“Rusiya bitərəf olsun, biz məsələni həll edərik”
Milli Məclisdə Qarabağdakı son döyüşlər, sosial şəbəkələr müzakirə olunub
"Bu tribunadan Dağlıq Qarabağdakı ermənilərə demək istəyirəm ki, onların təhlükəsizliyinin təminatçısı yalnız Azərbaycan dövləti ola bilər. Siz yetər ki, Azərbaycan Konstitusiyasına riayət edib burada yaşamağı qəbul edin, əlinizdəki silahı Serj Sərkisyana çevirin”.
Bu sözləri dünən millət vəkili Zahid Oruc Milli Məclisin iclasında səsləndirib.
Qeyd edək ki, ötən gün parlamentin iclası keçirilib. Toplantıda bir neçə məsələyə baxılması ilə yanaşı, aprelin 2-5-i arası Ermənistan ordusunun hücumu zamanı qoşunların təmas xəttində baş verən toqquşmalarla bağlı da deputatlar fikirlərini bildiriblər.
Z.Oruc bildirib ki, hazırda ermənilər Rusiyanın son hadisələrdə balanslı və bitərəf mövqe tutmasından qəzəblənib və bu mövqeyə hiddətləniblər: "O zaman soruşuram ki, görəsən bu gün ruslar Dağlıq Qarabağı azad etməyə yardım edib, yoxsa Ermənistan ərazisini işğal etməyə kömək edib?! Bu gün təkcə Rusiya bitərəf olsun və müdaxilə etməsin, bu bizə yetərlidir. Biz öz problemimizi həll edək”.
"Ermənistanda çıxan
istənilən məqaləni bəzi media orqanları başlığa verir”
Millət vəkili Siyavuş Novruzov müzakirəyə qatılaraq deyib ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən son iclasında da Ermənistanın işğalçı dövlət olduğu bəyan edilib: "Xarici işlər nazirlərinin iştirakı ilə komissiya yaradıldı. Bu, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət və ordumuzun uğurlu əməliyyatının nəticəsidir. Mən bəzi media qurumlarının qərəzli fəaliyyət göstərdiyini müşahidə etdim. Hesab edirəm ki, bu kimi hallara son qoyulmalıdır. Bəzən isə Milli Məclisin fəaliyyətinə də kölgə salmağa çalışırlar. Bu mətbuat orqanları ilə əlaqədar müvafiq qurumlar lazımi işlər görməlidir”.
Deputata cavab verən spiker Oqtay Əsədov isə Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərin kölgə altında olduğunu bildirib: "Ermənistanda çıxan istənilən məqaləni bəzi media orqanları başlığa verir. Bu yaxınlarda ABŞ mətbuatında Azərbaycanla bağlı müsbət xarakterli məqalələr işıq üzü gördü. Amma ondan bir kəlmə belə yazmadılar”.
"Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır?”
Millət vəkili Fazil Mustafa cəbhədəki hadisələrdə Azərbaycan Prezidentinin mövqeyinə cəmiyyətin münasibətinin birmənalı olduğunu söyləyib: "Hamı etiraf etdi ki, problem diplomatik və ya hərbi yolla həll olunmalıdır. Amma gündəmə bir məsələ gəldi ki, niyə kasıb uşaqları müharibəyə gedir, varlıların uşaqları yox?! Bu çox təhlükəli tendensiyadır. Düşünürəm ki, ziyalılar bunu durdurmaq üçün müəyyən işlər görməlidir”. F.Mustafa həmçinin deputatların şəhid dəfnində iştirak etməməsi haqqında yayılan fikirlərə də münasibət bildirib: "Deyirlər ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu biabırçılıqdır. Deputat həmkarlarım və mən də şəhidlərin dəfn mərasimlərində iştirak etdik. Milli Məclisin üzvləri xalqla birlikdə oldular. Bunu xüsusi kateqoriya kimi ayırmaq düzgün deyil. Bunu yazan saytlara, jurnalistlərə də tənqidi yanaşılmalıdır. Məgər deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? Bu cəmiyyəti bölgülərə, təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq vətən məsələsinə münasibət Azərbaycan cəmiyyətində dəyişməlidir”.
