"Rusiya kriminal aləmi dövlət içində dövlətə çevrilib" - KRİMİNALİST

"Rusiyada qətllərin çoxalmasının səbəbi bu dövlətin kriminalın ən çox tüğyan etdiyi məkana çevrilməsidir".
Bunu "Sherg.az”a Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyevin güllələnməsinə münasibət bildirərkən kriminalist İlqar Altay deyib. 
Son illər Rusiyada qətlə yetirilənlərin çox olmasının səbəblərini izah edən İ.Altayın sözlərinə görə, cəmiyyət o qədər kriminallaşıb ki, hüquq mühafizə orqanları bu özbaşınalığı yığışdıra bilmir:
"Üstəlik, Rusiya inzibati, həmçinin hüquq-mühafizə sistemi, iri sahibkarlar da artıq kriminal məkanla qarışıb. Bu da o deməkdir ki, Rusiya kriminal aləmi dövlət içində dövlətə çevrilib.
İkinci tərəfdən, təəssüflər olsun ki, azərbaycanlılar Rusiyaya təhsilə, dövlət və şirkət idarələrinə ixtisas, bilgi ortaya qoyub işləməyə, çalışmağa getmirlər. Ya adi alverlə böyük pullar çıxartmağa, ya da döyüş idmanından, kriminal imkanlardan istifadə və hegemonluq, qoçuluq etməklə pul qazanmağa gedirlər. Bunun hər ikisi də kriminal aləmlə sıx kontakt deməkdir. Kriminal aləmlə əlaqə isə elə-belə vəziyyət deyil, artıq onun içində olursan. Rusiyada kriminal aləm ölkədaxili qapalı müharibə - ölüm deməkdir. Kimin nə vaxt harada vurulacağı bilinmir, müharibədəki kimi. Bu gün sən vurdun öldürdün, sabah da öldürdün, o birisi gün səni vurub öldürürlər. Necə deyərlər, qılınc qaldıran qılıncdan ölər.
Fərqi yoxdur, savaş başqa millət nümayəndəsi ilə oldu, ya öz yerlisi ilə, nəticə eynidir. Savaşın da səbəbi bəzən puldan da çox nüfuz qorumaqdır. Çünki kriminal mühitdə hegemon, qalib nüfuz elə böyük pullar deməkdir”.
Qeyd edək ki, istintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.
Hadisənin münaqişə zəminində baş verdiyi iddia edilir. Cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov axtarılır.
Aysel Aslan