən yaxşı təşkil olunmuş yarışlardır”.
Bu fikirləri "Bakı-2015”-də 3X3 üzrə basketbol yarışlarında baş tutan İsrail –Rumıniya oyunundan sonra jurnalistlərin suallarını cavablandıran rumın komandasının 4 nömrəli üzvü Anqel Kastilyo Santana bildirib. Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Yay Olimpiya Oyunlarının keçirmə imkanlarına malik olduğunu sübut etdi: " Ona görə ki, siz hər bir infrastruktura maliksiniz. Eyni zamanda Olimpiya Oyunlarını həyata keçirmək istəyən insanların olması da yarışların uğurla həyata keçirilməsinə təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər”.
Rumin idmançı İsraillə görüş haqqında da danışıb: "Bizlər İsraillə görüşün çətin olduğunu əvvəlcədən bilirdik. İndiyənə qədər keçirtdiyimiz məşqlərdən və təcrübədən gözəl nəticələr göstərəcəyimizə əmin idik”.
Azərbaycan, Serbiya və Rumıniyanı favorit hesab edən Santana söyləyib ki, sonuncu səkkizlikdə qalacaq komandanların da qazanmaq ehtimalı böyükdür”.
Lakin rumın təmsilçisi Azərbaycanla yenidən qarşılaşarlarsa aprel ayında keçirilmiş turnirdəki kimi qalib gələcəklərini düşünür: "Bizim ev sahibi olaraq Azərbaycan komandasına hörmət etməyimizə və yaxşı komanda kimi görməyimizə baxmayaraq növbəti dəfə də biz onları məğlub etməyə çalışarıq”.
Sonunda İspan əsilli basketbolçu Azərbaycandan ona yığma komandada oynamaq təklif gələrsə böyük məmnuniyyətlə qəbul edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Basketbol Arenasının mərkəzi kortunda baş tutan oyunda Rumıniya 16:21 hesabı ilə Yaxın şərq ölkəsi üzərində ilk qələbəsini qazanıb.
Vüqar Şahinoğlu