Spiker: "Danışıqlar prosesi ilə bağlı ortaya yeni motivlər çıxıb”
Spiker isə deputatın çıxışına yönəlik bildirib ki, Azərbaycan Ermənistanla müharibə aparmayıb, hücum etməyib: "Sadəcə 3 gün Ermənistan tərəfindən cəbhədə törədilən təxribatlara cavab verildi. Müharibə olsaydı, Azərbaycan hara gedib çıxardı, yaxşı bilirsiniz. Azərbaycan əsgərləri və ordusu göstərdi ki, bu məsələni hərblə də həll etmək iqtidarındayıq. Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamlardan oldu. Sülh danışıqları gedir, güman edirəm ki, məsələ öz həllini tapacaq. Azərbaycan ilk əvvəl birtərəfli qaydada atəşkəs elan etməklə münaqişəni sülh yolu ilə həll etmək istədiyini ortaya qoydu. Danışıqlar prosesi ilə bağlı ortaya yeni motivlər çıxıb”.
Spiker Rusiyada işləyən jurnalistlərə səsləndi: "Məqamı gələndə sözünüzü deyin!”
Xanım millət vəkili Elmira Axundova Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar dövründə Rusiya telekanallarında ölkəmizə obyektiv münasibət sərgilənmədiyini, Rusiya saytlarında müəyyən qədər fərqli durum müşahidə olunduğunu qeyd edib: "Mən Azərbaycan diasporuna, azərbaycanlı biznes nümayəndələrinə müraciət edirəm. Onları biznes maraqlarını kənara qoyub, vətənpərvər mövqe ortaya qoymağa çağırıram”.
O.Əsədov isə deyib ki, diaspordan əvvəl Rusiya telekanallarında, mediasında çalışan azərbaycanlı jurnalistlərə müraciət etmək lazımdır: "Rusiya mediasında azərbaycanlılar azdır? Birinci onlara müraciət etmək lazımdır. Erməni Rusiya televiziyasında işləyir, imkan gələndə də sözünü deyir. Bizim azərbaycanlı jurnalistlər də məqamı gələndə azərbaycanlı kimi sözlərini deməlidirlər”.
"Bəzi şəhidlərin gizli dəfn olunması iddiaları tamamilə əsassızdır”
Millət vəkili Qüdrət Həsənquliyev isə bəzi şəhidlərin gizli dəfn olunması, həmin mərasimlərdə millət vəkilləri və dövlət xadimlərinin iştirak etməməsi barədə iddiaların tamamilə əsassız olduğunu diqqətə çatdırıb: "Biz Naxçıvanda şəhid leytenant Qabil Orucəliyevin dəfn mərasimində iştirak edirdik. Şəhidin əmisi bizə dedi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası vəfat edib, ancaq o, ilk olaraq şəhidin dəfninə gəlib. Əli Kərimov kimilərin iddiaları əsassızdır. Bir zaman Avropa Komissiyasının iclasında müharibə əleyhdarı kimi çıxış edən Əli Kərimovun indi müharibə tərəfdarı kimi çıxış etməsi riyakarlıqdır”.
Deputat Fəzail Ağamalı Azərbaycan xalqının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə olduğunu vurğulayıb: "Mən Mətbuat Şurasının sədrinə müraciət edirəm. Sosial şəbəkələrdə milli maraqlara zidd müzakirələrə son qoyulmalıdır”.
