"Rusiya "AVES-S" üçün yüksək məbləğdə maliyyə ayırmalı olacaq"






"Rusiyanın hökumət strukturları üçün nəzərdə tutaraq hazırladığı, yeni tərtibat AVES-S-i saxlaması, inkişaf etdirməsi sual altındadır”.

Bu barədə "Sherg.az”a Rusiyanın "Skype” proqramına rəqib layihə hazırlamasından danışarkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb. 

O vurğulayıb ki, yeni yaradılan resursun necə reklam ediləcəyi, qlobal şəkildə istifadə edilməsi barədə hələlik dəqiq versiyalar yoxdur:

"Ölkə daxilində bu sistem tətbiq edilə bilər. Bu, asandır. Halbuki "Skype” kimi proqramlarda əsas götürülən qloballıq prinsipi burada tətbiq ediləcəkmi? Dünyanın istənilən yerinə ucuz, görüntülü zəng xidmətini, qloballıq tələblərini yerli resurs ödəyə biləcəkmi? Bu kimi sualların ortaya çıxması böyük marketinq, reklam sistemi tələb edir. Eyni zamanda Rusiya yüksək məbləğdə maliyyə ayırmalı olacaq. AVES-S populyarlaşıb, dünyaya çıxara bilsə, bu kifayət qədər əhəmiyyətli layihə olacaq”.

Qeyd edək ki, "Skype” proqramının yerli analoqunu təqdim edən Rusiya Texnologiyaları Korporasiyası ("Rostex”) bütün proqram tərtibatının Rusiyada aparıldığını bildirib. Korporasiyanın açıqlamasına görə, viruslardan müdafiəni "Kronos” sistemi təmin edir.

Aysel Aslan