Sergey Markov: “Plana əsasən əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır, onların sayı yeddidir”
"Əsas odur ki, danışıqlarda Dağlıq Qarabağ ikinci erməni tərəfi kimi qəbul edilməsin”. Bunu Bakıda keçirdiyi mətbuat konfransında rusiyalı politoloq Sergey Markov deyib. Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesində tərəf kimi iştirak etməsi ehtimalı ilə bağlı fikrini açıqlayan Markov bildirib ki, danışıqlarda nəsə təklif edə bilən istənilən tərəf iştirak edə bilər. Onun sözlərinə görə, burada Dağlıq Qarabağdan olan azərbaycanlı köçkünləri də tərəf kimi tanımaq olar.
"Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır”
Sergey Markovun fikrincə, hazırkı mərhələdə ATƏT-in Minsk qrupu Rusiyanı dəstəkləyəcək: "Azərbaycan bir neçə məqsədə nail olub. Danışıqların donu açılıb. Bu çox vacib, strateji addım idi. Azərbaycan öz hərbi gücünü göstərdi. Hərbi texnika baxımından Azərbaycan iki dəfə güclüdür. Həm də əhali tərəfindən böyük dəstək olub, insanlar müharibəyə başlamaq istəklərini bəyan ediblər. Hazırda ABŞ-ın başı seçkilərə qarışıb, üstəlik erməni diasporunun seçkilərdə dəstəyinə ehtiyac duyur. Fransua Olland hökuməti də o qədər güclü olmadığını göstərdi. Rusiya isə münaqişənin donunun açılmasında təşəbbüskar kimi çıxış etdi. Digər ölkələr bu təşəbbüsü dəstəklədilər. İndi masa üzərində 2011-ci ildə hazırlanan "Kazan formulu” var. O zaman siyasi iradə olmadığı üçün bu formul həyata keçmədi. Bu formulda müvəqqəti tarixi kompromis nəzərdə tutulur. Plana əsasən əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır. Onların sayı yeddidir. Neçəsinin qaytarılacağı isə danışıqlarda müzakirə olunacaq. Bu, Azərbaycanın qazancıdır”.
"Ola bilər ki, bölgəyə sülhməramlılar yerləşdirilsin”
Rusiyalı politoloq bildirib ki, münaqişə həll olunarsa, Ermənistan blokadadan çıxacaq, iqtisadiyyatı inkişaf edəcək: "Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və qaçqınların geri qaytarılması məsələləri olacaq. Əsas narazılıq bu sahədə olub. Nə zaman referendum olacaq, referendumadək nə qədər qaçqın hara qaytarılacaq. Bu kimi məsələlərdə problem var. Ermənistan deyir ki, əgər BMT qətnamələrini, Madrid prinsiplərini əsas gətirirsinizsə, bu o deməkdir ki, referendumun nəticələri əvvəldən müəyyən olunub. Mənim proqnozum belədir ki, danışıqlara tezliklə başlanılacaq və onlar əvvəlki kimi çox uzanmayacaq. Hansısa prinsiplərdə razılaşmaya nail oluna bilər və ilk qaçqınlar artıq bu ilin sonuna kimi öz tarixi yerlərinə qayıda biləcəklər”.
"Münaqişənin alovlanmasının məsuliyyəti Ermənistanın üzərinə düşür”
Politoloq Sergey Markov deyib ki, münaqişənin alovlanması qaçılmaz idi. Çünki münaqişə dondurulmuş deyil, həll olunmamış səviyyədədir: "Dağlıq Qarabağ münaqişəsi üç xüsusiyyətə görə digər münaqişələrdən fərqlənir. Birincisi, orada heç bir sülhməramlı yoxdur, silahlı qüvvələr üzbəüz dayanıb. İkincisi, münaqişə yox, danışıqlar dondurulub. Hər üç həmsədr ölkəsində erməni diasporu güclüdür və bu da imkan vermir ki, həmin ölkə Ermənistana hansısa formada təzyiq göstərsin. Ölkələr arasında güc balansı bütün cəhətdən sürətlə Azərbaycanın xeyrinə dəyişir. Lakin münaqişənin həllində heç bir irəliləyiş olmur. Bu isə münaqişənin alovlanmasına təkan verir”. S.Markov bildirib ki, cəbhədə son hadisələrdə ilk addımın kim tərəfindən atılması barədə mübahisələr olsa da, Azərbaycan tərəfi daha əmin mövqe nümayiş etdirməlidir: "BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qətnaməsi var, Madrid prinsipləri var. Ona görə də münaqişənin alovlanmasının məsuliyyəti İrəvanın üzərinə düşür”.
İsmayıl