Rusiya mətbuatı Qarabağ savaşında Türkiyəni “topa tutur”

Tənzilə Rüstəmxanlı: “İndiki halda Türkiyə dost və qardaş ölkə olaraq Azərbaycana sadəcə mənəvi dəstək verib”




Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olması və ümumxalq səviyyəsində həmrəylik nümayiş etdirməsi Ermənistanın havadarlarını qıcıqlandırıb. Son Qarabağ proseslərində Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən Rusiya mətbuatı Türkiyəni də "vurub”.

Erməni mənbələrinə istinada daha çox üstünlük verən Rusiya mediası Türkiyə mətbuatının cəbhədəki son hadisələrə obyektiv yanaşmadığını, rəhbərlik səviyyəsində Azərbaycanın hərbi əməliyyatlarına haqq qazandırdıqlarını iddia edib.

"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, bu iddialar da Rusiyanın hər zaman yeritdiyi siyasətin bir parçasıdır: " Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmasının, torpaqlarımızı işğal etməsinin əsas səbəbkarı rusların türklərə olan nifrətidir. Türkiyəni Azərbaycana dəstək olmaqda, Ermənistana qarşı qərəzli münasibət yeritməkdə ittiham edən Rusiya arada bir güzgüyə baxsın! Məgər, Ermənistanı üstümüzə qaldıran, Ermənistan qoşunlarını orada yerləşdirən Rusiya deyil? Türkiyə Azərbaycana qardaş ölkədir və bizimlə birgə Qarabağ ağrısını bölüşməsi təbii haldır. Bəs, Rusiyanın Silahlı Qüvvələri hansı məqsədlə Ermənistanda yerləşdirilib? Rusiya bir yandan həmsərhəd olmadığı halda Suriyaya hərbi müdaxilə edir, Türkiyənin sərhədlərini atəşə tutan qüvvələrə dəstək verir. Digər yandan da Türkiyəni Qarabağa yardımla ittiham edir. İndiki halda Türkiyə dost və qardaş ölkə olaraq Azərbaycana sadəcə mənəvi dəstək verib. Burada da təəccüblü heç nə yoxdur. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycan torpaqlarının işğalı və orada törədilən cinayətlərin ağrıları Türkiyə xalqının da ağrılarıdır. Biz Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətinin sadəcə sözdən ibarət olmadığını dəfələrlə sübut etmişik. Rusiya mətbuatı, ictimaiyyəti iqtidarlarının illərdir Ermənistana silah-sursat verməsini, yeri gələndə əsgəri yardımlar etməsini görməzdən gəlir, amma Türkiyənin daima Azərbaycanın yanındayıq bəyanatını həzm edə bilmir. Bax, onların xisləti bundan ibarətdir. Onlar arasındakı münasibətlər şovinist yaxınlaşmadan ibarətdir”.

Şəymən