“Rusiya qabağa düşmək istəyirsə, buyursun, amma...”

Qabil Hüseynli: “...Deməsinlər ki, Qarabağ problemi “məhəlli” xarakter daşıyır”


"Dağlıq Qarabağ münaqişəsi məhz Rusiyanın ucbatından qlobal problemə çevrilib”. Bunu "Şərq”ə açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

"Münaqişə qlobal, yoxsa region xarakterlidir” sualına cavab verən siyasi ekspert bildirib ki, əgər kimsə Qarabağın qlobal problem olmadığını söyləyirsə, bu, həmin şəxsin subyektiv mülahizəsidir və həqiqəti əks etdirmir: "Qarabağ münaqişəsi son dönəmlərdə əvvəlkindən daha çox qloballaşıb. Aprelin 2-5-i tarixində cəbhədə yaşanan qısamüddətli müharibədən sonra Dağlıq Qarabağ münaqişəsinin kifayət qədər qlobal olduğunun şahidi olduq. Həmçinin, ötən gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə Sammiti keçirildi. Orada 56 dövlətin xarici işlər nazirliklərindən ibarət Qarabağ üzrə kontakt komitəsi yaradıldı. Komitənin nəzdində problemlə bağlı monitorinq aparacaq işçi qrupu formalaşdırıldı. Bundan başqa son aylar ABŞ rəsmiləri və Avropa liderləri münaqişə ilə bağlı xüsusi aktivlik nümayiş etdirirlər və problemin həddindən artıq ciddi olduğunu vurğulayırlar. Almaniya kansleri Angela Merkelin də bu cür fikirləri var. Burdan görünür ki, Qərb və müsəlman ölkələri Qarabağ probleminin həllini Rusiyanın tam inhisarına buraxmaq istəmirlər. Əgər Rusiya həll prosesində qabağa düşmək istəyirsə, buyursun düşsün. Heç kim onlara etiraz etmir. Amma deməsinlər ki, Qarabağ problemi "məhəlli” xarakter daşıyır. Bu münaqişə kifayət qədər beynəlmiləldir. Fikrimcə, Rusiyanın problemlə bağlı təkbaşına sərəncam verməsi qətiyyən mümkün deyil”.

İsmayıl