Rusiya bunu anlayır: Azərbaycan erməni işğalına sona qədər səbr etməyəcək







Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiq etməkdən imtina etməyə və güzəştlərə nail olmaq üçün siyasi iradə göstərməyə çağırıb. Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Gərginliyin davam etməsinin yolverilməz olduğunu deyən Zaxarovanın sözlərinə görə, münaqişə zonasında vəziyyətin gərginləşməsi, qurbanların sayının artması siyasi dialoqun bərpasını çətinləşdirir.

XİN rəsmisinin çağırışını dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu cür açıqlamalar münaqişənin sürətli həllinə xidmət etmir: "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin

həllini sürətləndirməlidir. Məlumdur ki, Moskvanın problemi həll etməyə gücü çatır. Çünki ABŞ və Avropadan fərqli olaraq Rusiyanın Ermənistana təsir və təzyiq imkanları daha çoxdur. Bilirik ki, münaqişənin həll edilməsində ilkin addım Qarabağətrafı rayonların boşaldılmasıdır. Bu, baş verməyənə qədər cəbhə xəttində gərginlik davam etməli, düşmən bizim hərbi və siyasi gücümüzü yaxından hiss etməlidir. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, "ölmək istəməyən erməni əsgəri torpaqlarımıza ayaq basmamalıdır”. Politoloqa görə, Azərbaycanın hərbi qüdrəti və imkanları artır: "Azərbaycan erməni işğalına çox səbr etməyəcək. Təbii ki, Rusiya bunu anlayır. Ancaq "qarşı tərəflərin güzəştə getməsini, atəşkəsin qorunub saxlanmasını” tələb etmək heç də münaqişənin həllini sürətləndirmir. Əksinə, indiki status-kvonu qoruyub saxlamağa xidmət edir. Status-kvonun qalması isə yalnız işğalçı Ermənistana sərf edir”.

İsmayıl