Rus silahları Azərbaycana çox sərf edir

Çünki zabit heyətimiz həmin silahlar üzərində təhsil alıb, formalaşıblar
“Təsəvvür edin, münaqişənin həllinin sülh yolunu axtaran bir ölkə hər iki tərəfə müharibə etmək üçün silah-sursat satır. Bu, məntiqsiz hərəkətdir”


Azərbaycan mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində Rusiyadan 6 hərbi-nəqliyyat helikopteri alıb. "Mi 17B-1” adlı helikopterlər Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinə də satılır. Bilindiyi kimi, Azərbaycan öz hərbi kontingentini gücləndirmək üçün Rusiyadan müxtəlif növ silah-sursat alır. Ermənilər hər fürsətdə buna qarşı çıxsalar da, Rusiya rəsmiləri Azərbaycana açıq şəkildə silah satmağa davam edəcəklərini bəyan ediblər.

Azərbaycanın şimal qonşumuzdan silah almasını və bu silahların keyfiyyətini "Şərq”ə şərh edən hərbi ekspert Azad İsazadə deyib ki, hərbi texnika digər məhsullar kimi xarici bazarlara çıxarılır. Daha ucuz və keyfiyyətli silah almaq istəyən müştərilər isə seçimi özləri edirlər: "Azərbaycan ordusunun bünövrəsi sovet-rus hərbi texnikasının üzərində qurulub. Digər tərəfdən məsafəyə görə daşınma və istifadə-istismar baxımından bizə ən əlverişli olan rus silahlarıdır. Zabit heyətimiz də həmin silahlar üzərində təhsil alıb, formalaşıblar. Bu baxımdan rus silahı Azərbaycana bir çox sahədə sərf edir. "Dörd günlük” müharibə də göstərdi ki, rusun hərbi texnikası keyfiyyət baxımından pis deyil. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan sadəcə Rusiyadan deyil, İsrail və başqa xarici ölkələrdən də silah-sursat alır. Rusiya da anlayır ki, onların bizə satmadığı silahı biz başqa yerlərdən baha və ya ucuz qiymətə əldə edə bilərik. Ermənistanda isə vəziyyət fərqlidir. Ermənistan Rusiyanın hərbi müttəfiqidir və buna görə Moskva İrəvana silahı birbaşa satmır, kreditlə verir, özü də ucuz qiymətə. Bu səbəbdən Ermənistan ona verilən silahlar arasında seçim edə bilmir. Yəni ruslar nəyi verirsə, onu götürməyə məcbur olurlar. Azərbaycan isə müasir, keyfiyyətli, bahalı və effektli silahlar alır.

"Dörd günlük” müharibədə ordular arasındakı fərq özünü açıq şəkildə göstərdi. Bizim və ermənilərin istifadəsində olan eyni silah növü arasında hardasa 15-20 il fərq var. Yəni bizə satılanlar yeni silahlardır”. Bununla yanaşı, ekspert hesab edir ki, münaqişə vəziyyətində olan hər iki tərəfə eyni vaxtda silah satmaq ATƏT-in Minsk Qrupunun həmsədrinə yaraşmayan davranışdır: "Təsəvvür edin, münaqişənin həllinin sülh yolunu axtaran bir ölkə hər iki tərəfə müharibə etmək üçün silah-sursat satır. Bu, məntiqsiz hərəkətdir. Əgər Rusiya bölgədə əmin-amanlıq istəsəydi, indiki halda region dövlətlərinin tərksilah olmasına çalışardı, silahlanmasına yox. Silahların çoxaldığı bir yerdə savaşın çıxması mütləqdir”.

İsmayıl