Əflatun Amaşov həmkarlarının KİV haqqında dediklərinə cavab verdi
KİV-in döyüşlər zamanı yaxşı fəaliyyət göstərmədiyi haqqında deputat həmkarlarının iradlarına cavab verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, iradlar bütün mətbu orqanlara aid edilməməlidir: "Mətbuat orqanları, qəzetlər, saytlar bu müddətdə hadisələrə dövlətin milli maraqları və Müdafiə Nazirliyinin xəbər siyasətinə uyğun yanaşıb. Təəssüf ki, bəzi media orqanları baş verən olaylara kiçik prizmadan baxdı. Burada Milli Məclis barədə yazılanlardan danışıldı. Bunlar kifayət qədər qərəzli, qeyri-obyektiv məlumatlar idi. Bu, Mətbuat Şurasının diqqətindədir. Nəinki Milli Məclis, hər hansı qurum barədə neqativ yazıların getməməsinə çalışırıq. Amma bütün mətbuat orqanlarına bunu şamil etmək olmaz. Qəzetlər və saytlar xəbər siyasətinə ciddi yanaşdılar, müharibə ilə bağlı həssaslığı nəzərə aldılar. Bütün proses Mətbuat Şurasının diqqətində oldu”.
"Sosial evlərin kirayəhaqqı 100 manat və ondan aşağı olmalıdır”
"ASAN xidmət” layihəsi kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır”. Bu sözləri isə millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, son 10 ildə Azərbaycanda sosial ipoteka ilə ev alanların sayı 4 min nəfərdən artıqdır: "Hesab edirəm ki, sosial evlər layihəsi ilə ev alanların sayı sürətlə artacaq. Bunun üçün "ASAN xidmət” kimi, bu layihənin də modeli yaradılmalıdır. Məqsədli planın hazırlanması, atılacaq addımların müəyyənləşdirilməsi və maliyyələşmə imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Sosial evlər layihəsində xarici maliyyə mənbələrindən də istifadə etmək olar”. Ə.Məsimli qeyd edib ki, sosial evlər layihəsinin icrasına başlanan zaman ölkədə ali təhsil müəssisələrinin, sənaye obyektlərinin Bakı şəhərinin kənarına köçürülməsi məsələsi nəzərə alınmalıdır: "Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdan azdır. Büdcə təşkilatlarında çalışanlar 200-300 manat əmək haqqı alır. Regionlarda əhalinin gəliri isə ölkədəki orta aylıq əmək haqqından 1,5-2 dəfə aşağıdır. Bunu nəzərə alaraq sosial evlər layihəsinin icrasına başlanan zaman kirayə haqlarının 100 manat və ya bundan aşağı məbləğdə müəyyən edilməsini təklif edirəm”.
"Banklarda ciddi problemlər var ki, bu, iqtisadiyyatımızda mənfi fəsadlar yaradacaq”
Deputat Vahid Əhmədov isə deyib ki, Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Onun sözlərinə görə, bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır: "Hazırda banklarda likvidlik problemi var. Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83 faizi dollarla saxlanılır. "Əmanətlərin sığortalanması haqqında” qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Mən əvvəllər də təklif etmişdim, indi də deyirəm ki, bu məsələ ilə əlaqədar bankların rəhbərlərini parlamentə dəvət edək. Problemləri müzakirə edək. Çünki yaranmış vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan Prezidenti iqtisadiyyatın müxtəlif sahələri - tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə olunsun”.
"Milli elitaya daxil olan bir sıra şəxslər Azərbaycan dilində danışmırlar”
Deputat Tahir Kərimli dövlət dilinə münasibətlə bağlı danışaraq, Bakıda dilimizə sayğısızlığın olmasından şikayətlənib: "Şəhərdə az qala uşaqlar da rus dilində danışır. Xüsusən milli elitaya daxil olan bir sıra şəxslər Azərbaycan dilində danışmırlar. Hesab edirəm ki, bu kimi hallara xüsusi nəzarət edilməlidir”.
Deputatın iradına cavab verən spiker isə qeyd edib ki, öz doğma dilində danışmayan elita milli sayılmır: "Azərbaycan dili dövlət dilidir. Ancaq Azərbaycanda həm də rusdilli məktəblər var. Amma mən elə bir dövlət təşkilatı tanımıram ki, orada Azərbaycan dilində danışmasınlar. Dövlət dili ilə bağlı qanunlar qəbul etmişik və çalışmalıyıq ki, bu qanunları da pozmayaq”.
Anar Bayramoğlu