Rusiya da, Ermənistan da əleyhinədir

Halbuki, Türkiyənin həmsədr olması üçün bütün hüquqi arqumentlər var



Son günlər cəbhədə yaşanan gərginlik Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunması məsələsini növbəti dəfə gündəmə gətirib. Məsələnin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması Ermənistan tərəfini ciddi narahat etməyə başlayıb.

Ona görə də, düşmən ölkə başçısı Serj Sərkisyan Almaniyanın "Deutsche Welle” qəzetinə açıqlamasında Minsk Qrupu formatının dəyişdirilməsinə qarşı olduğunu bildirib. S.Sərkisyan qeyd edib ki, məlum qrup Qarabağ münaqişəsinin həlli üçün optimal formatdır və bu illər ərzində nəticə əldə olunmadığını demək də olmaz: "Azərbaycan bu formatın dəyişdirilməsinə təkid edir, lakin Minsk Qrupunun 3 həmsədri Qarabağdakı situasiyaya təsir etmək üçün kifayət qədər vasitəyə və imkana malikdir”. Bu arada qeyd edək ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkəsinin həmsədrlikdə təmsil olunmasını əngəlləyən ölkələrdən danışıb. O qeyd edib ki, Rusiya və Ermənistan Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakını istəmir. Minsk Qrupunun üzvü olduqlarını deyən Baş nazir söyləyib ki, münaqişə ilə faktiki olaraq üç həmsədr ölkə - Rusiya, Fransa, Amerika məşğuldur və digər üzvlər prosesdən kənarda qalıb: "Halbuki, hər üç ölkə erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni, burada balans yoxdur. Biz hazırda ATƏT-ə sədrlik edən Almaniyanın məsələyə qarışması üçün təşəbbüs göstərmişik. Minsk Qrupunun bütün üzvləri bu prosesdə iştirak etməlidir. Son toqquşmalara gəldikdə isə, biz Azərbaycanın yanındayıq. Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib. Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir”.

Məsələni şərh edən Siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov "Şərq”ə söyləyib ki, 1992-ci ildən bu yana Minsk Qrupunun münaqişənin həllinə dair fəaliyyəti heç bir nəticə verməyib: "Onlar öyünürlər ki, guya, məhz qrupun sayəsində bu münaqişə müharibə fazasına keçməyib. Amma son hadisələr onların fəaliyyətsizliyini və yanıldığını ortaya qoydu. Çünki bunun dondurulmamış münaqişə olduğu bir daha məlum oldu. Bu o deməkdir ki, hər an müharibə başlaya bilər. Belə olan halda dəfələrlə qrupun formatında dəyişikliklərin edilməsi məsələsi gündəmə gəlib. Azərbaycan əvvəlcədən Türkiyənin həmsədrlikdə təmsil olunması ideyası ilə çıxış edib. Təəssüf ki, həmin məsələdə Ermənistan və Rusiya fərqli mövqedən çıxış edirlər. Xüsusilə İrəvan hər zaman ATƏT-in köhnəlmiş konsensus prinsipi ilə (Bu və ya digər məsələlərə dair tərəflərdən biri yox deyirsə, sənəd qəbul olunmur və razılaşma əldə edilmir) hədələyir və bəyan edir ki, Türkiyənin həmsədrlik ideyası aktuallaşarsa, konsensus prinsipini tətbiq edəcək”.

Parlament üzvünün sözlərinə görə, Türkiyənin həmsədr olması üçün bütün hüquqi arqumentləri də var: "İlk növbədə Türkiyə ATƏT-in 11 üzvündən biridir. Minsk Qrupunun üzvü olduğu üçün onun həmsədrlik məsələsi zaman-zaman gündəmə gəlir. Rusiyanın Ermənistanla hərbi müttəfiqlik müqaviləsi varsa, eyni təşkilatda təmsil olunurlarsa, belə olan halda Bakı ilə Ankara arasındakı məlum müttəfiqlik münasibətləri nəzərə alınmalıdır. Yəni Türkiyənin də bu formatda təmsil olunması məntiqi və əsaslıdır. Həm də balans gözlənilər. Eyni zamanda Türkiyə və Rusiya arasında pozulmuş münasibətlərin bərpasına dair yaxşı imkanlar yaranar. Onlar bir-biri ilə daha sıx təmasda olarlar. Birgə fəaliyyət göstərərlər. Bu da əlavə imkanlar yaradar ki, Ankara və Moskva arasındakı münasibətlər müsbət məcrada inkişaf etməyə başlasın”.

S.Sərkisyanın Almaniya səfərinə toxunan parlamentari qeyd edib ki, Ermənistan Minsk Qrupundan möhkəm yapışıb: "Ona görə ki, indiki format çərçivəsində status-kvonun qorunmasına nail ola bilirlər. Bu, hər kəsə bəllidir. Amma son hadisələr göstərdi ki, Minsk Qrupunun fəaliyyəti nəinki nəticə verməyib, əksinə, bir çox hallarda Ermənistanın təxribatçı hərəkətlərini şərtləndirib. Bu qrupun özü də təxribatçı addımlar atıb. Məxsusi olaraq AŞ PA-nın qış sessiyasında Ermənistanı işğalçı hesab edən qətnamənin qəbul olunmamasında Minsk Qrupunun hansı rol oynadığının şahidiyik. Mövqeyimiz ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi prosesində Ankaranın həmsədr kimi cəlb edilməsi problemin həlli ilə əlaqədar imkanları artırır və balansı formalaşdırır”.

Digər millət vəkili Adil Əliyevin fikrincə, Ermənistan heç zaman istəmir ki, Azərbaycanın mütəffiqi olan Türkiyə Minsk Qrupunun həmsədrlərindən olsun: "Separatçı ölkə bundan çox narahatdır. Türkiyənin həmsədr olması münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli deməkdir. Bu baxımdan Türkiyənin həmsədrliyə gəlməsini həmişə gündəmdə saxlamalıyıq. Münaqişənin uzun illərdir nəticəsiz qalması indiki formatın dəyişilməməsi ilə əlaqədardır”.

Ayyət Əhməd