Rusiya Ermənistanı silahlandırır

Bu addımda iki hiylə var
“Moskva, hərbi balansın yaradılmasına xidmət etməklə yanaşı, Azərbaycanı daha müasir və daha çox silah almağa təhrik edir”


Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. Kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verəcək. Müqavilənin lehinə parlamentin 98 deputatı səs verib, yalnız müxalifətin "İrs” partiyasından olan deputat Zaruhi Postanyan əleyhinə səs verib.

Müqaviləyə əsasən, 200 milyon dollarlıq kredit ancaq faiz ödəməklə üç illik müddətə veriləcək, sonrakı 10 ildə hissə-hissə qaytarılacaq. Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat xidmətinin açıqlamasında bildirilib ki, bu kredit erməni silahlı qüvvələrinin arsenalındakı müasir silahların və hərbi texnikanın assortimentini xeyli ölçüdə genişləndirəcək. İndiki məqamda Rusiyanın Ermənistana silah satışını şərh edən Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, verilən kreditin Ermənistan daxilində gedən ictimai-siyasi proseslərlə əlaqəsi var: "Ermənistan Rusiyanın orbitindədir. Düşmən ölkə Rusiyanın bir əyaləti kimi Kreml tərəfindən idarə olunur. Ona görə də Moskva zaman-zaman vasitə kimi yararlandığı ölkəyə bu cür resurslarla yardım edir. O ki, qaldı hərbi mənada Ermənistana güzəştlərin olunmasına, hamı çox yaxşı bilir ki, Ermənistana satılan silahlarla Azərbaycana satılan texnika arasında böyük fərq var. Rusiya həmişə Ermənistana güzəştli qiymətlərlə silah satır, daha doğrusu hədiyyə edir. Rusiya çalışır ki, Azərbaycanla Ermənistan arasında hərbi balans yaratsın. Çünki balans yaradılacağı təqdirdə, heç bir tərəfin qarşı tərəfə hücum etməməsi üçün müəyyən şübhələr və risklər yaranacaq. Rusiya balans yaratmaqla silahlanma prosesini öz nəzarətində saxlamağa çalışır”. Politoloq bildirib ki, son zamanlar Azərbaycanın aldığı ciddi və müasir silahlar müqabilində Rusiya Ermənistana da silahlar verməyə başlayıb: "Bu, hərbi balansın yaradılmasına xidmət etməklə yanaşı, Azərbaycanı daha müasir və daha çox silah almaq üçün təhrik edir. Əlbəttə, belə olan təqdirdə, Rusiya hər iki tərəfdən qazanır. Ancaq unutmayaq ki, Azərbaycanın aldığı silahlarla Ermənistana verilən sınıq-salxaq texnikanı müqayisə etmək absurd olar. Rusiya Ermənistana uzun müddət istifadə olunmuş köhnə silahlar verir. Sadəcə, erməni mediası və siyasətçiləri bununla bağlı süni ajiotaj yaratdılar. Guya həqiqətən Rusiya Ermənistanla Azərbaycan arasında hərbi balans yaradıb. Bu da ona xidmət edir ki, Azərbaycan ən azından yaxın zamanda Ermənistana hücum barədə düşünməsin. "İsgəndər M” raketlərinin də ermənilərə verilməsi siyasi ajiotajdan başqa bir şey deyil”.

İsmayıl