Rusiya batır, azərbaycanlılar hara üz tutacaq?

Azər Qasımlı: “Azərbaycana o insanlar kütləvi axın edəcək ki, Rusiyada nə qalmağa evi, nə də işi var”
Qabil Hüseynli: “Mənə elə gəlir ki, azərbaycanlı sahibkarlar öz bizneslərini qorumaq üçün Moskvadan ölkənin əyalətlərinə doğru istiqamətlənməlidirlər”


Rusiyadakı iqtisadi böhran, istehlak qabiliyyətinin kəskin aşağı düşməsi və rublun ucuzlaşması Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlıların da taleyini sual altında qoyub. Vəziyyətin bu cür davam edəcəyi halda, Rusiyada böyük biznesə sahib azərbaycanlıların öz bizneslərini qorumaq üçün qərb ölkələrinə tərəf istiqamətlənəcəyi, orta və xırda sahibkarların isə məcburən ölkəyə qayıdacağına dair söz-söhbətlər yayılmaqdadır.

Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bir neçə kateqoriyaya bölündüyünü vurğulayan politoloq Azər Qasımlının sözlərinə görə, bura Rusiyada çalışan iş adamları və onlar üçün çalışan işçilər daxildir: "Əslində, iş adamlarının özləri də iki cür olur. Onların bir qisminin böyük şirkətləri və siyasi elitaya, şəxsən Putinin özünə yaxınlığı ilə seçilir. Bir qismi isə orta və kiçik şirkətlərə sahib olan insanlardır. Hesab edirəm ki, Rusiyadakı iqtisadi böhran hər nə qədər dərinləşsə də, Rusiyada qalıb öz fəaliyyətlərini davam etdirəcəklər. Siyasi elita ilə münasibətləri olmasa belə, böyük bizneslərini atıb, hara gedə bilərlər ki? Bir məqamı da unutmayaq ki, iri biznesmenlərin böyük əksəriyyətinin fəaliyyəti yalnız Rusiya hüdudları ilə məhdudlaşmır. Onlar öz bizneslərini Amerika, Avropa ölkələrinə qədər şaxələndiriblər”.

Orta və kiçik sahibkarların taleyinə gəldikdə isə A.Qasımlı Rusiyada yüzminlərlə belə insanın olduğunu deyib. Mən həmin şirkətlərdə çalışan azərbaycanıları da bura daxil edərdim. Düşünürəm ki, Rusiyadakı iqtisadi böhrandan, məhz bu insanlar zərər görəcək. Onların isə iki çıxış yolu var. Ya Rusiyada qalıb, böhranın aradan qalxmasını gözləmək və bütün çətinliklərə dözmək. Ya da ki, Azərbaycana geri dönmək. Çünki böyük şirkətlərə sahib olmayan inanların hansısa bir ölkəyə gedib, öz biznesini qorumasını real hesab etmirəm. Uzaqbaşı, həmyerlilərimiz Türkiyəyə gedə bilərlər ki, indiki halda Türkiyədə sıfırdan biznes qurmaq o qədər də asan məsələ deyil. Konkret olaraq, Rusiyada fəaliyyət göstərən həmyerlilərimizin neçə faizinin ölkəyə qayıdacağını, neçə faizinin orada qalacağını deyə bilmərəm, ancaq bir hissəsinin qayıdacağını güman edirəm”.

Ölkəyə qayıdacağı şəkildə həmyerlilərimizi Azərbaycanda yaxşı heç nəyin gözləmədiyini vurğulayan ekspert deyib ki, ölkənin nə normal səhiyyəsi, nə də sosial təminatı var: "Azərbaycana o insanlar kütləvi axın edəcək ki, Rusiyada nə qalmağa evi, nə də işi var. Bilirsiniz ki, Rusiyada da ixtisarlar başlayıb. Odur ki, hansısa şirkətdə çalışıb, kirayə qalan insanlar azərbaycanlıların ölkəyə qayıtmaqdan başqa çıxış yolu yoxdur. Ən azından burada özünün evi olmasa da, atasının, qardaşının evində qalacaq”.

Politoloq Qabil Hüseynli isə əvvəla onu deyib ki, Rusiya təkcə sanksiyalara görə batmır. Rusiyada böhranın bu qədər dərinləşməsinə səbəb, onun yeritdiyi təcavüzkar xarici siyasətə görə cəzalandırması və əhalisinin zəhmətkeş olmamasıdır. Azərbaycanlılar isə həddindən artıq işlək və qoçaqdırlar: "Moskvada obyektləri olan sahibkarlar üçün çox ciddi problemlər yaranıb. Artıq bir neçə sahibkarın obyektləri belə sökülüb. Amma Rusiyanın əyalətlərində biznes fəaliyyəti olan insanların gəlir əldə etməsi üçün şərait var. Həm də ki, azərbaycanlı sahibkarların öz bizneslərini qorumaq üçün hansısa xarici ölkəyə köçməsi, o qədər də asan deyil. Bunu ancaq böyük səhmləri olan insanlar edə bilər. Mənə elə gəlir ki, azərbaycanlı sahibkarlar öz bizneslərini qorumaq üçün Moskvadan ölkənin əyalətlərinə doğru istiqamətlənməlidirlər. Xüsusən də, Rusiya vətəndaşlığı alan həmyerlilərimiz Uzaq Şərqdə, Uraldan o tərəfə olan ərazilərdə uğur qazana bilərlər”.

Şəymən